Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:18
30-cu illərin qəzetlərində tez-tez molla fırıldaqları əleyhinə yazılara rast gəlmək olar. Belə məqalələrdən biri də 27 noyabr 1937-ci ildə «Gənc işçi» qəzetində yer alır. «Din əleyhinə propaqanda zəif olan yerdə» adlanan məqalənin müəllifi Musa Aslanlı Tovuz kəndlərində molla fırıldaqçılığı barədə yazıb.

«Tovuz rayonunun Böyük Qışlax və Şamlıx kənd sovetlərində mollalar yenə də xalqı aldatmaqda davam edir. Ermənistan SSR-dən qaçaraq Böyük Qışlax sovetinin Ağamalı oğlu adına sovxozuna soxulan Mirmahmud «kəbin» kəsməklə, dua yazmaqla və antisovet agitasiya aparmaqla məşğuldur. Şamlıx sovetinin Şərifli kənd sakini molla kərbəlayi Hümbət Həsən oğlu adını «kolxozçu» qoyub bir gün də olsun işləmir.

NEHRƏ DUASININ NƏTİCƏSİ

Həvva Rzaqulu qızı və Sədəf qarı nəhrə qurduxda kərbəlayi Hümbət onlara yaxınlaşaraq «mən bu saat sizin nehrənizin yağa düşməsi üçün nəhrə duası yazaram» deyə onları aldatmış və «zəhmət» haqqı olaraq onlardan yağ almışdır. Hümbət özünün antisovet, antisanitar propaqandası ilə kolxozçuları tibbi məntəqədən uzaqlaşdırır.

Aşağı Ayıblı kəndində din xadimləri daha çox fırıldaqlarla məşğuldurlar. Həmin kənddə din xadimlərindən Mirzəabas özünü əhaliyə «həkim» deyə tanıtmışdır. O, bu yaxınlarda kolxozçu Həsən Alı oğlunun 8 yaşlı xəstə uşağını «sağaltmağı» öz öhdəsinə götürmüşdür. Həsən bunun hiyləsinə uyaraq uşağını həkimə aparmamış və müalicəsiz qoymuşdur. Nəticədə uşaq bu il sentyabrın 4-də ölmüşdür.

Alçax, əclaf və qan sorucu molla Mirzəabasların «həkim»liyinin bundan artıq nəticəsi olmaz. Onlar əməkçiləri həmişə avam saxlamaq və beləliklə də öz cinayətkar hərəkətlərini davam etdirmək istəyirlər.

«SİNFİ DÜŞMƏNLƏRİN AGENTLƏRİ MOLLALAR»


Tovuz rayon təşkilatları bu vaxtadək sinfi düşmənlərin və onların agentləri - mollaların fırıldaqlarını xalqa izah etməmişlər. Buna görə də onlar əllərindən gələni edirlər. Dinə qarşı mübarizəni ikinci dərəcəli iş hesab etmək olmaz. Tovuz rayon komsomol komiteti bu işdə öz səhlənkarlığına bir dəfəlik son qoymalıdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG