Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:47
Bu günlərdə Lent.az saytında yerləşdirilmiş bir yazı diqqətimi cəlb etdi. Yazıda bildirilir ki, Üzeyirşünas-tədqiqatçı Səadət Qarabağlı “Molla Nəsrəddin” dərgisində Üzeyir Hacıbəyovun daha bir felyetonunu aşkarlayıb. (S.Qarabağlı həmin yazını Azadlıq Radiosuna da göndərib- Oxu zalı)

Bu, sözügedən jurnalın 7 noyabr 1927-ci il tarixli 45-ci sayında çap olunmuş “On il” felyetonudur...

Əslində haqqında bəhs olunan felyetonun müəllifi 1912-ci ildən mətbuata gələn, irəvanlı müxbir, yazıçı-publisist, “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələrindən biri olan Məmmədəli Nasir Hacı Məhəmmədzadə İrəvanidir.

Və burada onu da qeyd etməyi vacib bilirik ki, M.Nasir adı çəkilən jurnalda dərc olunmuş “Səmərələşdirmə” (1927, N35), “Bibiheybət məktubları” (1927, N38), “On il” (1927, N45), “8 Mart, yaxud arvad bayramı” (1928, N9) felyetonlarını məhz Mirzə Cəlilin sifarişi ilə yazıb (Bax: Şəfəq Nasir. “Azərbaycan” qəzeti, 29 mart 2006).

Təvazökarlıqdan kənar səslənməsin, bu sətirlərin müəllifi uzun illər XX əsrin əvvəllərində Bakıda, İrəvanda və Tiflisdə dərc olunmuş bir sıra dövri mətbuatda (“Sədayi-həqq”, “İqbal”, “Molla Nəsrəddin”, “Lək-lək”, “ “Məzəli”, “Tuti”, “İqdam”, “Dirilik” “Sovqat”, Açıq söz”, “Zənbur”, “”Məşəl , “Şeypur”, “Yoldaş” “Qırmızı Gəncə”, “Azərbaycan füqərası”, “Zəhmət sədası” və s.) Məmmədəli Nasirin ədəbi mühiti, həyat və yaradıcılığı ətrafında ciddi araşdırmalar aparmışdır.

Nəticədə bir çox gizli imzaları (“Qarınqulu bəy”, “Şeytan”, “Zaqatalalı”, “Fil-fil”, “Azərbaycanlı” “Görən” və s.) ilə yanaşı onun “Bir nəfər” imzası ilə qələmə aldığı yazılarını da aşkara çıxartmışdır. Araşdırmalar zamanı məlum olmuşdur ki, “Molla Nəsrəddin” jurnalında 1923-cü ildən nəşrin sonunadək “Bir nəfər” imzası ilə dərc olunmuş felyeton, məzhəki xəbər, elanların müəllifi Məmmədəli Nasirdir. (Yeri gəlmişkən, görkəmli tədqiqatçı-jurnalist Qulam Məmmədli də özünün “İmzalar” kitabında “Molla Nəsrəddin”də “Bir nəfər”in Məmmədəli Nasir Hacı Məhəmmədzadəyə məxsus olduğunu qeyd etmişdir. (Bax: Qulam Məmmədli. İmzalar. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı. 1977, səh: 27).

Biz bu araşdırmaların nəticəsi olaraq vaxtaşırı elmi-publisistik məqalələrlə (“Məmmədəli Nasirin “Molla Nəsrəddin” jurnalı ilə ədəbi əlaqəsi”, “Məmmədəli Nasirin publisistikasında qadın azadlığına münasibət”, “Molla Nəsrəddin”in yazarlarından biri”, “Molla Nəsrəddin”in yazarlarından Məmmədəli Nasir Hacı Məhəmmədzadə”) “Azərbaycan” (q), “Xalq qəzeti”, AMEA-nın “Filologiya məsələləri”ində çıxışlar etmişik.

Hörmətli S.Qarabağlıya da məlumdur ki, o dövrdə bir gizli imza ilə bir neçə müəllif, bir müəllif isə bir neçə gizli imza ilə mətbuatda çıxışlar etmişdir.

Bu halların ikisi də M.Nasirin jurnalistika yaradıcılığında öz əksini tapmışdır.

Apardığımız araşdırmalardan aydın olmuşdur ki, o zaman dövri mətbuatda “Bir nəfər” imzası ilə Üzeyir Hacıbəyov, Əkbər Əliyev və Məmmədəli Nasirin (hələ şəxsiyyəti araşdırılmamış neçə müəllifin) məqalə və felyetonları dərc olunmuşdur.

Bu baxımdan biz 1912-ci ildən başlayaraq “İqbal”, “Yeni İqbal”, “Sədayi-həqq”, “Azərbaycan” və başqa mətbuat orqanlarında “Bir nəfər”lə dərc olunmuş yazıları M.Nasirə aid etməmişik.

Çünki bu yazıların əksəriyyətində publisist Ü.Hacıbəyovun ruhu, dəst-xətti aydın görünür.

Ömrünün 60 ildən çoxunu Azərbaycan mətbuatının yaranması və inkişafına həsr edən yazıçı-publisist, dramaturq M.Nasirin gizli imzalarını tədqiq edərkən həmin yazıları dil və üslub cəhətdən öyrənilmiş, həyatından bizə məlum olan faktların açıq imzası ilə dərc etdirdiyi məqalələrində aşkar olunmuş, nəhayət, vaxtilə müəllifin özü ilə söhbətlərimizdən bütün bunlara aydınlıq gətirilmişdir.

Son olaraq qeyd etmək istərdik ki, Məmmədəli Nasirin həyat və yaradıcılığı ilə bağlı monoqrafiya və yazıçının “Seçilmiş əsərləri” çapa hazırlanır.

Bir çox əsərləri kimi M.Nasirin “On il” felyetonu da monoqrafiyada təhlil olunmuş, “Seçilmiş əsərləri”nə daxil edilmişdir.

Şəfəq Nasir
Mənbə: Lent.az

Günün bütün mövzuları

XS
SM
MD
LG