Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:55

Moldovada prezident çəkişməsi


Artıq Moldovanın kommunist lideri Vladimir Voroninin istefaya getməsindən təxminən bir il keçir. Bu müddət ərzində isə təkrar cəhdlərə baxmayaraq, ölkəni çıxılmaz vəziyyətə salan qanunverici orqan varis seçmək üçün lazım olan 61 səsi toplamağa müvəffəq ola bilməyib.

Misal üçün, 2009-cu ilin noyabrında parlamentdəki 101 yerdən 48-nə sahib Kommunist Partiyasından olan millət vəkili Maria Postoico elan etdi ki, partiya prezident səsverməsini bir daha boykot edir:

«Kommunist parlamentarilər qrupu bu antidemokratik tamaşada və «Avropaya İnteqrasiya Uğrunda Alyans»ın namizədinin xeyrinə prezident seçkisində iştirak etməyəcək».

Dörd müxalif partiyanı birləşdirən «Avropaya İnteqrasiya Uğrunda Alyans»ı öz namizədini - Demokratik partiyasının lideri Marian Lupunu 2009-cu ilin dekabrında yenidən prezident seçməyə cəhd göstərmişdi, amma niyyətinə çata bilməmişdi.

PREZİDENTİ KİM SEÇSİN?
Ali Məhkəmə Kommunist partiyasının lideri Voroninin üçüncü müddətə seçilmək təklifinə baxılmasını rədd etmişdi


İndi isə bu sualı xalqa ünvanlamaq qərarına gəliblər – sentyabrın 5-i Moldovada referendumdur.

Vətəndaşlar dövlət başçısının seçilməsi üçün iki yoldan birini seçməlidirlər, ya 2000-ci ilədək olduğu kimi ümumxalq səsverməsi, ya da indiki kimi parlament yolu ilə. Ötən ay «IMAS» təşkilatının keçirdiyi sorğunun nəticəsinə görə, seçicilərin 65 faizi səsvermədə iştirak etmək istəyir və onlardan da 90 faizi ümumxalq səsverməsinə «hə» demək niyyətindədir.

Paytaxt Kişinyovda adının çəkilməsini istəməyən bir vətəndaş AzadlıqRadiosunun Moldova xidmətinə müsahibəsində deyir ki, ölkədə bu cür çıxılmaz vəziyyətə son qoyulmalıdır:

«Biz referenduma getməli və «hə»yə səs verməliyik ki, öz prezidentimizi seçə bilək».

Lakin Kommunist partiyası da seçiciləri səsvermədən yayındırmaq üçün öz obstruksiya taktikasını davam etdirməkdədir. Əgər seçicilərin üçdən bir hissəsi referendumda iştirak etməzsə, nəticə etibarsız sayılacaq.

«Avropaya İnteqrasiya Uğrunda Alyans»a daxil hər dörd partiya ayrı-ayrılıqda güclü kampaniya aparıblar, vətəndaşları ümumxalq səsverməsinə «hə» deməyə çağırıblar.

ƏGƏR «HƏ» DESƏLƏR…


Əgər referendumum nəticəsində ümumxalq səsverməsinə üstünlük verənlər çoxluq təşkil edərlərsə, çox güman ki, noyabrda parlamentin əvəzinə seçicilər öz ölkələrinə başçı seçəcəklər. Belə olan halda isə maraqlı mənzərə yaranacaq.

Bundan öncə Ali Məhkəmə Kommunist partiyasının lideri Voroninin üçüncü müddətə seçilmək təklifinə baxılmasını rədd etmişdi, əsas gətirmişdi ki, ölkənin daha çox tanınan partiyası güclü namizəd irəli sürmək iqtidarında deyil.
Moskva Voronini dəstəkləyir və yeni aparıcı koalisiyanın qərbyönümlü olmasından narahatdır

RUSİYA İZİ

Rusiya həmişə Moldovanın siyasəti ilə dərindən maraqlanıb. Moskva Voronini dəstəkləyir və yeni aparıcı koalisiyanın qərbyönümlü olmasından narahatdır. Rusiyanın hazırda Maldova prezidentinin səlahiyyətlərini icra edən Mixay Qimpu ilə münasibətləri gərgindir, xüsusilə də Qimpu iyunun 28-ni «Sovet İşğal Günü» elan edilməsi ilə bağlı fərman verəndən sonra. İyulda Moldova Ali Məhkəməsi həmin fərmanı ləğv etdi.

Moskvanın «Avropaya İnteqrasiya Uğrunda Alyans»a daxil iki partiya rəhbəri – Liberal-Demokrat Partiyasının lideri Vlad Filat və xüsusilə də vaxtilə kommunist partiyasının üzvü olan Demokratik partiyasının lideri Marian Lupu ilə münasibətləri daha yaxşıdır.

ABŞ-ın Ceymstaun Fondunun analitiki Vladimir Sokorun yazdığına görə, Moskva Lupuya təsir göstərir ki, yeni seçki keçiriləcəyi halda koalisiyanı tərk etsin və Kommunist partiyası ilə birlikdə solçu blok yaratsın. Sokora görə Voroninin ötən ay Moskvaya səfəri də məhz gizli danışıqlar aparmaq məqsədi güdürdü.

Marian Lupunun partiyası Rusiyanın aparıcı partiyası – Vladimir Putinin lideri olduğu Vahid Rusiya partiyası ilə sıx əlaqələrə malikdir.

Amma buna baxmayaraq, partiyasına kommunistləri cəlb etmək seçicilərin münasibəti baxımından Lupu üçün təhlükəli ola bilər. Ola bilsin ki, Lupu kommunistləri dəstəkləyən seçiciləri elə öz Demokratik partiyası ilə ələ almağı üstün tutur və güman edir ki, seçkinin ikinci turunda Vlad Filat və ya digər namizədə üstün gələ biləcək.

Tərcümə edəni: Ülkər Akifqızı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG