Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:48

Qiymət artımının aşkar və gizlin səbəbləri...


YEMƏYƏ PUL ÇATDIRA BİLMƏYƏN TƏQAÜDÇÜ DƏRMANDAN KƏSİR

«Yağ 1 manat 90 qəpikiydi, indi 2 manat 20 qəpik olub. Hər şeyin qiyməti artıb. Vallah aldığım dərman puluna çatmır. Təzyiqim var, dərman altı manat eləyir, mən ona pul verə bilmirəm. Harda qırıldı-qırıldı. Neyləyim, oğurluq eləyim, adam öldürüm? 75 manat nə təqaüddür?».

Qiymət artımından şikayətlənən, yeməyinə pul çatdıra bilməyib, dərman pulundan kəsən təqaüdçü Bayram kişidir. Deyir ki, təqaüdü artıq on manat artıb, 85 manat olub. O da söhbəti əvvəlcə zarafata salmaq istəyir:

«Çatar eyy...Hələ qalar, işıq pulu, qaz pulu, kanalizasiya pulu, su pulu. Heç onlara pul çatmaz. Yeməyi nəynən yeyək? On manat artıb, on manat nədir ki? Qiymət də artıb. «Optovoy»da da qiymət qalxıb».

Qiymət artımını isə təkcə Bayram kişi demir, «Turan» İnformasiya Agentliyi də son bir ayda ərzağın orta hesabla 4 faiz artdığını bildirir. Amma bəzi ərzaqların qiyməti daha çox artıb. Məsələn, qarğıdalı yağı 10, düyü, kərə yağı 9, mal əti 8, un 5 faiz artıb. Ramazan süfrəsinin atributlarından sayılan xurmanın qiyməti isə 60, quru meyvə 15 faiz artıb.

Artan həm də bəzi tərəvəz məhsullarıdır. Pomidorun qiyməti yarıya-yarı 50 faiz, xiyarın qiymətisə 20 faiz artıb.

QİYMƏT ARTIMININ AŞKAR VƏ GİZLİN SƏBƏBLƏRİ

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qiymət artımı bir neçə faktorla bağlıdır. Əvvəla Azərbaycanda çox pis bir praktika yaranıb. Maaşlar, təqaüdlər qalxmamışdan bir neçə həftə qabaq qiymətlər qalxır. Bazara bir siqnal olur:

«İkincisi, başqa ölkələrdən fərqli olaraq bizdə bayramlarda endirim kampaniyaları əvəzinə qiymət artımı müşahidə olunur. Üçüncüsü, belə məlumat dolaşır ki, bu ilki seçkilər ərəfəsində həm vergidə, həm gömrükdə biznes qurumlarından böyük vəsait toplanır, bu da birbaşa qiymətə təsir edir».

Natiq Cəfərli
Natiq Cəfərliyə görə, qiymət artımına sözsüz ki, bölgədəki daşqınlar da təsir edib. Kənd təsərrüfatı məhsulları ya zay olub, ya da məhsuldarlıq aşağı düşüb. Hərçənd ekspert bu faktorun təsirini ciddi saymır.

NAZİRLİK ARTIMI NƏ TƏSDİQLƏYİR, NƏ DƏ…

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevsə ərzaq məhsullarının qiymətinin artmasını nə təsdiqlədi, nə də təkzib etdi. Bu yöndə monitorinq aparılıb-aparılmadığını da söyləmədi. Sadəcə, bir məsələyə aydınlıq gətirdi. Çörək və unun qiyməti ilə bağlı monitorinq aparılıb. Onun nəticələrini isə nazirliyin saytından öyrənməyi məsləhət gördü.

Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin monitorinqinə görə, ölkədə çörəyin və unun pərakəndə satış qiyməti artmayıb, həmçinin çörəyin çəkisində azalma qeydə alınmayıb.

Hərçənd «Turan» İnformasiya Agentliyi unun kisəsinin 2 manat artdığını bildirir. İqtisadçılar isə bunu yerli məhsuldarlığın zəif olması və inhisarçılıqla bağlayırlar. Hətta bədbin bir proqnoz da var – un daha da bahalaşa bilər.

Bu il həm Azərbaycanda, həm də Rusiyada baş verən təbii fəlakətlərsə başqa dənli bitkilərin qiymətinə təsir edib. Məsələn, adətən 70 qəpiyə satılan qarabaşaq indi 2 manat olub.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev «Mediaforum» saytına deyib ki, Rusiyadan qarabaşaq idxalı azalıb. Bu da qonşu ölkədəki meşə yanğınları nəticəsində dənli bitkilərin, o cümlədən qarabaşağın istehsalının aşağı düşməsiylə bağlıdır.

SATICI DA DAD DÖYÜR Kİ…

Qiymət artımından isə tək alıcılar yox, elə satıcılar da dad döyür. Paytaxtın Cəfər Cabbarlı küçəsindəki mağazalardan birinin satıcısı:

«Mer-meyvə və tərəvəz məhsulu da yaya nisbətən payızda-qışda həmişə yüksək olub»
«Yəqin ki, bu, yaxşı yaşayanların vəziyyəti ilə bağlıdır. Özlərinin qayğısı yoxdur. Qayğı ilə yaşayanların dərdini də bilmirlər. Əgər Ramazanla bağlıdırsa, qiymət artırmasınlar, endirsinlər. Hər yerdə belədir. On manat pensiya artır, ordan da qiymət qalxır. Pensiya da seçkilərə görə qalxıb yəqin ki…».

QİYMƏTLƏR DAHA DA ARTA BİLƏR

Natiq Cəfərli deyir ki, Ramazandan sonra ərzaq məhsullarının qiymətində ucuzlaşmanı gözləmir. Əksinə üzü payıza bəzi ərzaq məhsullarının və kənd təsərrüfatı məhsullarının qiyməti daha da arta bilər:

«Çox təəssüf ki, Azərbaycan reallığı və praktikasında qalxan qiymətlər çox cüzi məhsullarda ucuzlaşa bilər. Nəzərə alsaq ki, mer-meyvə və tərəvəz məhsulu da yaya nisbətən payızda-qışda həmişə yüksək olub. Yaxın aylarda qiymətin aşağı düşməsini gözləmirəm».

İqtisadçıya görə, qiymətin ucuzlaşması üçün inhisarçılığa, korrupsiyaya qarşı ciddi mübarizə aparılmalıdır. Amma hələ ki, bu sahədə əlini əlinə vuran yoxdur.
XS
SM
MD
LG