Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:43

Yenə Avropaya şikayət, yenə aclıq aksiyası...


Ucar şəhər sakini Fuad Hüseynov deyir ki, əvvəllər «Bizim soy» qəzetində müxbir işləyib. 2007-ci ildə həbs olunub. 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bu ilin iyun ayında Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Özünü təqsirsiz hesab etdiyindən həbsdən çıxandan sonra Ucar Rayon Polis Şöbəsinin keçmiş rəisini məhkəməyə verib. Deyir ki, yerli məhkəmələrdə şikayətinə baxılıb və təmin olunmayıb. Buna görə də növbəti şikayətini Avropa İnsan Haqları Məhkəməsinə ünvanlayıb. Şikayətçinin sözlərinə görə, indi onu həbslə hədələyirlər:

YAĞIŞDAN ÇIXDI, YAĞMURA DÜŞDÜ

«İyunun 3-də evimə gəlmişəm. Bundan sonra mənim həbsimlə bağlı məhkəməyə saxta sübutların təqdim edilməsini təsdiq edən sənədlər əldə etdim. Həbsimə bais olmuş Ucar rayon Polis Şöbəsinin keçmiş rəisi Ənvər Quliyevi məhkəməyə verdim. Bütün instansiyaları keçib Avropa Məhkəməsinə müraciət etdim. Bundan narahat olanlardan biri də Ucar rayon Polis Şöbəsinin indiki rəisi Tahir Quliyevdir. Həbsdən çıxandan 1 ay sonra belə bir plan qurublar ki, guya mən iyulun 3-də Ucar rayon poçtunun qarşısında özlərinin hazır şahidi, polisin üzəduranı Azad Hüseynovu bıçaqla vurmaq istəmişəm, o və bizi aralamaq istəyən Akif Cəfərov adlı şəxs xəsarət alıblar. Mən eşidəndə ki, belə bir plan hazırlanıb, gözlədim ki məni çağırıb dindirəcəklər. Düz 17 gün gözlədim, polisə çağırmadılar, 17 gündən sonra iyulun 22-də özüm polis şöbəsinə getdim, dedim hamı məndən danışır ki, guya kimisə vurmuşam, barəmdə cinayət işi var. Dedilər ki, doğurdan da sənin barəndə belə bir cinayət işi var, amma yenə dindirmədilər, iyulun 26-da çağırdılar, izahatımı aldılar. İzahatımda göstərdim ki, iyulun 3-də qeyd olunan saatda Nərimanov küçəsi 14-də yerləşən mağazanın qarşısında olmuşam. Bunu qonşularım da görüb. Onlar bununla bağlı polis şöbəsində ifadə də veriblər. Qarşı tərəfin şahidləri üç nəfərdir, üçü də narkomaniyadan, alkoqol xəstəliyindən əziyyət çəkənlərdir. Məqsəd Avropa Məhkəməsinə müraciət etməyimə görə məni həbs etməkdir».

BİR ADAM EYNİ VAXTDA İKİ KÜÇƏDƏ?

Ucar rayon Polis Şöbəsində şahid qismində ifadə verənlərdən biri Məkanət Rəsulovadır. Məkanət xanım deyir ki, istintaqa verdiyi ifadəsində də göstərib ki, hadisə baş verdiyi qeyd olunan saatda Fuad Hüseynovu hadisə yeri kimi göstərilən poçtun qarşısında yox, başqa ünvanda görüb:

«Rayonda kanalizasiya boruları çəkilir, o cümlədən bizim Nərimanov küçəsində də. Abadlıq işləri ilə əlaqədar bizim həmin küçədən keçən su xəttimiz sıradan çıxmışdı və mən həmin gün saat 6-da həmin küçəyə getmişdim. Su xəttinin təmirinə görə saat 6-dan 9-a kimi həmin küçədə olmuşam, həmin saatlarda Fuadı həmin küçədəki mağazanın qarşısında görmüşəm. Ayın 4-də eşidəndə ki, belə bir məsələ var, hamı məəttəl qaldı ki, axı bu adam həmin saatlarda gözümüzün qabağında olub, nə vaxt adam bıçaqladı ki, heç kəs bilmədi».

MÜSTƏNTİQ: «İSTİNTAQ BİTƏN KİMİ HƏBS OLUNACAQ»


İş üzrə istintaqı Ucar rayon Polis Şöbəsinin müstəntiqi Ramiz Məcnunov aparır. Deyir ki, barəsində danışılan bıçaqlanma faktına görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, istintaq başa çatmaq üzrədir. Müstəntiq Fuad Hüseynovun şikayətlərinə belə münasibət açıqladı:

«Ucar şəhəri, Heydər Əliyev küçəsində telekommunikasiya qovşağı qarşısında iki nəfərə bıçaqla xəsarət yetirilib. Hələ ki, istintaq davam edir. Başa çatandan sonra yəqin ki Fuad Hüseynov təqsirləndirilən şəxs kimi cəlb olunub həbs ediləcək. Nə olsun ki, hər yerə şikayət edir, o qədər təqsirli adamlar var ki, şikayət edirlər».

Avropa Məhkəməsinin Fuad Hüseynovun işi üzrə nə qərar verəcəyi indidən bəlli deyil, şikayətçi özü isə deyir ki, qərarı azadlıqda qarşılamağa ümidlidir.

Buna da bax:

XS
SM
MD
LG