Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:10
SIRAVİ AZƏRBAYCANLININ GÜMANI

Rusiya Azərbaycanda çoxları üçün dolanışıq yeri, qazanc qapısıdır. Buna görə də Rusiya bir çox sıravi azərbaycanlı üçün böyük qardaş olmasa da, böyük dövlət, ziyansız-zərərsiz qonşu dövlət olaraq qalmaqdadır. Buna görə də Rusiya ilə münasibətlərin normal qaydada davamını istəyirlər.
Hər halda, Bakıda keçirdiyimiz qısaca sorğuda bu qənaətə gəldik:

- Rusiya bizim yaxın, qonşu dövlətimizdir. Münasibətimiz nə qədər yaxşı olsa məsləhətdir. Azərbaycan əhalisinin heç olmasa bir milyonundan çoxu orda yaşayır, işləyir, uşağını-ailəsini dolandırır.

- İki ölkə arasındakı münasibət əladır. Azərbaycanın ən çox hissəsi Rusiyada yaşayır demək olar ki…

QARABAĞ DA UNUDULMUR

Bununla belə, sıravi azərbaycanlıların böyük əksəriyyəti Rusiyanın Ermənistanla yaxınlığını, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi dövlətin bəzən bitərəf olmayan mövqeyini də yaddan çıxarmır:

- İndiki dövrdə münasibətlər bir az sərindir. Ermənistanla daha yaxınlıq edirlər. Onlarla müqavilələri var, özləri bilərlər. Amma bizimlə qonşudurlar, münasibətləri balanslaşdırmalıdırlar.

- Sizcə, Dmitri Medvedevin Ermənistanla hərbi əməkdaşlığa dair müqavilə imzaladıqdan sonra Azərbaycana gəlməsi normaldırmı?

- Bu müqavilə əvvəldən də varıydı, 1995-ci ildən. Hegemon dövlətdir. Azərbaycanla iqtisadi əlaqələri var. Rusiya Azərbaycana güzəştə getməlidir, amma Ermənistana görə getmir.

- Qonşu kimi yaxşı deyil. Ermənistan Rusiyanın sayəsində bizim torpaqları əlində saxlayır.

- Rusiya öz mənafelərinə görə bizi fırladıb. Bizim sərvətlərimizi talayıb. Qonşumuz kimi güclüdür. Amma prezidentin gəlib-getməyinin heç bir faydası yoxdur. Medvedev gəlir deyə, Tərtərdə hücuma keçdilər, üç-dörd gənc də şəhid oldu.

- Bu məsələlərə yəqin ki, prezidentlərin görüşündə aydınlıq gətiriləcək.

RƏSMİLƏRİN GÜMANI

Novruz Məmmədov

Elə Prezident Administrasiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Bakı sakinlərindən biri kimi güman edir ki, prezidentlər bu məsələni öz aralarında müzakirə edəcəklər. Söhbət avqustun sonlarında Rusiya ilə Ermənistan arasında imzalanmış hərbi əməkdaşlıq müqaviləsindən gedir.

Novruz Məmmədov ötən həftə APA-ya müsahibəsində deyib:

- Ola bilsin ki, prezident Dmitri Medvedevin gözlənilən səfəri zamanı bu məsələlərə daha əsaslandırılmış münasibət bildiriləcək. Çünki Azərbaycanla Rusiya arasındakı münasibətlər çox yüksək səviyyədədir. Düşünürəm ki, Azərbaycan Rusiya üçün sıradan dövlətlərdən biri deyil. Azərbaycan strateji baxımdan Ermənistanla müqayisə olunmayacaq dərəcədə vacib dövlətdir. Fikrimcə, bütün bunlar nəzərə alınarsa, proseslərin bir məntiqi izahı olmalıdır.

Novruz Məmmədovun təbirincə desək, proseslərlə bağlı məntiqi izahat veriləcəkmi, bu artıq sentyabrın 3-də bilinəcək, Dmitri Medvedevin Bakı görüşündə.

«RUSİYA AZƏRBAYCANI ŞANTAJ EDİR Kİ, MÜTTƏFİQİNƏ ÇEVİRSİN»


«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da bu məsələnin müzakirəsini istisna etmir. Amma baxır hansı kontekstdə.

Politoloq bu fikirdədir ki, Rusiyaya bölgədə mövqelərini gücləndirmək lazımdır. Bu baxımdan da ən uğurlu müttəfiq zəif, anklav halına düşmüş Ermənistan yox, iqtisadi baxımdan güclü, strateji baxımdan əlverişli mövqedə yerləşən Azərbaycandır.

Ərəstun Orucluya görə, əslində Rusiyanın Ermənistanla son yaxınlaşmaları və bağladığı müqavilə Azərbaycana təzyiq vasitəsi, bir az da şantajdır:

- Rusiya Azərbaycanı müttəfiqinə çevirə bilər bölgədə. Yox, bu baş tutmasa, Rusiya Ermənistanla müttəfiqliyi təzyiq kimi davam etdirməyə çalışacaq. Eyni zamanda, Rusiya şantaj siyasəti aparmaqla onun effektini yoxlamağa çalışır. Medvedevin səfərinin məqsədi budur. Azərbaycanı Rusiyanın strateji tərəfdaşına çevirmək.

«AĞA VASSAL DÖVLƏTLƏRİNƏ SƏFƏR EDİR»


Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadəyə görəsə, məsələ çox bəsitdir - Rusiya prezidentinin səfəri ağanın vassal dövlətlərdə vəziyyəti yoxlamasına bənzəyir:

- Gəlir Ermənistana. Münasibətlərin vassal-suveren münasibətlər olduğunu təsdiqləyən bir müqavilə bağlayır. Söz verir ki, sənin Qarabağı işğal etməyinə, beynəlxalq hüququ pozmağına və ermənilərin hüquq və azadlıqlarını tapdalamağına şərait yaradacam. Sonra gəlir başqa vassal dövlətə - Azərbaycana. Və deyir ki, hakimiyyətdə qalmağınız üçün Qarabağ münaqişəsindən istifadənizə şərait yaradacam. Siz də münaqişənin dondurulmuş vəziyyətdə qalmağına zəmanət verin. Əvəzində biznes maraqlarımız, neft-qaz müqavilələri qüvvəsində qalır. Vəssalam.

Sentyabrın 2-də Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana iki günlük səfəri başlayır. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsi, ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq, eləcə də, Xəzərdə tərəflərin qarşılıqlı əlaqələri məsələləri müzakirə ediləcək. Dövlət sərhədi ilə bağlı müqavilə, eləcə də transsərhəd Samur çayından rasional istifadə və su resurslarının mühafizəsi ilə bağlı saziş imzalanacaq.

Sentyabrın 3-də isə Azərbaycan və Rusiya prezidentləri arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə danışıqlar aparılacağı bildirilir. Danışıqlar sənədlərin imzalanması ilə başa çatacaq.

Medvedev Azərbaycandan əvvəl ötən ay Ermənistanda səfərdə olub. Həmin vaxt Yerevanda Rusiyanın Gümrüdəki hərbi bazasının yerləşmə müddətinin 2044-cü ilədək uzadılmasına dair protokol imzalanıb. Bu müddətdə Rusiya Ermənistanı silah və müasir hərbi texnika ilə təmin edəcək.

Şərhləri göstər

XS
SM
MD
LG