Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:44

«Azərbaycan futbolu bataqlıq içindədir»


Çingiz İsmayılov və Vaqif Sadıqov
Çingiz İsmayılov və Vaqif Sadıqov
Azərbaycanın futbol üzrə yığma komandası Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda Almaniya yığmasına 6:1 hesabı ilə məğlub oldu. Tanınmış mütəxəssislər Çingiz İsmayılov və Vaqif Sadıqov həm bu oyunu, həm də bütünlükdə Azərbaycan futbolunu dəyərləndirirlər.

ÇİNGİZ İSMAYILOV:

«İndi tez-tez futbolun inkişafından danışırlar. Ancaq mən bu inkişafı görmürəm. Futbolun inkişafı üçün ilk növbədə uşaq futboluna qayğı göstərilməlidir. Ukraynada olduğu kimi məktəblərdə futbol tədris olunmalıdır. Yaşayış massivlərinin arasında stadionlar inşa edilməlidir. Berti Foqtsa 3 milyon maaş verməkdənsə, bu işlərə diqqət yetirilməlidir. Bir sözlə futbol kütləviləşdirilməlidir. Üstəlik, Azərbaycan futbolu keyfiyyətsiz əcnəbilərdən təmizlənməlidir. Legionerlərə ciddi limit qoyulmalıdır. Məncə, bu limit 5-dən yüksək olmamalıdır və həmin oyunçular öz ölkələrinin yığmalarında təmsil olunmalıdırlar. Kimsə keyfiyyətsiz legionerləri Azərbaycana gətirməkdə qazanc güdürsə, onlar futbol adamı deyillər, fırıldaqçıdırlar»

VAQİF SADIQOV:

«Bir 6:1-lik məğlubiyyətə görə Azərbaycan futbolu haqda qərar vermək olmaz. Bu məsələlərə piramida şəklində baxmaq lazımdır. Dövlətin futbola böyük qayğısı var. Stadionlar inşa edilir, yeni-yeni futbol infrastrukturları yaradılır. Yığma komandanın özündə də milliləşmə, gəncləşmə siyasəti aparılır. Bu gec-tez uğur gətirməlidir. Tanınmış mütəxəssis Bobbi Robson deyir ki, futbolda uğura nail olmaq bir neçə amildən asılıdır. Onun fikrincə, bu, ilk növbə futbolun ölkədəki yerindən və mövqeyindən asılıdır. Azərbaycanda futbol bir nömrəli idman növüdür. Dediyim kimi, futbola böyük dövlət dəstəyi var. İkinci məsələ isə ənənədir. Bizdə futbol ənənəsinin olub-olmaması bir qədər mübahisəli məsələdir. SSRİ çempionatında cəmi bir dəfə - 1966-cı ildə bürünc medal qazanmışıq. Üçüncü mühüm məsələ isə təşkilatı işlərdir, bu məsələlərdə də inkişaf var. Sonda ən vacib məsələ isə səviyyəli futbolçuların yetişdirilməsidir. Gəlin, özümüz-özümüzdən soruşaq: Azərbaycanda peşəkar, səviyyəli futbolçular kifayət qədərdirmi?»

XS
SM
MD
LG