Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:34

Rahib “Quran”ı yandırmaqda israr edir


Rahib Terri Cons 11 sentyabrı "Beynəlxalq "Quran" yandırma günü elan edir, 8 sentyabr 2010
Rahib Terri Cons 11 sentyabrı "Beynəlxalq "Quran" yandırma günü elan edir, 8 sentyabr 2010
SİYASİ LİDERLƏR “QURAN”I YANDIRMAQ FİKRİNDƏN NARAHATDIR

ABŞ prezidenti Barak Obama Florida ştatındakı kiçik xristian dini icmasını İslamın müqəddəs kitabı “Quran”ın surətini yandırmaq planlarından əl çəkməyə çağırıb. ABC telekanalına müsahibəsində Barak Obama sentyabrın 9-da bildirib ki, bu, pozucu və təhlükəli fikirdir. Prezident hesab edir ki, planın həyata keçirilməsindən terrorçu əl-Kaidə təşkilatı öz xeyrinə istifadə edə bilər.

ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı xəbərdarlıq edib ki, “Quran”ın yandırılması amerika əsgərlərinə qarşı basqınların artmasına səbəb ola bilər.
Dövlət Katibi Hillari Klinton da sentyabrın 8-də çıxışında bunu ağılsızlıq adlandıraraq deyib:
Dövlət KAtibi Hillari Klinton


- Təəssüf ki, Floridadakı kilsə və 50 nəfərlik dini qrup belə çirkin, biabırçı hərəkətlə dünyanın diqqətini özünə çəkmək istəyir. Bu cür hərəkət heç bir halda ABŞ-ın, amerikalıların, ABŞ hökumətinin, onun dini və ya siyasi liderlərinin fikirlərini əks etdirə bilməz.

ABŞ liderləri islamın müqəddəs kitabını yandırmaq niyyətinin amerikalılara qarşı zorakılıqları artıracağını, ABŞ-ın Əfqanıstanda və başqa yerlərdə terrorçuluqla mübarizəsini zəiflədə biləcəyini deyirlər.

Britaniyanın keçmiş baş naziri Tony Blair də məsələyə qarışaraq deyib ki, “Quran”ı yandırmaqdansa, adamları onu oxumağa sövq etmək lazımdır.

RAHİB MÜQƏDDƏS KİTABI NİYƏ YANDIRIR?

“Quran”ı yandırmaq istəyən qrup bunu ABŞ-a 11 sentyabr 2001-ci il hücumun ildönümündə etiraz aksiyası kimi düşündüyünü, bununla islamın zorakı din olmasına diqqət çəkmək istədiyini bildirir. Bu qrupun kilsəsinin rahibi Terri Cons bildirir ki, hər tərəfdən müraciətlər olsa da hələlik “Quran”ın 200 surətini yandırmaq planlarını dəyişmək fikrində deyillər:

Rahib Terri Cons

- Gözlənildiyi kimi biz bu tədbirimizi təxirə salmağımız üçün çoxlu təzyiqlərə məruz qalırıq. Amma hələlik onu təxirə salmaq niyyətimiz yoxdur.

Cons öz niyyətlərini Əl-kaidə terroruna qarşı mübarizənin yeni yolu adlandırır. O, USA TODAY qəzetinə müsahibəsində deyir ki, nə Ağ Evdən, nə Dövlət Departamentindən, nə də Pentaqondan müraciət edən olmayıb: “Olsaydı, mütləq bunu götür-qoy edərdik. Hazırda elədiyimiz də elə məhz götür-qoydur. Düşünmürəm ki, belə bir müraciəti biz qulaqardına vurardıq.”

DİNİ LİDERLƏR CONSU FİKRİNDƏN DAŞINDIRMAĞA ÇALIŞIR

Vatikan da kilsənin “Quran” yandırmaq planını pisləyib.

Floridada həmin kilsənin yerləşdiyi şəhərin rəhbərliyi icmaya müraciət edərək onları planlarından əl çəkməyə çağırıb. Şəhər rəhbərliyi onlara açıq havada kitab yandırmağa icazə verməyib.

Amma hələlik Cons inadından əl çəkənə oxşamır. Yerli müsəlman icmasının rəhbəri ilə görüşündə o, etiraf edir ki, “Quran”ı oxumayıb, amma israrla bildirib ki, bu kitab ona inananları zorakılığa səsləyir.

Floridada yaşayan imam Məhmməd Musri sentyabrın 8-də Consla görüşüb. İmam “Reuters” agentliyinə bildirib ki, Consu planından çəkindirə bilməsə də, onu islam haqqında daha çox öyrənmək lazım olduğuna inandıra bilib:

- Mən hesab etmirəm ki, o, fanat, ya da irqçidir. Məncə, sadəcə olaraq fikrini ifadə etməyə çalışır və diqqəti 11 sentyabr faciəsinə yönəltmək istəyir. Hesab edirəm ki, o, qərar vermək üçün islam haqqında kifayət qədər məlumatlı deyil. Biz onunla əlaqələrimizi davam etdirəcəyik. Ümid edirik ki, günün birində onda islam haqqında başqa fikir yaranacacaq.

Pakistanda yaşayan xristianlar "Quran"ı yandırmaq istəyən rahib Terri Consun müqəvvasını yandırırlar, 9 sentyabr 2010


Dünyanın ən böyük xristian təşkilatlarından olan Dünya Yevangelistlər Alyansının rəhbəri də Cef Tunnicliffe də “Quran”ı yandırmaq istəyən Consla telefonla danışıb, amma yekunda onu fikrindən daşındıra bilməyib.

Sentyabrın 9-da müsəlmanların ən çox yaşadıqları İndoneziya, Pakistan və Hindistan da bu planın dini zəmində toqquşmaları qızışdıra biləcəyini deyərək, ABŞ rəsmilərinə müraciət ediblər ki, aksiyaya yol verməsinlər. Pakistan həmçinin beynəlxalq polisə - İnterpola müraciət edərək kilsənin bu hərəkətlərinə müdaxilə etməyə çağırıb. Amma...

ABŞ QANUNLARI CONSU DAYANDIRMAĞA ÇƏTİNLİK ÇƏKİR

ABŞ qanunlarını araşdıran mütəxəssislər bildirirlər ki, Consun hərəkətini qadağan etməyə ABŞ hökumətinin imkanları o qədər də çox deyil. Ölkə Konstitusiyasına birinci düzəlişə görə Konqres dini qaydalara, dini dünya görüş, fikir və mətbuat azadlıqlarının məhdudlaşdırılmasına dair qanun qəbul edə bilməz.
1868-ci ilin vətəndaş müharibəsindən sonra qəbul edilmiş Konstitusiyaya 14-cü düzəlişdə isə deyilir ki, dövlət, və ya yerli hakimiyyətlər fərdlərə Konstitusiya ilə verilmiş hüquqları məhdudlaşdıra bilməzlər.

Bu səbəbdən də ABŞ-da “dini zəmində iftira”, “dini təhqir”, “nifrət çıxışları” haqqında qanunlar yoxdur. Yalnız bəzi ştatlarda kitablarda Allaha söyüşü, küfrü qadağan edən 19-cu əsrdən qalma qanunlar olub. Amma 1952-ci ildə ABŞ Ali Məhkəməsinin qəbul etdiyi “Cozef Burstin Vilsona qarşı” qərarla küfr haqqında köhnə qanunlar da qüvvəsini itirir. Ali Məhkəmənin qərarında deyilirdi: “Hər hansı dini doktrinaya qarşı real və ya guman edilən hücumların qarşısını almaq bizim dövlətin işi deyil. Fərqi yoxdur ki, belə hücumlar nə şəkildə olub, çap materiallarında, çıxışlarda, yoxsa, hansısa şəkillərdə.”

Hökumətin milli təhlükəsizlik mülahizələri ilə də bu məsələyə müdaxilə imkanları azdır. Baxmayaraq ki, 1931-ci ildə qəbul Ali Məhkəmənin qəbul etdiyi bir qərar bu işdə təcrübə kimi istifadə edilə bilər. Məhkəmənin həmin qərarında bildirilir ki, hökumət zorakılığa təhrikdən ictimai həyatın təhlükəsizliyini qoruya bilər. Amma mütəxəssislər bildirirlər ki, Obama adminsitrasiyası Consun “Quranyandırma” aksiyasının qarşısını almaq üçün yəqin ki, məhkəməyə üz tutmayacaq. Çünki rahibin bu hərəkətinin ayrı-ayrı fərdlərə birbaşa və açıq təhlükə yaratmasına dair dəlillər təqdim etmək o qədər də asan deyil.

Hakimiyyət bəlkə yalnız kütləvi iğtişaşlar yaranması mümkünlüyünü məhkəməyə sübut kimi göstərib hakimdən Consun bu hərəkətini qadağan edən qərar əldə edə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG