Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:11
Avqustun 31-də Tərtərəni Çaylı kəndi yaxınlığındakı təmas xəttində atəşkəsin pozulmasında baş verən itkilər barədə tərəflər fərqli rəqəmlər açıqlayıb. Azərbaycan tərəf 2, Ermənistan isə 7 azərbaycanlı əsgərin öldüyünü deyir.

Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 1-də yaydığı məlumata görə, avqustun son günü Ermənistan və Azərbaycan hərbçiləri arasında şiddətli atışma olub. Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətində təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd ediblər.

Həmin vaxt Azərbaycan tərəfinin müqaviməti ilə qarşılaşan Ermənistan ordusu 3 itki verib, bir neçə nəfər yaralanıb. Döyüş zamanı Azərbaycan ordusunun 2 əsgəri həlak olub.

Ermənistan Müdafiə Nazirliyi fərqli informasiya açıqlayır.

«ERMƏNİSTAN ORDUSU İTKİ VERMƏYİB»

Azərbaycanın növbəti dəfə dezinformasiya yaydığını deyən nazirlik, əslində Azərbaycan tərəfinin itkisinin daha çox – 7 əsgərin öldüyünü, özlərindən isə ölənlərin olmadığını deyib. Ermənistan rəsmiləri döyüş zamanı yalnız 1 erməni əsgərin – Rudik Tovmasoviç Manaseryanın yaralandığını, onun da vəziyyətinin hazırda kafi olduğunu bildiriblər.

Ermənistan tərəfinin məlumatını isə Azərbaycan tərəfi «yalan» adlandırır. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev hesab edir ki, ermənilərin bu cür məlumat yaymaqda məqsədi daha çox itki verdiklərini gizlətməkdir:

«Təbii ki, erməni tərəfi belə deməlidir. Çünki onlar daha çox itki verib. Bundan əvvəl də belə hadisələr olanda, onlar daim bizdən çox itki veriblər. Bunu da ört-basdır etməkdən ötrü deyirlər ki, guya 7 nəfər itki verib. Bunların hamısı ermənilərin bildirdiyi boş, mənasız məsələlərdir. Sadəcə onlar öz uğursuzluqları ilə barışa bilmirlər».

DEZİNFORMASİYA MÜHARİBƏNİN QANUNUDUR

«Münaqişə tərəflərinin dezinformasiya ilə məşğul olması müharibənin qaydalarındadır». Hərbi ekspert Üzeyir Cəfərov bunun yeni hal olmadığını deyir. Belə ki, müharibə aparan, konfliktdə olan tərəflər özlərinə sərf edən şəkildə məlumatı çatdırmaqda maraqlıdırlar.

Ancaq ekspert Azərbaycan Müdafiə Nazirliyinin təmas xəttində baş verən hadisələrlə bağlı məlumatları açıqlamaqda gecikdiyini bildirir:

Üzeyir Cəfərov
«Müdafiə Nazirliyinin məlumatlarına iradım var. Bizimkilər bəzi məsələlərdə gecikirlər, ermənilər o vaxta kimi hay-küy qaldırırlar. İlk məlumatı kim verdi daha çox o məlumat yaddaşlara hopur, müəyyən fikir formalaşır. Sonra verilən məlumat isə birinci məlumata faktiki olaraq az təsir göstərir. Ermənistan tərəfi əlbəttə məlumatı özünə sərf edən formada çatdırmağa çalışır. Azərbaycan tərəfi isə verdiyi məlumata özünə məxsus faktlara yanaşmanı gündəmə gətirir».

«ÖLƏN ERMƏNİ ƏSGƏRLƏRİNİN MEYİTİ BİZDƏ DEYİL»

Ekspert həmçinin qeyd edir ki, məlumatlarda Ermənistan Silahlı Qüvvələrinin hücum etdiyi, onların qarşısını isə həlak olan iki azərbaycanlı əsgərin aldığı deyilir. Bəs onda döyüş meydanında qalan meyitlər hanı, yaralanan əsgərlər hanı?

Elə biz də bu sualı Müdafiə Nazirliyinə ünvanladıq:

«Biz tərəfdə deyil» – Teymur Abdullayev belə cavab verdi, ancaq ətraflı məlumat verməkdən imtina etdi.

Üzeyir Cəfərov avqustun 31-də baş verən hadisədə həm də siyasi çalarlar axtarır. Hesab edir ki, atəşkəsin məhz bu ərəfədə pozulması təsadüfi deyil:

«Azərbaycanı müəyyən məsələlərə sövq etmək üçün atılan addımlardan biridir. Sual oluna bilər ki, nə oldu ki, birdən-birə bu hadisələr baş verdi? Niyə hadisələr bir həftə əvvəl və ya daha sonra yox, Rusiya prezidentinin səfəri ərəfəsində baş verib? Türkiyə Xarici İşlər Nazirliyi bu günlərdə cəbhədə baş verən hadisələrlə bağlı narahatçılığını bildirib. Bu sıradan adi bir hadisə deyil».

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, hazırda 2 Azərbaycan əsgəri erməni əsriliyində, Ermənistanın isə 10 əsgəri Azərbaycan əsirliyindədir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun da cəsədinin hələ də qarşı tərəfdə olduğu bildirilir.

Şərhləri göstər

XS
SM
MD
LG