Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:28

"Azərbaycan: zəif sabitlik"


Azərbaycan polisi sərbəst toplaşmaq tələbilə müxalifət fəallarının piketində aksiya iştirakçısının şüar qışqıran ağzını və gözlərini yumur, 12 iyun, 2010

Azərbaycan polisi sərbəst toplaşmaq tələbilə müxalifət fəallarının piketində aksiya iştirakçısının şüar qışqıran ağzını və gözlərini yumur, 12 iyun, 2010

Beynəlxalq Böhran Qrupu sentyabrın 3-də yaydığı hesabatını bu adla təqdim edir. Təşkilat qeyd edir ki, əgər iqtisadi və siyasi islahatların zəruriliyinə əhəmiyyət verməməkdə davam edərsə, Azərbaycan enerji ehtiyatlarından daha sabit sistem və varlı dövlət qurmaq fürsətini əldən verəcək.

Sənəddə Beynəlxalq Böhran Qrupu neft pullarının necə islahatlara daha müqavimətli süst bir siyasi sisitemə gətirib çıxarmasını araşdırıb: “Neft gəlirləri qarşıdakı bir neçə ildə tədricən azalmağa doğru gedəcək. Bu da iqtisadi problemlərə və ictimai narazılıqlara səbəb ola bilər. Ona görə problemləri həll etməyin vaxtı indidir. Bunun əvəzinə hazırkı siyasi sistem uzunmüddətli məqsədlərin debatlarda müzakirəsinə imkan vermir. Bu da laqeydliyə və inamsızlığa gətirib çıxarır”.

Qrupun Qafqaz Layihəsinin direktoru
Sheets hesab edir ki, “ənənəvi qaydada işləmək” şübhəsiz ki, bir müddət işə yaraya bilər, amma Azərbaycan uzun müddət bu şəkildə yaşaya bilməz: “Əgər hakimiyyət xalqın həyat standartlarının və xidmətlərin yüksəlməsini umacağını nəzərə alırsa, bəzi iqtisadi və hətta siyasi islahatların aparılması qaçılmazdır.

Sənəddə daha sonra qeyd edilir ki, İlham Əliyevin prezidentliyi dövrü neft hesabına ölkənin siyasi həyatının sabitləşdirilməsi və iqtisadi inkişafa nail olmağa yönəlib. Amma bu sabitlik özüylə həm də avtoritarizmi, azadlıqların daha çox boğulmasını, korrupsiya və ictimai həyatın bütün sahələrinə nəzarəti gətirib. Nəticədə daxili siyasət müxalifət-iqtidar kontekstindən hakim elita daxilində nadir çəkişmələr formasına düşüb.

Enerji sektorundan getdikcə həddən artıq asılılıq, gəlirlərin qeyri-bərabər bölgüsü, həm hakimiyyətdən, həm də ənənəvi müxalifət partiyalarından məyusluq orta və uzun müddətdə ölkədə radikalizmin və qeyri-sabitliyin baş verməsi ehtimalını artırır.

Beynəlxalq Böhran Qrupu hesabatında bəzi tövsiyyələr də verir: “Azərbaycan hökuməti öz vətəndaşlarının sərbəst toplaşma azadlığına imkan verməli, siyasi müxalifətlə real debatlara qoşulmalı və siyasi məhbusları azad etməlidir. Sabitlik və firavanlığa nail olmaq üçün şəffaflığa və cavabdehliyə alışmaq, davamlı və müxtəlif istiqamətli bazar iqtisadiyyatı əsaslı iqtisadiyyat qurulmalıdır. Beynəlxalq ictimaiyyət ölkə rəhbərliyini inandırmalıdır ki, həqiqi liberallaşma onların öz maraqlarına uyğundur. İnsan haqlarını daim gündəlikdə saxlamalı, beynəlxalq ictimaiyyət 2010-cu ilin parlament seçkilərini yaxından izləməlidir”.

Sabine Freyzer
Qrupun Avropa Proqramlarının direktoru Sabine Freyzer də bildirib ki, neft hasilatı artıq azalmağa başlamaq ərəfəsindədir, ona görə də asan pul eyforiyasını praqmatik siyasət əvəz etməlidir: “Nə qədər ki, maliyyə bolluğunda və siyasi rahatlıqdadır siyasi sferanı açmaq, korrupsiyanı cilovlamaq, iqtisadiyyatı monopoliyalardan təmizləmək hamıdan əvvəl rejimin özünə lazımdır”.

Sənəd gec saatlarda yayıldığından hakimiyyət təmsilçilərinin orada qeyd edilən fikirlərə münasibətini almaq mümkün olmadı. Amma Azərbaycan rəsmiləri və hakim partiya bu cür tənqidləri adətən Azərbaycana hansısa kənar qüvvələrin təzyiq cəhdi kimi qiymətləndirilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG