Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:45

İranda milli kimlik tələb edən tələbələrin aqibəti


Hafiz Sərdarpur
İranda Azərbaycan milli kimliyi uğrunda mübarizə aparan tələbələrin ali məktəblərdə təhsil alması getdikcə çətinləşir. Tələbə milli fəallardan olan Hafiz Sərdarpurun sözlərinə görə, bu il imtahanda yüksək bal toplasa da, onu magistraturada təhsil almaqdan məhrum ediblər.

Hafiz Sərdarpur tələbə hüquqlarının bərpası üçün mübarizə aparmağın faydasız olduğunu deyir: «Fəaliyyətimə görə istəmirlər universitetdə təhsilimi davam etdirim. Ya uzaq universitet seçirlər, ya da yazırlar ki, imtahandan keçmədin. Heç yerdə də sözün keçmir. Güclülərin əlindədir, hər işi görə bilərlər, dalıyca getsən də bir cavab ala bilməzsən».

«YA MÜBARİZƏ, YA ALİ TƏHSİL»

Hafiz Sardarpur deyir ki, tələbə milli fəalların uzun bir siyahısı var ki, adları o siyahıda olanlar müxtəlif bəhanələrlə universitetlərdən xaric edilir, yaxud da növbəti təhsil pillələrini keçmələrinə imkan verilmir. Hafiz Sardarpur üçün isə milli kimliyini təsdiqlətmək magistratura təhsilindən irəlidir. O, özü belə düşünür.

İrandakı Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) nümayəndəsi Yaşar Həkkəkpur deyir ki, Hafiz Sərdarpur milli kimlik uğrunda mübarizəyə görə təhsildən məhrum edilən ilk və son tələbə deyil. Bu il eyni səbəbə görə tələbə milli fəallar Sima Didar, Hacər Kəbiri, Macid Makuyizad, Məhəmmədrza Mikayili, Jila Məhəmmədxani və Siyamək Mirzəyi də ali təhsilini davam etdirməkdən məhrum olunublar.

İRAN HAKİMİYYƏTİNİN TƏLƏBƏ OVU

Azərbaycanlı tələbələrin Tehranda etiraz aksiyası. 26 may 2009
Bu aqibətlə 2 il əvvəl ən azı 7, ötən il ən azı 6 milli fəal qarşılaşıb. Həkkəkpurun sözlərinə görə, 20 ildir ki, İranda Azərbaycan hərəkatı fəaliyyətə başlayıb və hərəkatın ən aktiv təbəqəsi də tələbələrdir. İran hakimiyyəti bu fəaliyyətin qarşısını almaq üçün tələbələrə qarşı sərt addımlar atır:

«Tələbələri həbs etmək, onları təhsil aldıqları ali məktəblərdən qovmaq kimi sərt tədbirlər görürlər. Bu tələbələr təhsildən məhrum edilmələri ilə bağlı müraciət eləyəndə onlara deyilir ki, siz Azərbaycanın milli məsələləri üzərində çalışdığınız üçün universitetlərdə təhsil almağınıza izn verə bilmərik».

«MƏHKƏMƏLƏR ETTELAAT-ın SİFARİŞİ İLƏ HÖKM ÇIXARIR»

Həkkəkpur deyir ki, müxtəlif bəhanələrlə İran universitetlərindən uzaqlaşdırılan milli fəalların sonradan hüquqlarının bərpasını tələb etmələri müsbət nəticə vermir:

«Ötən illərdə də bir çox tələbələr ki, fəaliyyətinə görə təhsildən məhrum olunmuşdu, məhkəmələrə müraciət etsələr də, hüquqlarını bərpa edə bilməmişdilər. İranın təhlükəsizlik orqanları, xüsusilə də ETTELAAT nə deyirsə, məhkəmələr də onların sözü ilə hökmlər çıxarır».

Bir neçə gün əvvəl BMT-nin irqçiliyə qarşı komitəsi İrana qarşı çıxardığı bəyanatda İran hakimiyyətini irqçilikdə ittiham edib.
XS
SM
MD
LG