Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:01

Yazıçı və şairlərdən qalan evlərdə indi kim yaşayır?


Bakıda “Bu evdə görkəmli Azərbaycan yazıçısı... yaşamışdır” yazısı olan çoxlu barelyeflərin olduğunu yəqin görmüsünüz.

Vaxtilə məşhur yazıçıların, şairlərin, dövlət xadimlərinin, alimlərin yaşadıqları həmin mənzillərdə, görəsən, indi kimlər yaşayır?

Sualıma cavab tapmaq üçün əksəriyyəti şəhərin mərkəzində yerləşən köhnə binalara baş çəkirəm.

Onlar köçüblər Barelyeflərin daha çox olduğu küçələrdən biri keçmiş Hüsü Hacıyev, indiki Azərbaycan prospektidir.

Sovet vaxtı və elə indi də daha çox şair və yazıçıların toplaşdığı məşhur “Monolit” kafesinin yerləşdiyi binanın qabağında bir neçə tanınmış simanın barelyefini görmək olar.

Onlardan diqqətimizi cəlb edən xalq şairi Mirvarid Dilbazi və dahi bəstəkar Üzeyir Hacıbəyovun barelyefləridir. Əvvəlcə onların yaşadıqları mənzilləri tapmaqda çətinlik çəkirəm.

Sakinlərdən heç kim mənə kömək edə bilmir. Qapını döyüb Mirvarid Dilbazinin yaşadığı mənzili soruşuram. Cavab verirlər ki, onlar köçüblər.

Sonra yaxınlıqdakı Mənzil Istismar Sahəsinə baş çəkirəm. Oradan mənə Mirvarid Dilbazinin vaxtilə yaşadığı mənzilin dəqiq ünvanını deyirlər.

Köhnə pilləkənlərlə qalxıb qapını döyürəm. Qapını 60 yaşlarında bir kişi açır. Mirvarid Dilbazinin kürəkəni olduğunu öyrənirəm:

“Bu evdə Mirvarid Dilbazi 1940-2001-ci illərdə yaşayıb-yaradıb, burada da rəhmətə gedib. Indi ev onun qızına məxsusdur”.

Ancaq evdə şəkil çəkməyimə razı olmur. Deyir, bağdan təzə gəlmişik, evin vəziyyəti yaxşı deyil, həm də Mirvarid xanımın qızının icazəsi olmadan onun otağını çəkmək olmaz.

Bu mənim evimdir, Üzeyir bəyin yox...

Uzun axtarışlardan sonra, nəhayət ki, vaxtilə Üzeyir bəyin yaşadığı mənzili tapıram.

Qapını Mobil adında bir kişi açır. Əvvəlcə nə istədiyimi öyrənir. Üzeyir Hacıbəyovun vaxtilə burada yaşayıb-yaşamadığını soruşuram.

Sualımdan qorxuya düşən Mobil müəllim mənimlə danışmaq istəmir.

Yəqin elə bilir ki, evi onun əlindən almağa gəlmişəm: “Mən burada çoxdan yaşayıram. 1973-cü ildə köçmüşəm bura. Burada Ü.Hacıbəyova aid heç nə yoxdur. Hamısını ev muzeyinə aparıblar.

Bura mənim evimdir. Başqa heç nə demək istəmirəm”.

İlyas Əfəndiyevin evini satıblar

Azərbaycan prospekti ilə üzü “beşmərtəbə”yə doğru daha bir neçə şəxsiyyətin barelyefi var.

Ən çox barelyef isə vaxtilə yazıçılar üçün tikilmiş binanın qabağındadır. Burada Ilyas Əfəndiyev, Hüseyn Arif, Zeynal Xəlil, Abdulla Şaiq, Kamal Talıbzadənin və başqa yazıçı-şairlərimizin barelyefləri dayanır. Ilyas Əfəndiyevin yaşadığı mənzilin qapısını bir xanım açır.

Deyir ki, onlar burada kirayədə qalırlar. Bu mənzildə isə əvvəllər kimin yaşadığından xəbərsizdir.
Üzbəüzdə isə şair Zeynal Xəlilin yaşadığı mənzildir.

Qapını onun qızı açır. Deyir ki, Ilyas Əfəndiyevlə illərlə qonşu olublar: “Rəhmətə gedəndən sonra onun evini satıblar, burada isə kirayənişinlər yaşayır”.

Eyni blokun 2-ci mərtəbəsində isə vaxtilə Abdulla Şaiqin, sonra onun oğlu Kamal Talıbzadənin, indi isə nəvəsinin yaşadığı mənzildir. Taxta qapılı bu köhnə mənzillərin bir çoxunu açan olmadı.

Barelyefləri olmasa da, öyrəndim ki, Isi Məlikzadə, Isa Hüseynov kimi yazarlar da bu binada yaşayıblar.

Köhnə qapı

Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin barelyeflərinin olduğu bina isə elə Rəsul Rzanin öz adına olan küçədə yerləşir.

Mənzilin qapısı taxtadandır, adam bərkdən döyməyə qorxur ki, elə indicə qırılacaq. Qapının üzərində kiril əlifbasıyla “Rəsul Rza” yazılıb.

Qapını orta yaşlı bir xanım açır və özünü Rəsul Rzanın qızı kimi təqdim edir. Ancaq xalq şairlərinin iş otaqlarını, onların kitabxanasının şəklini çəkməyə icazə vermir.

Üz tutduğum digər xadimlərin evlərində ya qapını açan olmadı, ya da orada başqa adamların yaşadığı bəlli oldu.

Elmin Həsənli
"Azadlıq" qəzeti

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG