Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:35

"Ən yeni ədəbiyyat" seriyasında kim hansı kitabı bəyənir?


Foto: "Alma" qəzeti
Foto: "Alma" qəzeti
"Alma" qəzetinin müxbiri "Ən yeni ədəbiyyat" seriyasında çap edilən son üç kitabın - təqdimat mərasimində sorğu keçirib.

Seriyada kitabı çıxan müəlliflərdən və tədbirdə iştirak edən tanınmışlardan soruşub ki, "Ən yeni ədəbiyyat" kitablarının hansını bəyənirlər.


Niyazi Mehdi: ““Yad Dildə” və “Şəhər” kitablarını almışam”

Fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi Pərvizin “Yad Dildə” və Sevinc Pərvanənin “Şəhər” kitablarını alıb:

“Bundan öncə də Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası” kitabını alıb oxumuşam.

Vaxt olduqca bu seriya ilə çıxan kitabların əksəriyyətini oxumağı planlaşdırıram.

Həm də bu cür kitablar kifayət qədər ciddi problemləri yazı ilə cəmiyyətə çatdırır.

Cəmiyyətimizin problemlərini həll eləmək üçün kitablar əvəzolunmazdır.

Bu cür tədbirlərin keçirilməsi ədəbiyyatı yaşatmaqla yanaşı, həm də xalqda kitaba olan marağı artırır”.

Günel Mövlud: “Ən Yeni Ədəbiyyat seriyasına yaraşmayan kitablar da var”

Gənc yazar Günel Mövlud şeirin ona övladdan da doğma olduğunu deyir:

“Şeirlər kitabımı yazana qədər çox enerji sərf eləmişəm.

Buna görə, “5XL” kitabı mənə doğmadır. “Ən Yeni Ədəbiyyat” seriyası ilə çıxan kitablardan birinin müəllifi olmaqla bərabər, həm də, bu seriya ilə çıxan kitabların daimi oxucusuyam.

Günel Mövlud
İndiyə qədər çapdan çıxan ən bəyəndiyim kitab, dostum Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası” kitabında yer alan “Gölə Qarğısancan” romanıdır.

Bundan başqa, Pərvizin “Yad Dildə” romanı bəyəndiyim kitablar arasındadır.

Bəyəndiyim kitablarla yanaşı, bu seriyaya layiq görmədiyim kitablar da var. Bəyənmədiyim kitabların adlarını çəkə bilmərəm, amma onu deyə bilərəm ki, bu seriyaya layiq görmədiyim kitabların arasında həm xanım yazarların, həm də əks cinsdən olan müəlliflərin kitabları var.

Həmin müəliflərin şəxsi keyfiyyətlərini bəyənsəm də, dostum olsalar da kitabları çox zəifdir və buna görə də “Ən Yeni Ədəbiyyat” silsiləsinə layiq bilmirəm.

Bu cür kitab günlərinin keçirilməsi ədəbiyyatı yaşatmaq üçün, şeiri yaşatmaq üçün vacibdir”.

Pərviz Cəbrayıl: “Günelin kitabını çox bəyənirəm”

Tədbirin qonaqlarından olan Azadlıq qəzetinin redaktoru və “Yad Dildə” kitabının müəllifi Pərviz Cəbrayıl kitabların çoxunu bəyənsə də, ən çox bəyəndiyi Günel Mövludun nəzmlə yazılmış “5XL” adlı şeir kitabıdır: ““Ən Yeni Ədəbiyyat” seriyası ilə çıxan kitabların arasında şeir kitabı bir dənədir və ustalıqla yazılıb.

Günelin kitabından başqa Nərmin Kamalın “Aç Mənəm” kitabı da bəyəndiyim kitablar arasındadır. Bu kitabın da yeni olduğunu və müəllifin gənc olduğunu nəzərə alsaq uğurlu saymaq olar”.

Şahvələd Çobanoğlu: “Ən yeni Azərbaycan qurmağa “Ən Yeni Ədəbiyyat”la başlamaq lazımdır”

Azadlıq qəzetinin köşə yazarı Şahvələd Çobanoğlunun bu kitablar haqqındakı fikirləri xüsusilə fərqlidir: “Kitabların bir çoxunu əvvəl alıb oxumuşam. Bu gün də bir çox kitabları almışam və hədiyyə ediblər.

Şahvələd Çobanoğlu
Ən Yeni Ədəbiyyat seriyası ilə çapdan çıxan kitabların hamısını oxuyandan sonra kitablar haqqında öz fikrimi yazmaq fikrindəyəm.

Hesab edirəm ki, ən yeni Azərbaycan qurmağa “Ən Yeni Ədəbiyyat”la başlamaq lazımdır. Çünki bu kitablar cəmiyyət quruculuğu işində əvəzolunmazdır”.

Nərmin Kamal: “Aqşinin və Pərvizin kitablarını daha çox bəyənirəm”

“Ən Yeni Ədəbiyyat” seriyası ilə ən son yayımlanan “Aç Mənəm” kitabının müəllifi Nərmin Kamal düşünür ki, adı çəkilən seriya ilə çıxan kitabların ən uğurlusu Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası” və Pərvizin “Yad Dildə” kitablarıdır: “Bəyənmədiyim kitablar sözünü işlədə bilmərəm, çünki bu humanist addım olmazdı.

Biz insanlara humanizm aşılamaq üçün yazırıq. Əgər mən hansısa yazar dostumuzun kitabını pisləsəm və ya bəyənmədiyimi desəm, yazdığım kitabda təbliğ etdiyim humanist dəyərləri ayaqlamış olaram”.

Firudun Allahverdi: “Kitabların hərəsindən bir dənə almışam”

Bəstəkar Firudun Allahverdi deyir ki; “Kitabların hərəsindən bir dənə almışam. Yaxın günlərdə Ankaraya gedəcəm və düşünürəm ki, Bakıya qayıdana qədər hamısını oxuyacam.

Onu da deyim ki, bu cür tədbirlərin təşkil olunması cəmiyyətin kitaba olan marağını artırmaq üçün vacibdir. Cəmiyyətimizdə kitab oxumaq vərdişi zəifdir və bu tip tədbirlərin təşkili insanlarda kitab oxumaq vərdişini yaratmağa da yardımçı olur. Kitabların arasında istedadına inandığım yazarlar çoxdur.

Ona görə də düşünürəm ki, onları sıxılmadan, darıxmadan oxuyacam”.

Qan Turalı: “Kitabların hamısını oxumuşam və Pərvizin kitabını bəyənirəm”

Azadlıq qəzetinin köşə yazarı Qan Turalı 2-3 gün öncə çapdan çıxan kitablar istisna olmaqla, bu seriyadan çıxan bütün kitabları oxuyub:. “Kitabların arasında ən bəyəndiyim qəzetçi dostum Pərvizin “Yad Dildə” kitabıdır.

Nigar Köçərli
Qəzet yoldaşım olmasaydı, yenə də elə fikirləşəcəkdim ki, kitablardan ən uğurlusu “Yad Dildə” kitabıdır. Fikrimcə, qalan kitablar da pis deyil.

“Ən Yeni Ədəbiyyat” seriyasından çıxan kitabların arasında bəyənmədiyim kitab yoxdur. Yaxın günlərdə “Ən Yeni Ədəbiyyat” seriyası ilə mənim kitabım da çapdan çıxacaq”.

Etibar Əliyev: “Kitabların çoxundan almışam və oxuyacam”

Tədbir iştirakçılarından olan təhsil eksperti Etibar Əliyev də kitabların çoxundan alıb: “Düşünürəm ki, bir aya qədər hamısını oxuyub yekunlaşdıracam. Bu kitabların hər birinin öz yeri var.

Zənnimcə, kitabın cəmiyyətə təsir gücü çox böyükdür. Təəssüflər olsun ki, ölkəmizdə kitaba, elmə, ədəbiyyata maraq azdır. Yalnız bir qrup insan var ki, kitablarla, ədəbiyyatla maraqlanır. Bu qrupu genişləndirmək üçün bu cür tədbirlərin təşkili vacibdir.

Ümid edək ki, yaxın vaxtlarda mütaliə edənlərin sayında ciddi artım olacaq və bu artım cəmiyyətin inkişafında da özünü göstərəcək”.

Hazırladı:
Tural Qurbanlı

www.almaqezeti.com

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG