Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:51

«Hökumət yalnız seçki illərində xalqı yada salır»


Şəhid ailələrinə verilən təqaüdləri çıxmaqla qalan bütün artımlar cüzi xarakter daşıyır
- Onsuz da o pula necə dolanmaq olar ki? Bilirsiniz ki, nə qədər problemlər var. Onunla dolanmaq olmaz. Sağ olsunlar atam, qardaşlarım, mənə onlar baxır…

21 il əvvəl Şuşa-Laçın yolunda həlak olan Rza Sadıqovun həyat yoldaşı Aybəniz Hüseynova belə deyir. Ona könüllü Qarabağ döyüşlərinə qatılan həyat yoldaşından 21 yaşlı oğlu qalıb. İndiyə qədər dövlətdən 100 manat təqaüd alıblar. Bu pulun yarısı da həyat yoldaşının anasına çatır. Bir də 13 manat ərzaq pulu.

Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 1-dən şəhid ailələrinə verilən təqaüdlər 50, ərzaq müavinəti isə 2 manat artırılıb.

NEFTLƏ ZƏNGİN ÖLKƏDƏ QARDAŞ HİMAYƏSİNDƏ…

Aybəniz Hüseynova deyir ki, oğlu işləmədiyindən onun da qayğıları atasının, qardaşının üstünə düşüb:

- Atam və qardaşlarımla onların Yeni Yasamal qəsəbəsindəki evlərində qalıram. Əsas məsələ ev problemidir. İstəyərəm ki, mənim də evim olsun. Əslində, başqa problemləri qohum-əqrəbanın köməkliyi ilə yoluna qoyuram. Özüm də işləyirəm.

Sentyabrın 8-də prezidentin sərəncamı ilə yaşa, əliliyə və valideynlərini itirmiş uşaqlara qəyyumluğa görə verilən müavinətlər də artırılıb. Bundan başqa uşağın anadan olması və dəfn üçün verilən müavinətlərdə də artım var.

Rövşən Ağayev
SOSİAL HİMAYƏ, YOXSA SİYASI GEDİŞ?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyir ki, şəhid ailələrinə verilən təqaüdləri çıxmaqla qalan bütün artımlar cüzi xarakter daşıyır. Üstəlik, nəzərə almaq lazımdır ki, böhran illərində sosial müavinətlərin artırılmasına böyük ehtiyac olduğu halda hökumət bu sahəyə diqqət artırmayıb. O, indi belə bir addımın atılmasını təsadüf saymır:

- Biz daha çox büdcənin siyasi alətə çevrilməsindən narahatıq. Hökumət yalnız seçki illərində xalqı yada salır.

Rövşən Ağayev düşünür ki, insanların ehtiyacları real şəkildə hesablanmalı və ona uyğun da addımlar atılmalıdır. O yada salır ki, uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət bu sərəncamla 75 manata qaldırılıb. Halbuki, valideynlər doğum evlərində bundan 2-3 qat artıq qeyri-rəsmi xərclər çəkirlər. Belədə isə verilən bu cüzi müavinətlər əhəmiyyətini itirir.

DÖVLƏTİN TÜKƏNMƏZ QAYĞISI?

Parlamentin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev isə deyir ki, bu sərəncamın seçkilərə heç bir aidiyyatı yoxdur. Prezident davamlı şəkildə əhalinin rifah halının yaxşılaşdırılmasına çalışır. Bu da onun fikrincə, Heydər Əliyev siyasətinin davamıdır:

Musa Quliyev
- Bu, xalqı sevməyənlərin sözüdür. Bir manat, 50 qəpik artımın da xalq üçün əhəmiyyəti var. Bir də bu necə əhəmiyyətsiz olar ki, şəhid ailələrinə verilən müavinətlər düz 50 faiz artıb?

Ancaq iqtisadçı Rövşən Ağayev deyir ki, başqa imtiyazlı təbəqələrlə müqayisədə şəhid ailələri elə də geniş kütlələri əhatə etmir. Ona görə də bu 50 faiz artımla düşünmək olmaz ki, dövlət səxavət boğçasını axıra qədər açıb. Ancaq bütün hallarda insanların dövlətdən gözləntisi böyükdür. Şuşanın süqutu zamanı həlak olan Qarabağ İdman Komitəsinin sədri Rövşən Həsənovun anası Mənzər xala kimi:

- Nə ev veriblər, nə də torpaq. Nə dükan açmışıq, nə də başqa bir şey. Hərdən gileylənirəm ki, nədən mənim oğlum yada düşmür? Mənə qalan bircə bu təqaüddür. Buna da şükür. Ancaq o da heç dərmanıma çatmır…
XS
SM
MD
LG