Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:36

Lerik, Lənkəran və Astarada sel: onlarla ailə evakuasiya olunub


Leysan yağışları cənub bölgəsində problemlər yaradıb

Leysan yağışları cənub bölgəsində problemlər yaradıb

Sentyabrın 9-dan başlayaraq Azərbaycanın cənub bölgəsində yağan leysan yağışları bir sıra problemlər yaradıb.

Dağlıq Lerik rayonunda intensiv yağışlar çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub. Talış dağlarından qopan daş və qaya parçaları Lənkəran-Lerik avtomobil yolunu bağlayıb. Səhər saatlarında ağır texnikanın köməyi ilə bu yolda avtomobillərin hərəkəti bərpa olunub.

Qonşu Lənkəran və Astara rayonlarındakı çaylar da öz məcrasından çıxaraq ətraf kənd və qəsəbələrin əhalisi üçün ciddi təhlükə yaradıb. Sentyabrın 10-u axşam Lənkəran çayında suyun səviyyəsi 3 metrədək qalxıb. Sel suları altında qalan kəndlərdən 100-ə yaxın ailə müvəqqəti olaraq qohumlarının evlərinə köçürülüb. Əhalinin mal-qarası da ərazidən çıxarılıb.

Lənkəran şəhərinin Cavanşir və Vidadi küçələrindəki evlərdə də sel həyəcanı yaşanıb, bu ünvanlardan 20-yə yaxın ailə qohumlarının evinə köçürülüb. Ümumilikdə isə Lənkəran rayonunun Kosalar, Velədi, Yuxarı Nüvədi, Əşlə, Siyobili, Rvo və Təngərüd kəndlərində onlarla yaşayış evini su basıb.

Yuxarı Nüvədi kənd sakini Rəvayət Bayramova odun toplayarkən sel onu aparıb. FHN-in sulardan xilasetmə qrupunun əməkdaşları onu xilas ediblər.

Leysan yağışları qonşu Astara rayonunda da dağ çaylarında suyun səviyyəsini kəskin artırıb. Astara və Pensər çaylarında suyun səviyyəsi qalxıb, rayonun Rudəkənar kəndində onlarla evə su dolub, həmçinin sel dağ yollarında maşın-mexanizmin hərəkətini qismən məhdudlaşdırıb. / APA /

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG