Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:59

“Biz vicdan aynasını sındırmışların zamanında yaşayırıq”


- Şərif, yay tətilindən sonra başlayan yeni iş ilində yaradıcılığın nə yerdədi, yaradıcılığında “tətil” deyil ki?

- Bu saat konkter nəsə yazmıram, ancaq yaradıcılıq elə prosesdi ki, heç zaman dayanmır.

Ən azından düşünürsən, oxuduqlarından yaradıcı mənada nəsə öyrənirsən.

Bu dəqiqə ədəbiyyatımızda – xüsusən nəsrimizdə gedən prosesləri diqqətlə izləmək, münasibətləri özüm üçün təhlil etmək, daha maraqlıdır.

Nələrinsə dəyişdiyinin fərqindəyəm, ancaq nəticələr barədə danışmaq tezdir.

Kəm-kəsirlərlə zəngin olan son maraqlı nəsr nümunələri mənim yazacaqlarım, yazmağa başladıqlarım üçün bir növ stimuldur.

– Nədi sənin yazmaq, ortaya çıxartmaq, fikirlərini tam ifadə etmək istədiyin mətn?

– Mən ədəbiyyatda böyük məsələlərin adamıyam. Gətirmək istədiyim mətləb qoca Santyaqonun nəhəng balığına bənzəyir, onu tutub sahilə sürüməmiş, heç kimə, heç nəyi başa sala bilmərəm.

- Söhbətlərimizin birində dedin ki, nasir bir az ehtiyatlı olmalıdı. Səncə, risk eləmək qorxulu bir şeydir?

- Ehtiyatsız risk ağılsızlıq olmasın? Hətta icazə ver fikrimi inkişaf etdirim: nasir son dərəcə ehtiyatlı olmalı, nə yazdığını, necə yazdığını, hətta ən epizodik obrazların belə adını niyə elə qoyduğunu dəqiq, həm də çox dəqiq bilməlidir.

Əks halda, o, ciddi müəllif olmayacaq.

Biz istilahları qarışdırmamalıyıq. Cəsarət sözü yaradıcılıqda bəlkə də onuncu dərəcəli məsələdir.

Kəndimiz doludu cəsraətli, həm də çox cəsarətli adamlarla…

Bundan mənə nə! Sözü bilmək lazım, sözün məsuliyyətini anlamaq lazım!

Mən müəllimlik etmək istəmirəm, ancaq vəziyyət elədir ki, bunları deməyə məcburam.

Sənə əminliklə deyirəm, son 10 ildə beşcə səhifə rahat oxuduğum bir ədəbi mətnlə qarşılaşmamışam.

Gəlin bir nəfəri jek müdirinin yanına göndərək və o, özü üçün arayış alsın. Səncə, neçə nəfər bu sütuasiyanı yarada, dialoqları inandırıcı şəkildə qura bilər!

Məni ittiham etməyə tələsməyin, ortaq nöqtələrimiz var: lütfən “Qar” romanında əyalətdən gələn terroristlə Universitet müəlliminin lokanta söhbətini xatırlayın…

Pamuk təkcə ona görə maraqlı deyil ki, hoqqabazların sevdiyi oyunları asanlıqla qura bilir.

Əslində onun yazıçı olaraq əvəzsilyinin səbəbi şəxsi münasibətindən asılı olmayaraq yazdığı məsələlərə olduqca ehtiyatla yanaşması, onları dərindən öyrənməsi və öz dilini bütün bunları heyrətamiz dərəcədə gözəl ifadə edəcək səviyyədə bilməsidir.

Əlifbanı öyrənmək gərəkdir, deyirəm, saiti samitdən ayıra bilməyənlər Avropa nəsrini imitasiya etməkdən danışırlar.

Yazıçı kəşfiyyatçı deyil ki, risk etsin. Yazıçının riski də, cəsarəti də, inqilabı da illüziyadır.

O, sadəcə söz ustasıdır, yaşadıqlarını, eşitdiklərini, gördüklərini, bildiklərini bədii sözə, bədii mətnə çevirən birisidir. Söz ustası olmaq üçün isə nəyi bilmək lazımdır? Əlbəttə ki, sözü!

- Qorxmursan ki, axırda Mehdi Bəyazidin gününə düşəsən?

- Bu sualından gördüm ki, nə Mehdi Bəyazidi yaxşı tanıyırsan, nə də məni.

Mehdi məhz sözü bilən adam idi. Görünür onun sükutu ilə bizim qışqırıqlarımız arasıındakı fərqin böyüklüyünü anlamaq üçün həm də yaş təcrübəsi lazımdır.

Amma mən Mehdini anlayanda, hətta onun arıq, sədəfləri papiros tüstüsündən saralmış əllərini öpməyə hazır olanda səndən cavan idim.

Mənim nəsə yazmamağım qorxulu deyil. Əslində sükutdan yox, bayquş səslərindən və nadan cəfəngiyyatından qorxmaq gərək. Xalqımız bu səslərə çox həssasdır!

- Niyə nəsrimizdə insanımızın içi çox az gözə çarpır? Bu yazarlarımızın zəifliyindən, yoxsa insanımızın içinin olmamasından asılıdı?

- Çağdaş nəsr, hətta şeir daha çox insanın çölü ilə məşğuldur. Bu böyük estetik inqilabların nəticəsi kimi gəlib bizə də çıxıb.

Konkret sualına gəlsək, mən belə düşünmürəm. Məsələn, İsa Hüseynovun “İdeal”ında nə qədər lazımdı iç tapa bilərsən…

Psixologiya, xarakter… Eləcə də povestlərində. Nəsrimiz haqda pessimist danışmaq lazım deyil. Bircə 20-ci əsrə baxın görün kimlər var…

Əraziyə və əhali sayına görə heç də az deyil. Mirzə Cəlil, İsa Hüseynov ispan və ya ingilis olsaydı, bütün dünya tanıyacaqdı onları…

Markes azərbaycanlı olsaydı, heç ondan Rüstəm İbrahimbəyov da çıxmazdı, inanın mənə… Şərait, mühit çox önəmlidir.

– Sən şərait, mühit deyəndə konkret nəyi və ya nələri nəzərdə tutursan? Yəni sənin Orxan Pamuk, Markes olmağın üçün hansı şərait, mühit lazımdı?


– Kimsə olmaq istəyim yoxdur və kimsə olmağın gərəksizliyini anlayacaq qədər məlumatlıyam.

Mühit deyəndə, İsanın toxum məsələsini nəzərdə tuturam. Bir ovuc buğdanı küllüyə də atmaq olar, şumluğa da! Azərbaycanda böyük ədəbiyyatın yaranması üçün şərait yoxdur.

Bununçün ən vacib şərtlərdən biri, təkrar etməyə məcburam, yazarın öz mətnlərindən qazanc götürməsi və vaxtının az bir hissəsini deyil, bütün ömrünü yazmağa, oxumağa həsr etməsidir.

- Balzak deyir: “Həqiqətə arxa çevirən bir gənc vicdan aynasında öz üzünə baxa bilməz”. Bəs sənin həqiqətə arxa çevirdiyin, ya da çevirmək zorunda qaldığın anlar olubmu?

- “Həqiqətə arxa çevirmək”, “vicdan aynası”, axırda da adamı əbləh yerinə qoyan bir hökm – baxa bilməz!

Bu cür peyğəmbəranə ibarələr indi gülüş hədəfidir. Hitler də deyirdi mən insanları vicdan adlı bəladan xilas etmək istəyirəm.

Həqiqət nədir axı? Sən onu bilirsən ki, iki dalaşan adamın hərəsinin öz məntiqi və həqiqəti olur? Həqiqət kifayət qədər nisbi anlayışdı.

Biz yalnız inandığımız həqiqətlərdən danışa bilərik. Özü də, bütün cümlələrin qarşısında “məncə” ifadəsini işlətmək şərti ilə…

İnandığım heç bir böyük həqiqətə arxa çevirməmişəm, xırda səhvlərim, günahlarım çox olub amma…

– Məncə, həqiqət heç də gözlə görünən reallıqlardan ibarət deyil. Adama elə gəlir ki, sən gözlə görünən reallıqlarda daha çox həqiqət axtarırsan, ya da heç həqiqət axtarmırsan. Onda nədi sənin yaşamının, yazıb-yaratmağının anlamı?

– Deməyimə baxma, elə fikirlər var ki, qarşısında məncə sözünü işlətməmək olar.

Əlbəttə ki, həqiqət təkcə gözlə görünən deyil. Hətta daha dərin düşünsək, gözlə görünən həqiqətin imitasiyası, Platon dediyi kimi, kölgəsidir.

Əksinə mən səni yalnız görünən həqiqətlərə aldanmamağa, onun nisbi, mürəkkəb, mübahisəli anlayış olduğunu anlamağa səsləyirəm.

İnsanın bu dünyadakı əzəli-əbədi işi həqiqəti axtarmaqdır. Eləcə də mənim… Dülgər də həqiqət axtarır.

Onun həqiqəti simmetriyadadır. Mənim isə ən böyük həqiqətim, bu dünyada adına həqiqət dediyimiz nəsnələrin şərti olmasıdır. Məsələn, götürək rus-çeçən müharibəsini…

Çeçenlərin azad olmaq həqiqəti var, rusların ərazi bütövlüyünü qorumaq haqqı.

Heç biri dönmək istəmir, qan tökülür, adam ölür. İstənilən insan öz yaşamaq haqqı ilə hər iki tərəfi inkar edir. Dünyadakı bütün ziddiyyətlər, mübahisələr kiminsə özgənin həqiqətini öz arşını ilə ölçmək cəhdindən başlayır.

Ona görə dünyanın ədəbi başbilənləri müəllifin mətndən qəmişini çəkməsinin tərəfdarıdır.

Müəllif ölüb, a yoldaş, hələ eşitməmisən? Niyə ölüb bu binəva müəllif? Çünki mütləq heç nə yoxdu dünyada və müəllif yanında sabit dayanmaq üçün bir həqiqət tapmır.

Ona görə təsvir etdiyi hadisələrə münasibət bildirmir, döyülmüş it kimi çəkilib kənarda yalmanır.

- Bir dəfə dedin ki, Qarabağ məsələsi bitməlidir. Yəni artıq bunu unutmalıyıq. Bir Qarabağlı kimi doğrudan belə düşünürsən? Bəs bunun üçün əsasın nədi?

- Unutmalıyıq deməmişəm, demişəm ki, Qarabağ problemi həll olunmayacaq və biz 20 il yaşadığımız kimi indən belə 20 il də bu problemlə yaşaya bilərik. Məncə, elə həmin müsahibədə açıqlamasını vermişdim…

Dünyada elə problemlər var ki, sadəcə həlli mümkün deyil. Məsələn Fələstin… Burada bizdən qat-qat ağıllı, bizdən qat-qat güclü ölkələrin maraqları toqquşur.

Bu ölkələr sadəlövh Balzakdan fərqli olaraq “vicdan aynası” kimi sentimental ifadələr işlətmirlər. Maraqlar timsah kimi irəliləyir və bu irəliləyişə heç nə mane ola bilməz.

Kütləvi qırğınlar, fəlakətlər, aclıq, epidemiya, heç nə… Hətta nədənsə Tanrı da qarışmır bu islərə… Biz vicdan aynasını sındırmışların zamanında yaşayırıq.

Balzak kimi sentimental yazıçılara qulaq assaq, dalımıza vedrə bağlayarlar. Məncə gülməkdən başqa əlac yoxdur.

Ancaq bu gülüşü dərin məna və ictimai məzmunla korlamamalı…

Eləcə absurd, mücərrəd bir gülüş!

– Deyirsən: “Biz vicdan aynasını sındırmışların zamanında yaşayırıq”. Əgər sən belə bir zamanda yaşayırsansa buna yazıq Balzak neyləsin? Həm də görürəm ki, Balzakın “vicdan aynası” söhbəti səni yaman qıcıqlandırır. Niyə, Şərif? Doğrudanmı hər şey bu qədər adi və sadədi?

– Mən əminəm ki, biz maraqsız sözhbət etmədik. Amma ona da əminəm ki, biri-birimizi başa düşmədik.

Neynək, qoy bu da olsun hərəmizin öz həqiqəti… Hər halda hərəmizi bir-iki nəfər başa düşəcək. Söhbət məhz “vicdan aynası” ifadəsindən getmir.

Əgər mənim kimi bir usta oxucuyla zarafat etmək istəyirsizsə, deyə bilərəm ki, mənim vicdan problemim yoxdur, hər şey qaydasındadır.

Hələ də Fellininin “Kabiriyanın gecələri” və ya Yılmaz Güneyin “Yol” filminə baxanda gözlərim dolur, uşaqların qəfil yıxıldığını görəndə yerimdən atlanıram, atası kasıb olan qız uşaqlarının üzünə baxa bilmirəm və s.

Söhbət ondan gedir ki, bu cür gəlişigözəl mücərrəd ibarələrlə papağı günə yandırmaq olmaz.

Ümidvaram ki, sən “Vicdan aynası” adlı bir kitab, şeir, roman görsən, gülüb keçərsən. Bu ifadələr indi ironiya hədəfidir dedim axı…

Bəşəriyyəti kiminsə vicdanına tapşırmaq salaklıq deyilmi səncə? Təsəvvür elə, İrakı, Əfqanıstanı Buşun, Qarabağı Putinin vicdanına tapşırırıq…

Balazakın günahı odur ki, zaman onun üzərindən keçib-gedib. Sən onun öz dövrü üçün keçərli olan obrazlı bir ifadəsini sürüyə-sürüyə gətirib söhbətimizin içərisinə atanda, təbii, qıcıqlandıracaq məni.

İstənilən ibrətamiz ifadə mənə doğrudan boşboğazlıq kimi görünür.

Bunun əvəzinə məsələn, “dünyanı gözəllik xilas edəcək” ifadəsi də ola bilərdi…

Gəlsənə daha maraqlı bir təkilif edim sənə: heç kimə inanmayaq – nə Buşa, nə Balzaka… Ən azı şübhə ilə yanaşaq. Özümüzə inanaq. Öz içimizdəki həqiqətə və bunu kiməsə zorla yedizdirməyə cəhd etməyək. Çünki bilən adamlar dəqiq bilmədiklərinə əmin olanlardır.

Söhbətləşdi: Əsəd Qaraqaplan
www.kultaz.com

Həmçinin oxu
Şərif Ağayar "KƏRPİCKƏSƏN KİŞİNİN DASTANI" (Povest)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG