Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:21
PƏRVİZ

Nərmin xanım, mən özəl şirkətdə çalışıram. Əvvəllər, belə demək olarsa, odlu-alovlu inqilabçıydım.

Sonra özüm də hiss eləmədən içimdə nələrsə dəyişməyə başladı. Daha doğrusu, bu özəl şirkətə işə düzələndən sonra hər şey təzədən şəkilləndi gözümdə.

Deməzdim ki, uzun zaman ehtiyac və məhrumiyyətlər, ailə tənələri içində yaşayandan sonra ömrümdə ilk dəfə burada aldığım yüksək maaş işini gördü. Yox!

Onu da deyim ki, keçmiş yolumdan, fikirlərimdən gün-gündən uzaqlaşırdım və bu məni dəhşətə gətirirdi.

Elə bil o adam bir qayadan asılmışdı, mən macal tapıb onun əlindən yapışmışdım; ancaq ağırlıq və əlimizin tərləməsi öz işini görürdü - hər an onun əlini əlimdə saxlaya bilməyəcəyimi anlayır və bir az da itirirdim.

Bizim işimiz mobil abonentlərin sifarişləri əsasında onlara “zəngimcell”lər yollamaqdı; açığı, ilk vaxtlar o qədər əsəbiləşirdim ki! Ilahi, insan bu qədər düşük mahnını necə dinləmək və hələ üstəlik, ona zəng vuranlara da dinlətmək istər, deyə düşünürdüm. Ama yavaş-yavaş alışdım.

Alışdım nədi, bacı, sevinməyə başladım e! Fikirləşdim ki, əsas məsələ sonunda insanın xoşbəxt olması deyilmi?

Bu, istər inqilab yoluyla, istər gic-gici toyxana mahnısının sayəsində olsun... Mən hər gün yüzlərlə insanın beləcə xoşbəxt olduğunu görürdüm, özüm də xoşbəxt olurdum.

Incimə, Nərmin xanım, lap dəqiq vaxtı deyəmməyəcəm, unutmuşam; bir neçə ay bundan qabaqdı; eşitdim ki, Qoburnat bağında Kitab yarmarkası keçirilir. Dedim, elə fürsətdi - işdən çıxan kimi baş çəkərəm.

Onsuz da yolum ordan keçir. Axır ki, bu adamın tənəsindən qurtararam.

Bu adam dediyim sizin Pərvizdi - biz əvvəllər çox oturub-durardıq - onda mən də nəsə yazıb-pozardım.

Hə, bir gün görüşdük, özüm onu aramışdım, soruşdu ki, onun yeni romanını alıb oxumuşammı?

Dedim, mən sənin hədiyyə eləyəcəyini gözləyirdim. O da qayıtdı ki, sağ ol da, barı dostlar kitabımızı alıb bizi Şahbaz Xuduoğlunun yanında üzüağ eləməkdənsə, hədiyyə gözləyirlər. Möhkəm incidi.

Üstündən də dedi ki, yaxşı, imkan eləyən kimi bir kitab alıb sənə bağışlaram...

Alınmağından lap utandım, dedim, yox, sən alma, özüm alıb üstünü yazdıraram, yəni elə bilirdim ki, yenə öz hesabınıza çap elətdirib dost-tanışa paylayırsız. Əşşi, özünüz pozubsuz da camaatı.

Düzü, mən heç vaxt onun yazdıqlarını bəyənməmişəm. Elnurun, Seymurun bəyənmədiyi adamları oxuyammıram da, neynəyim.

Ama day adamla tanışlığımız vardı da, özü də yapışmışdı yaxamdan, əl-qır olmuşdu, hər telefon danışığımızda xatırladırdı, almadığımı bilib ah çəkirdi.

Mən yarmarkaya yaxınlaşanda qarşıma Nigar Köçərli çıxdı.

Bir an ayaq saxlayıb bu soylu xanımın üzünə zilləndim, o da duruxdu, baxışları ilişib qollarımı bürüyən xallarda qaldı. Mən yerimdən tərpənməsəm, deyəsən o da yolundan olacaqdı.

Əlqərəz, mən çatanda yarmarka dağılmışdı. Xuduoğlunun stendindən, yazar və yazarələrindən əsər-əlamət qalmamışdı. Sonuncu stend də, demək olar, yığışıb tərpənməyə hazırlaşırdı - bu da Nigar xanımın “Əli və Nino”suydu.

Yaxınlaşıb “Yad dildə” kitabını soruşdum, satıcı xanım kitabın satılıb qurtardığını dedi. Pərvizin giley-güzarını xəyalıma gətirəndə qanım qaraldı.

Yerimdən tərpənmək istəyəndə aralıdakı kətilin üstündə axtardığım kitabı gördüm, tək atılıb qalmışdı. “Aaa,- dedim,- xanım, kitab qalıb ki”, - elə bil böyük əzabdan canımı qurtarmışdım. Tez pulunu ödəyib yoluma düzəldim.

Evdə kitabı açdım. Nə görsəm yaxşıdı?!! Avtoqraf!!! Sən demə, müəllif kitabı Nigar xanıma yazıbmış:

“Kitabları sonsuz məhəbbətlə sevən Nigar xanım Köçərli üçün...”

"Azadlıq" qəzeti

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG