Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:44

Azərbaycanda kibercinayətkarlıq halları artır


Nemanja Maliseviç
Bu ilin aprelində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakının bir neçə bankomatlarından pul çıxaran 3 nəfərin məhkəməsi gedirdi. İttiham aktında göstərilirdi ki, təqsirləndirilənlərdən biri vətəndaşların ödəniş kartlarının surətini hazırlayıb. Bundan sonra o, cinayət ortaqları ilə birlikdə şəhərin müxtəlif yerlərindəki bankomatlardan 87 nəfərin pullarını çıxardıblar.

«Müasir dünya üçün kibercinayətkarlıq çox ciddi bir problemdir. Ona qarşı dünyanın daha təsirli mübarizə üsullarına ehtiyacı var. Və bütün ölkələr bu işdə səylərini birləşdirməlidirlər».

Bu fikirlər isə sentyabrın 7-də Bakıda ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə «Kibertəhlükəsizliyə hərtərəfli yanaşma» mövzusunda 2 günlük beynəlxalq seminarda səslənib.

ATƏT-in Katibliyinin Terrorçuluqla Mübarizə Şöbəsinin nümayəndəsi Nemanja Maliseviç deyir ki, informasiya texnologiyaları sektorunda əldə edilən irəliləyişlər terrorçu və digər cinayətkarlara hər gün daha çox istifadə etdikləri yeni imkanlar və hücum istiqamətləri verib.

İqtisadçı və cinayətkarlar, eləcə də terrorçular artıq kiberməkandan asılılıqdan sui-istifadə edirlər. Ona görə də kibertəhlükələrə qarşı sadəcə siyasi instansiyaların deyil, eləcə də sənaye və vətəndaş cəmiyyətindən qərar qəbuledicilərin cəlb olunması çox aktual məsədir. Ancaq məsələ bununla da bitmir:

TƏHLÜKƏSİZLİYİN HƏR KƏSƏ AİDIYYATI VAR


«Kiberhücumçulara qarşı mübarizədə əsas məsələlərdən biri fərdi İnternet istifadəçilərinin maarifləndirilməsidir. Bu, olduqca vacib məsələdir. Çünki məlumatlılığın azlığı hələlik ən mühüm problemlərdən biri olaraq qalır. Təhlükəsizliyin hər kəsə aidiyyatı var və istifadəçi insan kibertəhlükəsizlik sahəsində ən zəif bənd olaraq qalmaqdadır. Onun bu ehtiyacı barədə isə siyasi qərar qəbul edicilərin məlumatlılığı artırılmalıdır».

Kərim Kərimov
Nemanja Maliseviç hesab edir ki, bu məsələlər mümkün qədər tez bir zamanda öz həllini tapmalıdır. Çünki dövlətlərin, iqtisadiyyatların və ayrı-ayrı şəxslərin fəaliyyətdə olan kiberməkanlardan asılılığı səbəbindən gələcəkdə baş verə biləcək fəlakət, bədbəxt hadisə və ya cinayət nəticəsində kiberməkanda yarana biləcək genişmiqyaslı qəzalar əhalinin böyük bir qisminə dağıdıcı təsir göstərə bilər.

Bəs qlobal kiberməkanın bir parçası olan Azərbaycanda informasiya texnologiyaları sektorunun vəziyyəti, bu sahədə təhlükəsizliyin təminatı və kibercinayətkarlıqla mübarizə nə yerdədir?

AZƏRBAYCANDA KİBERCİNAYƏTKARLIQ HALLARININ ARTMASI MÜŞAHİDƏ OLUNUR


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təmsilçisi Kərim Kərimov deyir ki, son vaxtlar Azərbaycanda kibercinayətkarlıq hallarının artması müşahidə olunur:

«Son illər transmilli mütəşəkkil cinayətkar qrupların bir neçə ölkə ərazisindən bir-birini tanımadan birgə fəaliyyəti üzrə cinayətlərin artması halları qeydə alınıb. Eyni zamanda bu hallar çirkli pulların yuyulması, kredit kartlarından oğurluq, internet kanallarında nəzarətdən kənar qanunsuz rabitə kanallarının təşkil edilməsi, kompyuter şəbəkəsi vasitəsilə informasiyanın məhvi, təcrid olunması, dezinformasiyaların verilməsi, ideoloji yad təbliğat aparılması, dağıdıcı virus proqramlarının, pozuculuq mahiyyətli məlumatların yayılması, qanunsuz informasiyaların əldə olunması üzrə xüsusi texniki vasitələrin alqı-satqısı işlərinin aparılması, bank maliyyə fırıldaqlarının törədilməsi və terror barədə bilərəkdən yalan məlumat verilməsi hallarıdır».

MTN-İN AKADEMİYASINDA İXTİSASLI KADRLAR HAZIRLANIR

Kərim Kərimov deyir ki, bəzən bank, maliyyə fırıldaqları ilə üzləşmiş şəxslər bu barədə məlumat verməkdən çəkinirlər. Bu isə cinayətkarların fəallaşmasına daha münbit şərait yaradır. Onun sözlərinə görə, kibercinayətkarlıqla mübarizə üçün Azərbaycanda bir neçə istiqamətdə, eləcə də MTN-in Akademiyasında ixtisaslı
Osman Gündüz
kadrlar hazırlanır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyir ki, kibercinayətkarlıqla mübarizə üçün xarici təcrübəni mənimsəmiş böyük kadr potensialı həqiqətən də formalaşdırılmalıdır. Amma bu heç də problemin həlli deyil:

«Bu məsələ ilə bağlı hazırda kifayət qədər ciddi problemlər var. Yəni həm müəyyən dairələrin Azərbaycana maraqları son dövrlər daha da güclənib, həm də cəmiyyət özü İnternetə daha çox inteqrasiya olub. Deməli, bu təhlükələr daha da artıb. Amma bununla bağlı görülən hüquqi, təşkilati, texniki və texnoloji məsələlər ölkədə geri qalıb. İnsanlarda hüquqi maarifçilik işi yox dərəcəsindədir. Yeni istifadəçini, yeni dövlət qurumunu, yaxud özəl şirkəti belə təhlükə həmişə gözləyir. Burada hüquqi, metodiki informasiya dəstəyini vermək üçün xarici təcrübəyə əsaslanan bir ictimai mərkəz yaradılmalı idi. Həmin mərkəz yaradılmadığı üçün bu sahədə ciddi boşluq mövcuddur».

Osman Gündüz hesab edir ki, kibercinayətkarlıq sıradan bir məsələ olmadığı üçün dövlət büdcəsinə ondan ötrü xüsusi bir bənd əlavə edilməli və ayrıca vəsait nəzərdə tutulmalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG