Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:23

Seçkidən-seçkiyə artımlar...


Müavinətlər, pensiya və əmək haqları bu şəkildə deyil, yeni mexanizmlər qurmaqla tənzimlənməlidir
Müavinətlər, pensiya və əmək haqları bu şəkildə deyil, yeni mexanizmlər qurmaqla tənzimlənməlidir
«Seçki ilindən seçki ilinə müavinətləri bu şəkildə artırmaq sosial siyasətlə bir araya sığan addımlar deyil».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında İqtisadi Təşəbbüslərə Yardım İctimai birliyinin sədr müavini Rövşən Ağayev deyib. İqtisadçı ekspertin sözlərinə görə müavinətlər, pensiya və əmək haqları bu şəkildə deyil, yeni mexanizmlər qurmaqla tənzimlənməlidir. Bunun üçünsə sosial doktrina hazırlamaq məqsəd uyğun olardı.

FUNDAMENTAL SOSİAL DOKTRİNA OLMALIDIR


«Mən hesab edirəm ki, seçki illərindən seçki ilinə 3 ildə, 5 ildə insanları bu şəkildə yada salmaq, pərakəndə şəkildə bir dəfə hansısa təbəqənin müavinətini 5 manat artırmaq, kiminsə əmək haqqını bir dəfə 10 manat artırmaq bu sistemli sosial siyasətlə bir araya sığan addımlar deyil. Mənim yanaşmam odur ki, ümumiyyətlə hökumətin çox ciddi şəkildə, fundamental şəkildə işlənmiş bir sosial doktrinası olmalıdır. Sosial doktrinada hökumət sosial müdafiə sistemini necə görür? İndiki dövr üçün, orta müddətli dövr üçün, uzun müddətli dövr üçün. Və insanların yüksək sosial müdafiəsini, davamlı dayanıqlı sosial müdafiəsini, normal yaşamağa imkan verən vəziyyəti təmin etmək üçün hökumət necə mexanizmlər qurmalıdır? Bu sualın ətrafında biz müzakirələr aparmalıyıq».

Rövşən Ağayev
Rövşən Ağayevin fikrincə, bu sistem qurularsa, Azərbaycanda insanlar ləyaqətli əmək haqqı ala bilərlər və inflyasiya baş verdikcə əmək haqları da avtomatik artacaq:

«Bu sistem qurulanda ona imkan verəcək ki, insanlar ədalətli, ləyaqətli əmək haqqı ala bilirlər. O ləyaqətli əmək haqqı müəyyənləşəndən sonra avtomatik mexanizm olaraq, fərdlərdən asılı vəziyyətdə yox, kiminsə səxavət kisəsinin ağzı açılacaq, filan təbəqə maaş alacaq deyə yox, sadəcə o sistem işləyir, insanların əməklərinin mürəkkəbliyinə görə əmək haqqı alır və indeksasiya mexanizmi işləyir, inflyasiya baş verdikcə də həmin avtomatik indeksasiya mexanizmi olaraq o əmək haqqı artır».

İqtisadçı ekspert deyir ki, Azərbaycanda hazırkı vahid tarif sistemindən imtina olunmalı və yeni tarif sistemi işlənməlidir.

«Necə olur ki, Azərbaycanda məmur təbəqəsinin əmək haqqı 800 manat, 1000 manat, 1200 manatla ölçülə bilir, amma Azərbaycanda müəllimlər ən yaxşı halda 200-250 manat alanda sevinirlər. Yəni orta aylıq əmək haqının təhsil sistemində 200 manatdan yuxarı olmasına sevinmirəm. Bu islahatlar ilk növbədə ədalətli, ləyaqətli əmək haqqı almağa yönəlməlidir. Onun məbləği elə əsaslandırılmalıdır ki, bunun üçün bugünkü vahid tarif cədvəlindən mütləq imtina olmalıdır.
Əli Məsimli
Azərbaycanda yeni tarif sisteminin işlənməsinə ehtiyac var».

İNSAN NAŞÜKÜRLÜK ETMƏMƏLİDİR

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, deputat Əli Məsimli isə son artımları müsbət qiymətləndirir. Deputatın fikrincə, bunu statistik götürmək lazım deyil.

«Əmək haqlarını pensiyanın artmasını müsbət qiymətləndirmək lazımdır. Amma onu statistik götürmək yox, onu dinamik davam etdirməyin mən tərəfdarıyam. Ona görə ki, Azərbaycanda minimum əmək haqqı artsa da, hələlik hökumətin özünün müəyyənləşdirdiyi yaşayış minimumu səviyyəsinə çatmayıb. Əmək haqqının minimum həddi yaşayış minimumunu ötməlidir ki, bu sözün həqiqi mənasında ölkədə olan yoxsulluğun aradan qaldırılmasında etibarlı bir mexanizmə çevrilsin».

Deputat Eldar İbrahimov isə bütün bu proseslərə optimist yanaşmanın tərəfdarıdır. O, bu artımlardan narazı qalanları naşükür olmamağa səsləyib.

«İnsan naşükür olmamalıdır. Ölkəmiz iqtisadi cəhətdən güclənir, bu gün 50 manat, 100 manat alırlarsa, sabah yəni gələcəkdə bunlar 200 manat ala bilərlər. Yəni bunlar həyatın səviyyəsinin yaxşılaşması ilə, iqtisadi qüvvəmizin artması ilə paralel olaraq qalxır. İndi kimsə naşükürlük edirsə, mən onu deyə bilmərəm».

XS
SM
MD
LG