Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:33

Gürcüstan Azərbaycanla konfederasiya müzakirə edir


Azərbaycan prezidenti İlham Əliyev Tbilisidə Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə (sağda) görüş zamanı, 21 noyabr 2007

Azərbaycan prezidenti İlham Əliyev Tbilisidə Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə (sağda) görüş zamanı, 21 noyabr 2007

SAAKAŞVİLİNİN SÖZLƏRİ TƏKCƏ DİPLOMATİK NƏZAKƏT İFADƏLƏRİ DEYİLMİŞ
Gürcüstan prezidenti Mixeil Saakaşvilinin Azərbaycanla konfederasiya təklifinin icrası istiqamətində Tbilisidə müzakirələr qızışır. AzadliqRadiosunun gürcü xidmətinin əməkdaşları xəbər verirlər ki, indi Gürcüstanda konfederasiya mövzusu ictimai-siyasi dairələrin ən fəal mövzularındadır.

Prezident Saakaşvili bu il iyulun 18-də prezident İlham Əliyevin Batumiyə səfəri zamanı keçirilən birgə mətbuat konfransında Azərbaycanla konfederasiya təklifini səsləndirmişdi. Ondan bir ay sonra – avqustun 20-də isə məlum olub ki, bunlar təkcə diplomatik nəzakət xatirinə istifadə edilən sözlər deyil.

Həmin gün Gürcüstanın Xarici İşlər nazirinin müavini Nino Kalandadze hökumətin iclasından sonra gözlənilmədən jurnalistlərə bildirib ki, Azərbaycanla konfederasiya ideyasının hansı hüquqi formada kerçəkləşməsi artıq diplomatik danışıqların gedişindən asılıdır. Tbilisi Bakı ilə birliyə hazırdır.

Həmin görüşü izləyən gürcü jurnalistlər guman edirlər ki, iclasda prezident Saakaşvilinin konfederasiya təklifi müzakirə edilib, ona görə nazir müavini bu istiqamətdə jurnalistlərə bəzi məlumatlar verməyi lazım bilib.

SOSİAL-DEMOKRATLAR TBİLİSİDƏN İZAHAT TƏLƏB EDİR

Prezidentlər Mixeil Saakaşvili və İlham Əliyev Azərbaycan qazının gürcü ailəsinə çatdırılması mərasimində
Nino Kalandadzenin bu çıxışından sonra Gürcüstanın Sosial Demokrat Partiyası Azərbaycanla mümkün konfederasiyanın müxtəlif etnik millətlər yaşayan Qafqazda yeni müharibələrə səbəb ola biləcək “təhlükəli fikir” adlandırıraq Gürcüstanın Xarici İşlər Nazirliyindən əlavə açıqlama tələb edib.

Gənc Sahibkarlar və Maliyyəçilər Assosiasiyası isə sentyabrın 1-də bu konfederasiyanın genişləndirilməsini, ora Ermənistanın da daxil edilməsini təklif edib. Qurum hesab edir ki, Ermənistanın güclü beynəlxalq lobbisi yeni konfederasiyanı iqtisadi cəhətdən daha səmərəli edə bilər.

AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, gürcü təhlilçilərin bir çoxu indiki geosiyasi şəraitdə Azərbaycanla birliyin daha çox Tbilisinin mənafelərinə cavab verdiyini deyirlər. Onların fikrincə, məhz buna görə, hələlik Bakıdan təklifə rəsmi reaksiya səslənməyib.

AZƏRBAYCANDA RƏSMİLƏR HƏLƏ SUSURLAR
Mixeil Saakaşvili bu ilin mayında əvvəlcə Bakıda, iyul ayında isə Batumidə bu təklifini səsləndirəndə İlham Əliyev yalnız Azərbaycanla Gürcüstan arasında əlaqələrin getdikcə genişlənməsi, bunun hər iki tərəfin maraqlarına uyğun olması kimi protokol ifadələri ilə danışıb, birbaşa mövzunun özünə toxunmadı.

Xarici İşlər Nazirliyi də hələlik bu mövzuda şərh vermir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov AzadliqRadiosuna bildirib ki, Naziriliyin strukturlarında heç bir müzakirə olmadığından bu mövzuda suallara da cavab verə bilmir.

BAKIDA MÜMKÜN KONFEDERASİYANIN MODELİ DƏ VAR
Amma Qafqazda konfederasiya ideyasının Azərbaycan üçün də yeni fikir deyil. 1990-cı illərdə hansısa formada Qafqaz respublikalarının birliyinin yaradılması təklifinə hətta Azərbaycan parlamentində bəzi deputatlar imza da atmışdılar. Həmin təşəbbüsün müəllifi olan Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, tarixçi alim Xaləddin İbrahimli hələ də bu regionda hansısa formada birlik ideyasının reallaşa biləcəyini istisna etmir:
Xaləddin İbrahimli

- Bunun üçün ilk növbədə vahid bir siyasi təşkilat yaradılır. Avropa Parlamentinə bənzəyən bir Qafqaz Xalqlarinin Parlament Assambleyası qurulur. Sonra bütün mübahisəli məsələləri həll edəcək Arbitraj yaradılır. Daha sonra əməkdaşlıq vahid gömrük, valyuta siyasəti qurula, hətta bəlkə ordu yaradıla bilər. Bütün bunların həyata keçirilməsinə yalnız siyasi iradə lazımdır

Amma tarix boyu nə zaman Qafqaz konfederasiyası ideyası ortaya atılıbsa, Ermənsiatn işi pozub. Bunun da sadə bir səbəbi var ki, o hər zaman Qafqazda hökmranlıq üçün Rusiyaya müdaxilə üçün bir qapı açır.

- Ermənistansız Qafqaz konfederasiyası mümkündürmü?

- Mümkün olmur, o da bir Qafqaz dövlətidir.

Əslində konfederasiya modelinin mahiyyəti ondan ibarətdir ki, regionda münaqişələrin qarşısı alınsın. Bölgədəki çoxsaylı xalqlar və millətləri bir siyasi çətir altına toplayıb qarşıdurmalara son qoyulsun. Münaqişəyə son qoymaq üçün də Ermənistanın da ora cəlb edilməsi lazımdır.

- Belə çıxır ki, hələlik bu konfederasiya fikrinin reallığa çevrilməsi yaxın illərdə o qədər də ağlabatan deyil?

- Hər halda, bu dəfə Saakaşvili təşəbbüs göstərib. Gürcüstan israrlı olsa, Avropanı inandıra bilsə ki, bu çox optimal həll yoludur, o zaman birlik hansısa formada reallaşa bilər.

BAKI İLƏ TBİLİSİNİN BMT-DƏN İSTƏDİYİ DƏ EYNİDİR
Prezidentlər İlham Əliyev və Mixeil Saakaşvili Gürcüstanda keçmiş prezident Heydər Əliyevin heykəlinin açılış mərasimində, 12 may 2007
Bakıda ekspertlər arasında Azərbaycanla Gürcüstanın konfederasiyasının yaradılması ideyasının böyük dövlətlərdən gəldiyini deyənlər də var. Mütəxəssislər bildirirlər ki, aralarında heç bir münaqişə olmayan, əksinə enerji və başqa iqtisadi layihələrlə bir-birinə xeyli sıx bağlanmış Bakı ilə Tbilisini həm də etnik separatçılıqla üzləşmək kimi bir ümumi dərd birləşdirir.

Hazırda Azərbaycan Qarabağda, Gürcüstan isə Abxaziya və Cənubi Osetiyada işğal edilmiş ərazilərində vəziyyətə dair BMT-nin yeni qətnaməsinin qəbul edilməsinə çalışırlar. BMT-nin sentyabrın 7-də keçiriləcək sessiyasında bu qətnamələrin müzakirəsi gözlənir.


QAFQAZDA KONFEDERASİYA TARİXÇƏSİ


Rusiyanın Qafqazı işğal etdiyi ilk dövrlərdə - 1830-cu illərdə əvvəlcə çərkəzlər region xalqlarının hansısa formada birliyinə cəhdlər ediblər.

1915-ci ildə isə Çar Rusiyasından mühacirətə gedən adamlar, o cümlədən Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu İsveçrədə ümumi nəzəri əsasları hazırlayıb, Qafqaz İstiqlal Komitəsi adlı bir siyasi qurum yaradıblar.

1918-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu Qafqaz Seymi reallaşdırldı. Seym dağlıb müstəqil dövlətlər elan ediləndən sonra da birlik ideyaları aktuallığını itirmədi, 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin təşəbbüsü ilə Tbilisidə Qafqaz Konfederasiyasının yaradılmasına dair beynəlxalq konfrans keçirildi.

Kommunist Rusiyası Qafqazın müstəqil demokratik cühuriyyətlərini işğal edəndən sonra Qafqazda birlik ideyası bu dəfə də sovetlərə lazım oldu – Zaqafqaziya Sovet Sosisalist Respublikaları İttifaqı yaradıldı. 1936-cı ildə bu ittifaq da dağıdıldı.

Sovet İttifaqının süuqutundan – 1991-ci ildən sonra regionda ciddi etnik toqquşmalara baxmayaraq, Qafqaz konfederasiyası ideyası yenə də gündəmdən düşmədi.

Xüsusilə Çeçenistanın mərhum lideri Cövhər Dudayevin sağlığında Rusiyanın regionda təsirinin azaldılması üçün Qafqaz xalqalrının hansısa formada birliyinin tapılmasına cəhdlər oldu. 1990-cı illərin sonunda Rusiya regionda güclənəndə isə artıq Qafqaz konfederasiyası fikirləri arxa plana keçdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG