Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:59

İran dünyanı onun işlərinə qarışmamağa çağırır


İranın Xarici İşlər Nazirliyi dünyadan daşqalaqla edam hökmünə məhkum edilmiş qadınla bağlı bu ölkənin daxili işlərinə qarışmamağı tələb edir. Nazirliyin sözçüsü sentyabrın 7-də bildirib ki, bu, yalnız İranın daxili hüquqi sistemi ilə bağlı məsələdir.

Sözçüsü Ramin Mehmanpərəst hesab edir ki, dünya ictimaiyyətində Səkinə Aştiyani ilə bağlı narahatlıq təhrif edilmiş informasiyaların nəticəsidir.
Sentyabrın 7-də Avropa Komissiyasının sədri Jose Manuel Barroso da Avropa Parlamentində çıxışında deyib ki, iki uşaq anası olan bu qadının daşqalaqla öldürülməyə məhkum edildiyini eşidəndə şok yaşayıb:

- Bu, sözlə deyilməsi mümkün olmayan bir barbarlıqdır. Biz heç bir dini qaydalarla, qanuni normalarla haqq qazandırılması mümkün olmayan bu əməlləri pisləyirik.

Əslən azərbaycanlı olan 43 yaşlı Aştiyanı bir neçə il əvvəl ərinə xəyanət etmək və onun qətlə yetirilməsində iştirak etmək ittihamı ilə daşqalaqla edama məhkum edilib. Amma uşaqları və vəkilləri bu ittihamın əsassız olduğunu deyərək dünya ictimaiyyətindən yardım istəyiblər.

Aştiyanin taleyi ilə bağlı beynəlxalq kampaniya nəticəsində onun haqqında daşqalaq hökmü ləğv edilsə də edam hökmü hələ qüvvədədədir.
XS
SM
MD
LG