Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:35

Müxalifətə kütləvi aksiyalar üçün yeni yerlər təklif edilib?


«Hakimiyyət müxalifətə kütləvi aksiyalar üçün yeni yerlər təklif edib».

Sentyabrın 8-də jurnalistlərə açıqlama verən AXCP sədri Əli Kərimli belə deyib. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə müxalifətin bu haqda danışıqlarında vasitəçiliyi ATƏT-in Bakı ofisi öz üzərinə götürüb və artıq müəyyən nəticələr var.

«Vasitəçiliyi ATƏT-in Bakı ofisi etdiyindən meriya kompromis variantları bu quruma təqdim edib. Ona görə kütləvi aksiyalar üçün hansı məkanların təklif olunduğunu ATƏT-in Bakı ofisi açıqlaya bilər» - deyən Əli Kərimli əlavə edib ki, Bakı Şəhər İcra Hakimiyyəti əvvəlkitək Bibiheybət deyib durmasa da, müxalifətə şəhər mərkəzində yer vermək də istəmir.

ATƏT-in Bakı ofisindən bu məlumatı təsdiqlədilər, amma dedilər ki, ayrıla biləcək yerlər barədə yalnız Bakı Şəhər İcra Hakimiyyətinin özü açıqlama verə bilər.

Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi əlaqələr şöbəsinin rəhbəri Zaur Ramazanov isə AzadlıqRadiosuna bildirdi ki, onlar ATƏT-in Bakı ofisinin yerinə danışa bilməzlər və aksiyalar üçün yerlər mövcuddur, siyahısı mətbuatda açıqlanıb. «Bu günlərdə mövcud yerlərin dəyişdirilibmi və ya siyahıya yeniləri əlavə edilibmi» sualının cavabında isə Zaur Ramazanov bildirdi ki, yerlər də, siyahı da elə həminkidir.

Bakı Şəhər İcra Hakimiyyəti son bir neçə ildə müxalifətə kütləvi aksiyalar üçün yalnız üç ünvan təklif edir: Binəqədi qəsəbəsindəki İdman-Sağlamlıq Kompleksinin stadionu, Səbail rayonundakı «Bibiheybət» stadionu, Zığ yolu küçəsi, 29/22-ci məhəllənin qarşısındakı meydança.
XS
SM
MD
LG