Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:47

«Cırtdan eybəcər obrazdır»


Bakının mərkəzində kitab oxuma aksiyası
Bakının mərkəzində kitab oxuma aksiyası
- Vaxtilə mən uşaqlar üçün yazmaqla dolanırdım, Moskvada, burda kitablarım çıxırdı, yaxşı qonorar alırdım. İndi mən kafedra müdiriyəm, professoram, gəlirim demək olar ki, tam dövlətdəndir.

Sovet dövrünü nostalgiya ilə xatırlayan yazıçı Zahid Xəlildir. Ondan çox kitabın müəllifi olan Zahid Xəlil Azərbaycanda uşaq yazarı kimi tanınır. Danışır ki, vaxt vardı, kitabının tirajı 40 min olardı, qonorarı isə 8 min rubl. Moskvada isə kitabları çap olunanda tirajı 150 minlə çıxıb, hətta bir dəfə tiraj 2 milyona çatıbmış:

O QƏDƏR QONORAR ALMIŞDIM Kİ…

- 1986-cı ildə Moskvada mənim 4 kitabım çıxdı. Həmin il Bakıda da bir kitabım çıxdı. O qədər qonorar almışdım ki…Yüksək qonorar alırdıq, heç xərcləyib qurtara bilmirdik.

Zahid Xəlil onu da xatırlayır ki, həmin vaxt 40 min tirajla çıxan «Ballıca» kitabı bir həftəyə satılıb qurtarıb, amma indi 200-300 tirajla çıxan kitabı uzun müddət elə piştaxtalarda qalır. Qonorar almaq nədir, deyir, yazdığı əsərləri də öz vəsaiti hesabına çap etdirir:

- İndi bizdə kitab siyasəti tam formalaşmayıb. Bunun satışıyla məşğul olanlar tam mənasıyla formalaşmayıb. Çap eləyən yoxdur.

Bakının mərkəzində olan bir neçə kitab mağazasına baş çəkdik. Bir neçə il əvvəl Azərbaycanda kirill əlifbası dəyişib latın qrafikasına keçdiyindən köhnə əlifbanı tanımayan uşaqlar sözün əsl mənasında bədii ədəbiyyatsız qalmışdılarsa, indi bunu söyləmək çətindir. Satışda latın qrafikalı həm dünya, həm də klassik Azərbaycan ədəbiyyatının nümunələri var, hətta bəzi nəşriyyatlar dünya ədəbiyyatından seçmələri uşaqlar üçün yenidən işləyib çap edib.

KİTABLARIN SATILMA MÜDDƏTİ 1-2 İL ÇƏKİR

Uşaq ədəbiyyatı nəşri üzrə ixtisaslaşan «Altun» nəşriyyatının rəhbəri Rafiq İsmayılov deyir ki, güclü nəşriyyat o nəşriyyat sayılır ki, bazasında çoxlu adda kitab olsun. Amma onların hazırladıqları kitabların satılma müddəti 1-2 il çəkir. Bəzi kitablar hər iki ildən bir çap olunur, məsələn, «Heraklın 12 qoçaqlığı»nı arıtq bir neçə dəfə çap ediblər.

Rafiq İsmayılov uşaq ədəbiyyatı nəşrini rentabelli saymasa da, hesab edir ki, Azərbaycan mühiti üçün buna da şükür eləmək lazımdır:

«1 manat da artıq alıcının kitab almaq qərarına təsir göstərir»
- Satış o biri kitablara nistəbən daha yaxşıdır. İldə belə deyək 10-12 adda kitab çap olunur. Tirajlar müxtəlifdir. 1000-dən 5 minə qədər ola bilər. Yaş qrupu azaldıqca tiraj artır. Satış tərtibatdan, oxucunun zövqünü tutmaqdan asılıdır.

Rafiq İsmayılov deyir ki, onların kitabları 1-3 manat arasında (təxminən 1-4 dollar) oxucuya təklif olunur. Amma daha çox satılan kitablar da elə 1 manata olanlardı:

SATIŞ PİS DEYİL, AMMA...

- Satış belə pis deyil, amma mən özüm görürəm ki, tutaq ki, 1 manatlıq olan 12 səhifəlik kitab daha yaxşı satılır, eyni kağızda, dizaynda, amma 2 manata olan 24 səhifəlik «Altun-klassika» seriyası daha zəif satılır. Deməli, 1 manat da artıq alıcının kitab almaq qərarına təsir göstərir.

8 yaşlı Leyla da anasının yalnız 1 manata satılan kitabları ala bildiyini deyir. Hətta o, heç də bu qiymətə olan şəkilli kitabların hamısını oxumayıb. Məsələn, o, Azərbaycanda bir çoxlarının təbəssümlə xatırladığı, mahnısını zümzümə etdiyi «Tıq-tıq xanım» nağılının cizgi filminə baxıb, nağılın özünü isə oxuya bilməyib:

KİTABI İSTƏMİŞƏM, AMMA «MAMAM» ALMAYIB

- Belə oxumaq istəyirəm də, qəşəng nağıldı. Siçovulla Tıq-tıq xanım dost olur, sonra Siçan deyir ki, mən Xan evinə gedirəm yemək gətirəm, sən də evdə otur pal-paltara bax. Kitabı istəmişəm, amma «mamam» almayıb. Pulu çatmırdı.

Leylanın tibb bacısı işləyən anası Məlahət Məmmədova isə deyir ki, aldığı az maaşla qızına hər dəfə kitab ala bilmir:

TƏLƏBAT ÇOXDUR, TƏKCƏ KİTAB DƏRDİ DEYİL AXI

- Mən 90 manat maaş alıram. Birini 5 manata deyirlər, hələ ən ucuzunu. «Azərbaycan nağılları» var, 7 manatadır. Birtəhər eləyib birini almışam. Amma o balaca, şəkilli, nazik kitablardan bir-ikisini almışam. Onlar da qızın yaşına da uyğun gəlmir, böyük nağıllar istəyir məndən. Tələbat çoxdur, təkcə kitab dərdi deyil axı.

Leyla dünya uşaq ədəbiyyatının məşhur obrazları – Karlsonu, Uzuncorab Peppini, Buratinonu tanımır. Onun tanıdığı, oxuyub xəyalında canlandırdığı obrazlar Cırtdan və Məlikməmməddir.

Azərbaycan Yazıçılar Birliyinin uşaq bölməsinin rəhbəri Qəşəm Nəcəfzadə isə deyir ki, Cırtdan artıq köhnəlib və indiki uşaqları bapbalaca olsa da, meşəyə oduna gedən uşaqlara qoşulan və onları azdırıb divin qapısına aparan və sonra da divin əlindən qurtaran obrazla tərbiyə etmək olmaz:

ƏDƏBİYYATA YENİ NAĞILLAR GƏLMƏLİDİR


Qəşəm Nəcəfzadə
- Cırtdan eybəcər obrazdır. Uşaq ona bənzəmək istəməməlidir. Obraz özü də gərək sevimli olsun. Bugünkü uşağın obrazı deyil Cırtdan. Müasir dövr uşağının obrazı tülkü, şir-pələng olmamalıdır. İndi kompyuter əsridir, uşağın öz obrazı olmalıdır. Ədəbiyyata yeni nağıllar gəlməlidir.

«Altun» nəşriyyatının rəhbəri Rafiq İsmayılov da uşaq ədəbiyyatı biznesinin gəlirli sahə olmamasının bir səbəbini yerli uşaq müəlliflərinin olmamasıyla izah edir. Onun fikrincə, indiki müəlliflər oxucuların zövqünü, nə istədiyini tuta bilmir, elə bazarda ən yaxşı satılan da köhnədən məlum nağıllar, əsərlərdir. Məsələn, müəllifinə dünya şöhrəti qazandıran, hətta ABŞ prezidenti Barak Obamanın sevimli kitabına çevrilən «Harri Poter» Azərbaycanın balaca oxucusuna tanış deyil.

ÇOXLARI KİTAB OXUMAQ VƏRDİŞİNİ, MARAĞINI İTİRİB

Amma bir müddətdir uşaq ədəbiyyatı biznesinə diqqət ayıran «Təhsil» nəşriyyatının direktoru Bəhruz Axundov ümidlidir. Deyir ki, hələ qoyduqları mayanı çıxarmasalar da, ilkin hesablamalar onlara bu sahənin inkişaf edəcəyindən xəbər verir.

«Kitab Klubu»nun menecerlərindən biri Rafiq Məmmədli
isə bədii ədəbiyyatın satışında hələ də ürəkaçan vəziyyətin olmadığını söyləyir. Onun fikrincə, Azərbaycanda uşaqdan-böyüyə qədər çoxları kitab oxumaq vərdişini, marağını itirib, ona görə də kitab biznesi hələ də «iri addımlarla» inkişaf edə bilmir.

Həmçinin oxu
Ermənilər uşaqlarına klassikləri oxutdururlar
Gürcüstan - Nağıllar həyata bənzəməyə başlayır
XS
SM
MD
LG