Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:34

«Bölücü» referendum


Ərdoğan tərəfdarlarının Diyarbəkirdə yürüşü, 3 sentyabr 2010
Ərdoğan tərəfdarlarının Diyarbəkirdə yürüşü, 3 sentyabr 2010
Konstitusiyanın 26 maddəsində dəyişiklik etmək məqsədi ilə Türkiyə 12 sentyabrda referenduma gedir.

12 sentyabr tarixi Türkiyə üçün rəmzi xarakter daşıyır; zira düz 30 il qabaq - 12 sentyabr 1980-ci ildə hərbi xunta ölkənin demokratik üsuli-idarəsinə əl qoymuş və diktatura məşvərət məclisinin hazırladığı yeni konstitusiya 1982-ci ildə keçirilən referendumda 92% səs alaraq qüvvəyə minmişdi.

Əgər xalq tərəfindən qəbul edilərsə, bu, 92% səs almış konstitusiyada indiyə qədər edilmiş 17-ci dəyişiklik olacaq. Ona görə də baş nazir Ərdoğan 12 sentyabr 2010 tarixini 12 sentyabr 1980 tarixi ilə “başdan ayağa hesablaşma” şəklində dəyərləndirir.

KONSTİTUSİYANIN 26 MADDƏSİNDƏ DƏYİŞİKLİYİ NƏZƏRDƏ TUTAN PAKET NECƏ HAZIRLANDI?


Paket iqtidardakı Adalet və Kalkınma Partiyası (AKP) tərəfindən hazırlandı və müxalifətdən ona dəstək verilməsi tələb edildi.

Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası 2 maddənin dəyişiklik paketindən çıxarılması halında onun məclisdən keçməsinə dəstək verəcəyini açıqlasa da, AKP onları paketdən çıxarmadı.

MÜBAHİSƏ DOĞURAN 2 MADDƏNİN MƏZMUNU NƏDƏN İBARƏT İDİ?


O maddələrdən biri Konstitusiya məhkəməsinin tərkibinin genişləndirilməsini və prezident, Ali təhsil şurası və məclis tərəfindən məhkəməyə daimi üzvlər təklif edilməsini nəzərdə tutur. Müxalifətin etirazı bunadır ki, indiki iqtidar Konstitusiya məhkəməsinin müstəqilliyini tamamilə aradan qaldıraraq onu «AKP-nin məhkəməsi» halına gətirməyə çalışır.

Mübahisə doğuran ikinci maddə isə Hakimlər və prokurorlar Ali şurasının tərkibinin genişləndirilməsi və ədliyyə nazirinə Şuraya tam nəzarət etmə səlahiyyətinin verilməsi ilə bağlıdır.
AKP-nin ölkəni bürüyən «Evet» afişaları bu partiyanın əleyhinə işləyir
Müxalifət və müstəqil hüquqşünas QHT-ləri AKP-ni «məhkəmələrin müstəqilliyini tamamilə aradan qaldırmağa» çalışdığını iddia edirlər.

AKP isə konstitusiyada ediləcək dəyişikliklərlə «məhkəmələrin daha çox müstəqil olacağını» vurğulayır.

İş o yerə çatıb ki, bir hakim «məhkəmələrin müstəqilliyinin əldən gedəcəyinə» dair iddialarını «Facebook» şəbəkəsinin üzvləri ilə bölüşməyi lazım bilib.

İctimai rəy sorğusu şirkətlərinin araşdırmaları isə göstərir ki, 12 sentyabrda «bəli» və ya «xeyr» deməsi istənən xalqın böyük çoxluğu, əslində nəyə səs verəcəyindən xəbərsizdir.

Referendum Türkiyə cəmiyyətində mövcud olan «iqtidarı dəstəkləyən» və «dəstəkləməyən» qarşıdurmasını daha da dərinləşdirib. Bu baxımdan «Habertürk» qəzetinin referendum günü köşə yazarlarının tutacaqları mövqe ilə bağlı araşdırması maraq doğurur; araşdırmadan məlum olur ki, iqtidarı dəstəkləyən mediadakı yazarların istisnasız olaraq hamısı 12 sentyabr referendumunda konstitusiya dəyişikliyi paketinin lehinə səs verəcək.

Mərkəzdəki medianın köşə yazarlarının çoxu paketin əleyhinə səs verəcəyini açıqlasa da, o cinahdan paketi dəstəkləyən yazarlar da vardır.

12 sentyabrda səsverməyə çıxarılan konstitusiya dəyişikliyi paketində Türkiyədə ombudsmanlıq sisteminin yaradılması, hərbi məhkəmələrin səlahiyyətinin sadəcə hərbi məsələlərə baxmaqla məhdudlaşdırılması, qadınların, uşaqların, yaşlıların və şikəstlərin hüquqlarının gücləndirilməsinə heç kimin etiraz etməməsinə rəğmən, hüquqla bağlı 2 maddə üzərindəki mübahisələr təbliğat kampaniyasının əsas motivini təşkil edib.

Kemal Kılıçdaroğlu tərəfdarları Ankarada, 5 sentyabr 2010
Ana müxalifətdəki CHP lideri Kemal Kılıçdaroğlu Türkiyənin 70-dən artıq vilayətində mitinq keçirərək xalqı referendum paketini rədd etməyə çağırıb.

AKP sədri və baş nazir R.T. Ərdoğan isə təxminən 30 vilayətdə keçirdiyi referendum mitinqində xalqı «12 sentyabr 1980-ci il çevrilişi ilə hesablaşmaq» üçün iradə nümayiş etdirməyə səsləyib.

Siyasi müşahidəçilər iqtidar partiyasının təbliğat kampaniyasının ifrat dərəcəyə vardığına diqqəti cəlb edirlər. Hətta son 2 seçkinin nəticələrini əvvəlcədən dəqiq təxmin edən A&G şirkətinin sahibi Adil Gür AKP-nin ölkəni bürüyən «Evet» afişalarının bu partiyanın əleyhinə işlədiyini iddia edir.

Paketi əvvəldən bəri dəstəkləyən Avropa Birliyindən Türkiyənin bir qrup ziyalısının məktubuna verilən cavabda «konstitusiya dəyişikliyi paketinin ölkənin geniş təbəqələri ilə müzakirə edilməməsindən və məhkəmələrin müstəqilliyinin azaldılmasının qüvvələr ayrılığı prinsipinə ziyan vura biləcəyindən hiss edilən narahatlıq» ifadə edilib.

HƏRBİ ÇEVRİLİŞDƏN 30 İL SONRA KEÇİRİLƏN REFERENDUMDA TÜRKİYƏNİ NƏ GÖZLƏYİR?


İqtidarın iddia etdiyi kimi, daha aydın bir gələcək, yoxsa müxalifətin iddia etdiyi kimi, «qaranlıq bir diktatura?»

İqtidarın təmsilçiləri konstitusiya dəyişikliyi paketinə dəstəyin 60% olduğunu, müxalifət isə paketin əleyhinə veriləcək olan səslərin 50%-dən bir az artıq olduğunu deyir.

Hər şey 12 sentyabrda axşam bəlli olacaq - bunu hamı bilir.

Ancaq hamının gördüyü başqa bir şey də var ki, referendum Türkiyədə qütblər arasındakı bölünməni daha da dərinləşdirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG