Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:35

Vahid Qazi "Ruhlar şəhəri" silsiləsindən


“Ruhlar şəhəri” silsiləsindən esselər - Ağdam haqda xatirələr


NOVRUZ SABAHININ PƏNCƏRƏSİ


Pəncərədə dizlərini qollarının arasına yığıb oturmağın, yorulanda ayaqlarını açıb pəncərə boyu uzatmağın, beləcə rahatlanıb küçədən gəlib-gedənlərə tamaşa eləməyin özü əyləncə olmayan yerdə bir əyləncədi.

Yağışlı günlərdə, həyətdə oynamağa imkan olmayanda, ildırım vurar deyə şəhər işıqları söndürüldüyündən dünyanın əcinnə gözündə gördüyü bir ölkənin çəkdiyi, Yer üzünün bəlkə də ən humanist cizgi filmlərinə baxa bilməyəndə aynası küçəyə açılan pəncərəmiz televizoru əvəz eləyirdi.

Ağ-qara “Qorizont”dan fərqli olaraq mənim “televizor”um rəngli göstərirdi. 70-ci illərin əyalət şəhərinə, illah da onun 10 yaşlı sakininin gözüylə baxmaq nə qədər maraqlıdır sənə, bilmirəm!

Amma onu bilirəm ki, bütün dünyanın əyalət pəncərələri əyalət adamının qəlbinə, onun içində cücərən arzulara və bu arzulardan pöhrələyən ümidə açılır.

Bunun zaman və məkan bağlılığı yoxdu; 150 il əvvəl “Əyalətdə pəncərə teatr və gəzintini əvəz edir” yazan Floberin Fransasında da belə olub, indi də belədi, yəqin 100 il sonra da belə olacaq...

Burda saatlarla darıxmazsan: otur say, sağdan çox maşın keçir, yaxud soldan; bax gör, küçədə kişi çoxdu, ya qadın – bir sözlə, istəyirsən yarış keçir, istəyirsən “tədqiqat” apar.

Bunlar bezdirsə, maşınları markalarına görə qruplaşdırmaq da olar: məsələn, küçəmizdən 26 “Moskviç”, 18 “Volqa”, 37 “Jiquli”, 9 “QAZ-51”, 3 traktor, 2 çörəkdaşıyan, 1 zibilyığan, tək-tük “Pobeda”, bir də İsibalanın zil-qara “ZİM”i keçdi.

Bu çərdəymiş maşının ötən yay günlərinin birində anasının dikdaban ayaqqabısını ayağında sürütləyə-sürütləyə yolu keçib bizə gələn Şərafəti – üzbəüz qonşumuz Qaçay əminin qızını vurmağını da bu pəncərədən görüb qorxmuşdum, gerçək sözümdü...

Bax belə! “Dünya bir pəncərədi...” məsəlini dünyaya pəncərədən baxmışlar yəqin daha yaxşı anlayar.

***

Günorta saatlarında çoxlu siqnal səsi gəlin aparılmasından xəbər verirdi.

Qırmızı tirmə şal üstündə oturdulan kukla təzəcə yuyulub par-par yanan QAZ-21-ə xüsusi gözəllik verirdi. Maşın başını dik tutub ətrafa naz satan qız kimi elə gedirdi ki, elə bil gəlin özüydü.

Bu nə qədər ürəkaçan mənzərəydisə, sağdan gəlib üzü aşağı – Qarahacılı qəbiristanlığına gedən tabut da o qədər qan qaraldan idi.

Nəyə görəsə elə bilirdim ki, bu saat mən Allaha yalvaran kimi tabutun içindəki qalxıb oturacaq və tabut pəncərəmizin tuşuna çatanda düşüb evinə qayıdacaq.

Mən bunu Allahdan istəyirdim, Allah haqqı, amma o adam durmurdu, eləcə izdihamın çiynində yırğalana-yırğalana keçib gedirdi. Molla Rəşidin səsi tabut keçəndən bir xeyli sonra da gəlirdi.

***

Pəncərənin aşağı sol tinindən bir qadın çıxdı. Çəpər qonşumuz Elza müəlliməni qara çətirindən tanıdım.

Həmişəki vaxtda həmişəki aram yerişlə keçir. Məktəbdən gəlir. “Qolodomor” ilində, yəni 1932-ci ildə doğulan atama dərs deyib.

Rəhmətlik Həsən müəllimin qızıdı. Yadımda sadəliyi, səliqəsiylə qalıb, astadan danışırdı.

Həyət-bacasında bir kibrit çöpünə, ev-eşiyində toz dənəsinə rast gəlməzdin, döşəmələri həmişə işım-işım işıldayırdı. Onların servantında şüşə qab-qacaq yerinə çoxlu kitab olardı.

...Taxtası ağ boyanmış şüşəbəndin qapısını açıb içəri girirəm.

Qədim divanı, divardan asılan köhnə fotoları, bir neçə hörmə kətili, stolu, üstündə dörd-beş kitabı, onlarla dəftəri, göy və qırmızı qələmləri, bir neçə rus jurnalını, soyumasın deyə ağzına “papaqçıq” keçirilən çayniki gözüm tez alır.

Və bir də Elza müəllimə...

Eynəyini çıxarır, gəlişimi təbəssümlə qarşılayır, mənim riyaziyyat kitabımı açır, dəftərimə baxır, tapşırıqlar verir...


Adamla qarşılaşanda dodağının ucu, bir də gözlərinin kənarı azacıq dartılır, ciddi sifətinə məsum təbəssüm qonurdu, yəni salam verirdi. Onu heç vaxt ürəkdən gülən görmədim.

Ya xarakteri beləydi, ya da həyatında dərin izi qalan nəsə olmuşdu, bilmədim. Bildiyim tək oydu ki, yaxşı adamdı və mən onun yanında rahat idim.

...Uşaqlığımın son Novruz çərşənbəsi tonqalın üstündən hoppanandan sonra həmin il instituta girməyi niyyət tutub qulaq falına çıxmışdım.

Bu fala inanırdım. Həyatımın ən əziz qadınından eşitmişdim ki, cavanlığında körpə oğlunu götürüb ər evini tərk edəndə niyyət axşamı qulaq falına çıxıbmış.

Özünün və balasının gələcəyindən əndişələnirmiş.

İlk eşitdiyi qonşu Rafizə xalanın tonqal başında oynaşan uşaqlarına dediyi bu sözlər olubmuş: “Ocağı dağıtmazlar, komalayarlar bir yerə”.

Elə də oldu, birləşdilər, birlikdə uzun ömür sürdülər. Hər ikisini öz əlimlə özüm qəbirə qoydum çox sonralar, uzaqda – Bakıda...

İlk dəfə “tale ovuna” – qulaq falına çıxmışdım.

Darvazanı açıb yola ayaq qoymuşdum ki, yan tərəfə, qaraltıya çevrildim, Elza müəllimə idi. Axşamın qara tülü onun çöhrəsindəki bakirə qız sayağı təbəssümünü örtə bilməmişdi: “Salam”.

Allahın adından uğurlu sözmü eşidəcəkdim – ikiillik staj tələb olunan jurnalistika fakültəsinə elə birinci il daxil oldum.

Bəlkə həmin gecə o da qulaq falına çıxıbmış, bilmədim. Bildiyim odur ki, mən də ona ümid dolusu cavab vermişdim: “Salam. Axşamınız xeyir!”.

“Azərbaycanfilm” kinostudiyasının 1979-cu ildə çəkdiyi “Bizi bağışlayın” filmində Mariya Petrovna obrazını hər dəfə görəndə Elza müəlliməni xatırlayıram.

***

Köç səsi səhər obaşdan gəlirdi. Bəzən hənirtisini yuxuda eşidir, bəzənsə oyanıb pəncərəyə cumurdum. Sayı-hesabı olmayan qoyun sürüsü Mardakert, Kəlbəcər dağlarından, yaylaqdan dönürdü. Sürünün asfaltdan qopan ayaq səsi quzu mələşməsinə qarışıb xoş bir musiqi yaradırdı.

Təbiətin yaratdığı bəstələri hansısa Allah bəndəsi köçürə bilibmi nota? Mən görməmişəm, yoxsa qoyardım bu musiqini birlikdə dinləyərdik.

Pəncərəni açıb heyrətlə baxıram. Otağı qəribə köç iyi bürüyür.

Heç burnuna köç qoxusu dəyibmi? İşdi-şayəd, nə vaxtsa köç görsən dediklərimi unutma!

Sürünün başında qulağıkəsik qurdbasan çoban itləri oynaşır.

Quyruğu yerlə sürünən Qarabağ qoyunları itlərdən arxayındılar, tələsmirlər.

Ağzı buğlu Qarabağ atları çoban, onun neçə aylıq azuqəsi, pal-paltarı yığılmış xurcunları belində çox yüngüldü, bütün sürüyə cavabdehmiş kimi diribaş görünür. Çobanın qaysaq bağlamış üzü qırmızı qranit kimi soyuq və sərtdi.

Sürü yavaş-yavaş uzaqlaşdıqca o həzin “musiqi” də not-not kəsilirdi. Köç gedəndən sonra küçəyə əvvəlcə qəribə sükut çökürdü.

Bir azdan qadınlar küçəyə çıxıb evlərinin qarşısındakı köç “iz”lərini süpürəcək, aparıb ağacların dibinə tökəcəkdi.

***

Sarı taksi sürətlə keçsə də, tanıdım, Roma əminin maşınıydı. Atamın dostlarından biri. Onunla dağlara, bulaqlara çox getmişdik. Qarda-buzda onun kimi maşın sürən yoxuydu.

Buzlu yolda Şuşaya, ilin istənilən günündə SSRİ-nin xəritədə barmaq qoyduğun şəhərinə maşın sürməyə hazırıydı. Ümumiyyətlə, Ağdamın taksi sürücüləri ayrıca, maraqlı sinif idi.

Sovet dövrünün azad zəhmətkeşləri demək olardı onlara.

Çoxunun taksidən başqa şəxsi maşını da vardı.

Bu, uzaq səfərlərə, məsələn, Bakı, Yerevan, Tiflis, Batumi, Kislovodsk, Mahaçqala, Rostov kimi yerlərə “klent” aparmaq üçün idi. Atam da uzaqgedən sürücülər sırasından idi.

Gələndə Qoridən qırmızı alma, Batumidən mandarin, Tiflisdən rəngli flamaster (belə şeylərin matah olan vaxtlayırdı) gətirirdi. Lotereya satan kişiylə (adını unutmuşam, amma qızı Nəzakət bizimlə oxuyurdu) getdiyi Kislovodsk səfərindən razı qalırdı.

İndi anlayıram ki, Nəzakətin atası tək Ağdamın yox, bütöv regionun “uruset lotereyası”nın topdan satanı imiş, əlbəttə, qeyri-rəsmi.

***

Səhər tezdən pəncərəmizin önündən keçərək camaatı pambıq yığımına səsləyən “raykom” maşınının səsucaldanından çıxan boğuq səfərbərlik musiqisi musiqidən çox alman faşistlərinin kinolarda gördüyüm oxşar təyinatlı maşınlarından gələn “Axtunq! Axtunq!” nidasını xatırladırdı.

Bu bənzətmə atama məxsusdu. Pəncərədən baxıb deyirdi: “Elə bil nemes maşınıdı... Burda pambıq var? Get pambıq yığanlara çal də bu mahnını”.

Səhərin bu xırıltılı musiqisindənsə Xıdırlı arvadların solo çığırtıları daha xoş idi.

“Qatıq var! Qaymaq var!”, “Süd var, süüüdd! Yaxşı süd var!” Səslər fərqliydi: biri xırıltılıydısa, digəri təmiz idi. Heç birinin adını bilmirdik, eləcə səsindən tanıyırdıq.

Evə ağartı lazım olanda anam tələsmədən ona lazım olan səsi gözləyirdi, onu neçə-neçə səsin içindən seçə bilirdi.

Bəzən istədiyi səs çıxmayanda, o biri süd satanlar da keçib gedəndə südsüz, qatıqsız qalırdıq. Seçim ediləndə keçib getməsin deyə süd satanı əyləməyə məni göndərirdilər.

Arıq, uzun bir qadın, orta yaşlarında, əynində uzun tuman, kişi pencəyinə oxşar pencək, başında yun şal, iki əlində qara, yekə zənbil...

Evdə qonaq olanda, yaxud bayramlarda, ələlxüsus Novruzda alacaqlarımız çox olardı: bir balon süd, bir balon qatıq, boyamaq üçün çoxlu yumurta, 3-4 kasa qaymaq...

Məşhur Gəncə qaymağını sonralar dadacaqdım. Hələliksə yediyim Gəncənin ağ üzlü camış qaymağı yox, Xıdırlının sarı inək qaymağıydı.

Ağdamın süd satanları Bakının indiki xlor satanları kimi deyildilər. Onların üzündə “insan əzabının son əlamətləri” (ifadə “Nəsimi” filmindəki Nəimiyə məxsusdu) görünmürdü.

Qıvraq, diribaş, eşq dolu həyat bənizliydilər, ətrafa xoş ovqat, enerji yayırdılar. Çəkdikləri əziyyətin tək nişanəsi ağır zənbil daşıyan ovuc, bir də barmaqlarının bərkimiş qabarlarıydı, vəssalam...

***
Axşama doğru işdən qayıdanlar pəncərənin sol, şəhərə çıxanlar isə bir qayda olaraq sağ tərəfindən gəlirdilər.

Bu kişi sağdan çıxdı, demək, şəhərə gəzməyə gedir. Onun da adı Vahiddi. Qonşu küçədə olur.

Deyirdilər, cavanlığında çox davakarmış. Suya atılırmış, dalğa itənədək suyun altında qala bilirmiş.

Pəhləvan cüssəli, şir ürəkliymiş. Əsgərliyi uzun çəkibmiş, elə iki ilini “disbat”da yatıbmış. Mən tanıyanda da dəliqanlığından xeyli qalmışdı.

Gözdən itəcəkdi ki, şüşəni tıqqıldatdım, çevrilib yuxarı baxdı.

Pəncərəni açıb salam verdim. “O gün gördüm, atan maqnitofon alırdı sənə, niyə qulaq asmırsan?”. “Hələ kaset almamışıq”. “Düş gəl bizə, kaset verim”.

Düşdüm, yolundan qayıtdı, dörd-beş kaset verdi, birinisə silkələyə-silkələyə “Bunu itirmə, hər adamda yoxdu, Vısotskinin kasetidi. Əla oxuyandı, hökumətin anasını ağladır...”

Vahidi həm də ona görə çox istəyirdim ki, mənimlə tay-tuşu kimi danışırdı.

Ona elə gəlirdi ki, mən də Vısotskini tanıyıram, başa düşürəm.

İllər keçdi, mən böyüdüm, o yaşlandı... Son dəfə onu hərbi formada görmüşdüm. Maraqlı macəralar yaşadığı şəhəri nəzərdə tutub Stepanakert ermənilərinin qarasınca deyinirdi: “Görürsən də bunları, qudurublar”. Çox çəkmədi, onun da öldüyünü eşitdim. Allah rəhmət eləsin!

***

İndi hər dəfə Vısotskinin filmlərinə baxanda, ya mahnılarını dinləyəndə yadıma adaşım düşür. O, daha sədaqətliymiş. Ağdamı ruhuyla sevənlərdən imiş. Odur ki, orda qaldı: cismi torpağında, ruhu səmasında. İndi Vahid Vısotskinin mahnısını Ağdamın sərgərdan ruhları ilə birlikdə oxuyur:

“Spasite naşi duşi!
Mı bredim ot uduşya.
Spasite naşi duşi,
Speşite k nam!”

...Anam mənim yolumu – dünyaya gəlişimi 4 il gözləyib.

İllər uzunu hər Novruz çərşənbəsi ocağa sığınıb, dualar oxuyub. Allah dualarını eşidib, anama elə Novruz səhəri xoşbəxtlik bəxş eləyib. Elə bu yazını da bəndəniz kimi Novruz səhəri, 22 martda doğulanlara bağışladım...


...Bu səhər mən də qoşuldum Vısotskinin mahnısını oxuyanlara, uçdum, uçdum, uçdum, sonra qayıdıb pəncərəmdən içəri girdim!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG