Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:33
Sentyabrın 10-na keçən gecə BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasında «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında» qətnamə layihəsi müzakirə olunmalı idi.

Lakin Azərbaycan tərəfi irəli sürdüyü təşəbbüsdən imtina edib, qətnamə layihəsini geri götürdü.

Azərbaycanın BMT nümayəndəsi Aqşin Mehdiyev AzadlıqRadiosu ilə söhbətində bu addımı ATƏTin Qarabağla əlaqədar son təşəbbüsləri ilə izah edib.

Bu haqda daha ətraflı məlumatlar tezliklə saytımızda yerləşdiriləcək. Xatırladırıq ki, bü günlərdə regionda diplomatik fəallıq yenidən artıb, ATƏTin Minsk qrupu həmsədrləri və ABŞ dövlət katibi müavininin Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydanau regiona səfər etdiblər.

BƏS GERİ ÇAĞIRILAN SƏNƏDİN MƏZMUNU NƏDƏN İBARƏTDİR?

Qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyətə tətbiqi öhdəliyi təsdiqlənir, Dağlıq Qarabağdan və onun ətrafındakı işğal olunmuş rayonlardan çıxarılmış məcburi köçkünlərin həmin ərazilərə qayıtmaq hüququnun olduğu bildirilir.

Qeyd edilir ki, münaqişə zonasında fiziki xarakterli, demoqrafik tərkib, təşkilati quruluş və status baxımdan görülən bütün birtərəfli işlər qeyri-qanunidir və münaqişənin həlli ilə bağlı danışıqlara əngəl yaradır.

Qətnamə layihəsində həm də ATƏT-dən münaqişə tərəflərinin beynəlxalq humanitar hüquqa nə dərəcədə riayət etdiyini araşdırmaq üçün münaqişə zonasına məlumat toplama missiyası göndərmək xahiş olunur.

Bundan əvvəl də BMT-nin 4 oxşar qətnaməsi qəbul olunub. Həmin sənədlərdə də Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq tanınmış ərazisi kimi göstərilib və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunub.

BU, AZƏRBAYCANIN SİYASƏTİDİR

Amma bu qətnamələrdən irəli gələn tələblər yerinə yetirilməyib. Bununla belə Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyir ki, bu cür qətnamələrin qəbuluna nail olmaq Azərbaycan siyasətinin məqsədlərindən biridir:

Vəfa Quluzadə
- Bu, Azərbaycanın siyasətidir, biz daima beynəlxalq təşkilatlarda, beynəlxalq qurumlarda bu məsələni qaldırırıq. Azərbaycan dünya ictimaiyyətini işğal altında olan ərazilərdəki həqiqətlərlə həmişə tanış edib və bundan sonra da edəcək.

Politoloq Vəfa Quluzadə də hesab edir ki, işğal olunmuş torpaqlar geri qaytarılanadək rəsmi Bakı diplomatik fəaliyyətini daha da aktivləşdirməli və Ermənistanın işğal siyasətini ifşa etməlidir. O ki qaldı BMT-nin qəbul etdiyi qətnamələrə...

BU, SADƏCƏ SİYASİ BİR GEDİŞDİR

- Bu, sadəcə siyasi bir gedişdir. BMT özü-özünü doğrultmaq istəyir, çünki BMT bütün qərarlarını həyata keçirə bilmir. BMT gərək çoxdan Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxaraydı. Bunun üçün ABŞ koalisiya yaratmalı idi. Və bu koalisiya işğalçıya zərbə vurmalı idi. Amma bu mümkün deyil, çünki işğalçı Rusiyadır, özü də Amerikaya bərabər nüvə dövlətidir. Nə vaxt Rusiya dağılıb başqa bir şeyə çevriləcəksə, ondan sonra bizim məsələ həll olunacaq.

Yerli politoloqlar BMT-nin qətnamələrini münaqişənin həllini sürətləndirmək baxımından əhəmiyyətsiz hesab etməsələr də, erməni diplomatlar müzakirəsi gözlənilən bu sənəddən narahatdırlar. Bundan öncə Ermənistan Xarici İşlər Nazirliyi bu qətnamənin qəbul olunması üçün Bakının göstərdiyi səyləri pisləyib. Həmçinin bildirib ki, Azərbaycan bununla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əngəl yaradır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG