Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:23

Prezidentin ayırdığı 5 milyon manat


Əflatun Amaşov
Əflatun Amaşov
Sentyabrın 6-da ATƏT-in Bakı ofisi Mətbuat Şurası ilə birgə jurnalistlərin dörd prinsipdən ibarət peşə davranışı qaydalarının yeni variantını təqdim etdi. Bu prinsiplər «Həqiqətə xidmət, dəqiqlik və obyektivlik», «informasiya qaynaqlarına sayğılı yanaşma», «şərəf və layaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı», «jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması»ndan ibarətdir.

İkinci prinsipin dördüncü bəndi müzakirə iştirakçıları tərəfindən müsbət qarşılandı. Çünki həmin bənddə jurnalistin müstəsna hal kimi digər imkanları olmadıqda, ictimai əhəmiyyət kəsb edən informasiyanın əldə edilməsi üçün gizli kameralardan, gizli mikrafonlardan və s. istifadə etməsi peşə davranışı qaydalarının pozulması kimi qiymətləndirilmir.

Amma dördüncü prinsipin 1-ci və 2-ci bəndləri ciddi müzakirələrə səbəb oldu. Belə ki Mətbuat Şurasının sədri Əflatun Amaşov dördüncü prinsipin birinci bəndindəki «Jurnalist cəmiyyəti dəqiq informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı şəxsi, siyasi və ya maliyyə xarakterli həvəsləndirmələr qəbul etməməlidir» fikrini səsləndirən kimi yerdən ona suallar verilməyə başlandı.

«5 MİLYON PEŞƏ KODEKSİNƏ NƏ QƏDƏR UYĞUN GƏLİR?»


«IREX» Mediaya Yardım Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Şeldon Markoff Əflatun Amaşovdan soruşdu ki, bir müddət əvvəl prezidentin öz fondundan jurnalistlərə ev tikilməsi üçün ayırdığı 5 milyon manat Mətbuat Şurasının təqdim etdiyi «Jurnalistlərin peşə davranışı qaydaları»na nə qədər uyğun gəlir?

Ə.Amaşov jurnalistlərin sosial problemlərinin həlli fonunda bu məsələyə müsbət yanaşdığını bildirdi. O dedi ki, evsizlikdən ailə qura bilməyən gənc və hələ də nəvəsi ilə birgə yataqxanalarda qalan yaşlı jurnalistlərin mənzillə təminatı məsələsi zərurətdən yaranıb və bu peşə davranışı qaydalarını pozmur:

- Mən çox xahiş edərdim ki, görüləcək bir işə qara eynək taxıb baxmaqdansa, zamanı gözləmək daha yaxşı olardı. O təşəbbüsü irəli sürənlərdən biri mənəm. Mən bu məsələyə müsbət yanaşıram.

AzadlıqRadiosu: - Bəs bu sizin yazdığınız qaydaların pozulması deyilmi? Axı siz özünüz qeyd edirsiz ki, olmaz.

Jurnalistlərə ev verilməsi kodeksə uyğundurmu?
Əflatun Amaşov:
- Azərbaycan jurnalistlərinin sosial durumu ağır olduğu bir şəraitdə belə bir addımın atılması çox vacibdir.

AzadlıqRadiosu: - Kodeksin pozulması yoxsa jurnalistlərə ev verilməsi - hansını qəbul edirsiz?

Əflatun Amaşov: - Zərurətdən doğan məsələ olduğu üçün mən onu kodeksin pozulması kimi qəbul eləmirəm.

Prezidentin ayırdığı 5 milyon manatın peşə davranışı qaydalarına zidd olması barədə səslənən fikirləri tədbirdə iştirak edən Prezident Administrasiyası ictimai siyasi şöbəsinin nümayəndəsi Vüqar Əliyev narazılıqla qarşıladı. O bildirdi ki, hər bir jurnalist həm də Azərbaycan vətəndaşıdır və İlham Əliyev hələ 2003-cü ildə prezident seçiləndə hər bir Azərbaycan vətəndaşının qayğısına qalmaq məsuliyyətini öz üzərinə götürüb.

Prezident Administrasiyasının nümayəndəsi bu baxımdan da jurnalistlərin başqa bir zümrə kimi təqdim edilməsinin əleyhinə olduğunu bildirdi.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı isə hesab edir ki, kimin nə deməsindən asılı olmayaraq, prezidentin təşkil etdiyi bir qurum vasitəsilə mətbuata böyük məbləğdə pul ayırması jurnalistin peşə davranışları qaydalarına uyğun gəlmir.

BU, MEDİANIN DAHA ÇOX ASILILIĞINA XİDMƏT EDİR

«Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu da hesab edir ki, hansısa siyasi qüvvə tərəfindən jurnalistə yardım edilirsə, bu, peşə qaydalarının pozulmasıdır. Onun sözlərinə görə, əslində indi mətbuatla bağlı atılan addımlar medianın azadlığına yox, daha çox asılılığına xidmət edir:

- 5 milyon söhbətini rədd edənlər də, qəbul edənlər də əmindirlər ki, bu yardımlar mətbuatı demokratikləşdirmir, azad mətbuatın meydanını genişləndirmir. Bu, azadlıqları boğan bir hərəkətdir və bunu hər kəs bilir.

Teletənqidçi Qulu Məhərrəmli də peşə qaydalarında yazılanların əleyhinə addımların atılmasını müsbət qarşılamır. O inanmır ki, hansısa jurnalist ona verilən pul və ev müqabilində bitərəfliyini qoruya bilsin:

MƏN SİZİ NECƏ YARI YOLDA QOYA BİLƏRƏM?

- Siz mənə maşın vermisiz ki, onunla harasa gedim və özünüz də oturmusunuz yanımda, mən yarı yolda maşını saxlayıram və deyirəm ki, düşün maşından, sizi apara bilmərəm. Bu, ola bilər qaydalara uyğundur, amma bunu mənəvi baxımdan etmək olmaz.

Qulu Məhərrəmli
Qulu Məhərrəmli deyir ki, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı addımlar elə atılmalıdır ki, bu, jurnalistikanın prinsiplərinə zidd olmasın.

Peşə davranışı qaydalarında ikinci pozulan qayda isə jurnalistin siyasi təşkilata üzvlüyü ilə bağlıdır. Qaydalarda qeyd olunur ki, jurnalist siyasi təşkilatlara üzvlükdən çəkinməlidir.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı hesab edir ki, Mətbuat Şurası bu qaydalara əməl etmək üçün siyasi mənsubiyyəti olan adamları öz sıralarından azad etməli ya da həmin şəxslər siyasi mənsubiyyətindən imtina etməlidirlər. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə burda problem görmür. Onun dediyinə görə, həmin şəxslər qurultayda jurnalistlər tərəfindən irəli sürülən namizədlərdir.
XS
SM
MD
LG