Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:32

«Mavi ekran çoxrəngli olacaqdır»


ABŞ əhalisi rəngli televizora ilk dəfə 1953 –cü ildə baxıblar. 1965 –ci ildə isə SSRİ və Fransa arasında rəngli televizorlarla bağlı müqavilə imzalandıqdan sonra SSRİ ərazisində ilk dəfə rəngli televizorla yayım 1967 –ci il 7 noyabrda baş verib.

Azərbaycanda isə qəzetlər bu yenilik barədə 1970 –ci ilin aprel ayında xəbər veriblər.

«Kommunist» qəzetinin 28 aprel 1970 –ci il buraxılışında rəngli televizorla bağlı 28 Aprel 1970 –ci ildə Azərbaycan SSRİ Rabitə Naziri İ. İ. Nəsrullayev məlumat verib.

«Mavi ekran çoxrəngli olacaqdır»

«Rəngli televiziyanın ilk sınaq seansları olmuşdur. Bu seanslar müvəffəqiyyətlə keçmişdir. İndi Azərbaycan hər gün mərkəzi televiziyanın və interviziyanın rəngli verilişlərini qəbul edir. Azər.Ta – nın müxbiri Azərbaycan SSRİ Rabitə Naziri İ. İ. Nəsrullayevdən xahiş etmişdir ki, bu xoş xəbəri şərh etsin. Nazir demişdir:

-Azərbaycan rabitəçiləri Leninin yubileyi şərəfinə qəbul etdikləri sosialist öhdəliyini yerinə yetirmişlər. V. İ. Leninin anadan olmasının 100 illiyi bayramı günündə respublika Moskvadan translyasiya edilən rəngli televiziya verilişlərini qəbul etməyə başlamışdır. Mavi ekran əlvan rənglərə boyanmışdır. Eyni zamanda Azərbaycan televiziyasının birbaşa Moskva ekranına və Moskva vasitəsilə interviziya ekranına çıxması üçün texniki imkan yaranmışdır».

«Bakı televiziya studiyasını qoşuruq»

«Biz indi paytaxtın mərkəzi televiziya diktorunun bu sözlərini eşidəcəyik:

«Bakı televiziya studiyasını qoşuruq».

Rəngli verilişlərin qəbulu işləyən aparatların tamamilə dəyişdirilməsini nəzərdə tutan Rustavi – Bakı radiorele xəttinin yenidən qurulması ilə əlaqədardır. Bunun üçün Moskvanın verilişlərinə heç olmasa 45 gün ara vermək tələb olunurdu. Lakin biz bu yolla getmədik. Doğrudur, verilişlərin keyfiyyəti müvəqqəti aşağı düşdü. Ancaq mənə belə gəlir ki, televiziya tamaşaçıları onların mənafeyinə qayğıdan irəli gələn qərarımızı bəyənəcəklər. Yeri gəlmişkən, demək lazımdır ki, yeni mükəmməl avadanlığın qurulması nəinki verilişlərin keyfiyyətinin bərpasına, habelə əvvəlkindən daha yaxşı olmasına gətirib çıxarmışdır».

«Televiziya ekranı rənglərlə birlikdə sanki yeni üfüqlər fəth edib»

«Çoxrəngli təsvirin qara- ağ təsvirdən üstünlüyünü sübut etməyə ehtiyac yoxdur. Televiziya tamaşaçısı rəngli kino filmlərini, teatr tamaşalarını, konsertləri, sərgiləri, təbiət mənzərələrini, səyyahlar klubunun verilişlərini, coşqun idman yarışlarını tamamilə başqa cür görəcəklər, biz hələ interviziya proqramını demirik. Televiziya ekranı rənglərlə birlikdə sanki yeni üfüqlər fəth etmiş, öz imkanlarını xeyli genişləndirmişdir. Ümidvaram ki, ilk rəngli verilişlərimizi görənlər bunu yəqin etmişlər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG