Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:46

Medvedevin səfər proqramı açıqlanıb


Rusiya prezidenti Dmitri Medvedev
Rusiya prezidenti Dmitri Medvedev
Rusiya prezidenti Dmitri Medvedev sentyabrın 2-də Azərbaycana ikigünlük rəsmi səfərə gəlir.

Rusiya prezidentinin köməkçisi Sergey Prixodkonun verdiyi məlumata görə, Medvedev Bakıda iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq, Xəzərdə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək niyyətindədir.

Səfərin yekunlarına görə dövlət sərhədi haqqında müqavilə və Samur transsərhəd çayının su resurslarından səmərəli istifadə və onun mühafizəsi haqqında hökumətlərarası saziş imzalanacaq.

«Müqavilədə Rusiya, Azərbaycan və Gürcüstan dövlət sərhədlərinin kəsişmə nöqtəsindən Xəzər dənizinə qədər dövlət sərhədinin keçəcəyi xətt təsbit ediləcək», deyə Prixodko bildirib.

Su resursları ilə bağlı sazişə gəlincə, sənəd Samur sularının paritet əsaslarla paylanmasını birgə idarə edəcək Rusiya-Azərbaycan komissiyasının yaradılmasını nəzərdə tutur.

İki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetiriləcəyi nəzərdə tutulur. 2009-cu ildə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 1,78 milyard dollar təşkil edib.

QARABAĞ, XƏZƏR, HƏRBİ BAZALAR...


Beynəlxalq məsələlərdən Qarabağ nizamlanması, habelə Xəzərdə beynəlxalq əməkdaşlıq məsələsinə toxunulacaq. Öz növbəsində, Kremldəki mənbə səfər zamanı Rusiyanın Gümridəki hərbi bazası haqqında məsələyə də toxunulacağını istisna etməyib.

Səfər proqramı haqqında danışan Prixodko bildirib ki, səfərinin birinci günündə Medvedev Heydər Əliyevin qəbrini, həmçinin Şəhidlər Xiyabanını ziyarət edəcək. Elə həmin gün RF prezidentinin şərəfinə nahar təşkil ediləcək.

Sentyabrın 3-də iki dövlət başçısının əvvəlcə təkbətək, daha sonra isə iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçiriləcək. Danışıqlar sənədlərin imzalanması ilə başa çatacaq. Xüsusən, Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın «Qazprom» holdinqi arasında 2011-2012-ci illərdə «Qazprom» tərəfindən Azərbaycan qazı alqısının artırılmasını nəzərdə tutan əlavə saziş imzalanacağı gözlənilir.

AZƏRBAYCAN RUSİYAYA DAHA ÇOX QAZ VERƏCƏK

İlkin olaraq «Qazprom» bu il Azərbaycandan 0,5 milyard kubmetr qaz almağı nəzərdə tuturdu, lakin sonradan şirkətlər bu həcmi iki dəfə artırmaq barədə razılıq əldə ediblər. 2010-cu ildə Rusiya Azərbaycandan bir milyard kubmetr qaz alacaq. 2011-ci ildə isə alqı həcmi iki dəfə artırılaraq, 2 milyard kubmetr təşkil edəcək.

Medvedev səfər zamanı Bakı Dövlət Universitetinə də baş çəkəcək. Burada ona fəxri doktor diplomu təqdim ediləcək.

Rusiya dövlət başçısını Sergey Prixodko, baş nazirin müavini Aleksandr Xloponin, RF XİN rəhbəri Sergey Lavrov, energetika naziri Sergey Şmatko, bir sıra regionların, o cümlədən Dağıstan və İnquşetiyanın rəhbərləri, habelə «Qazprom» ASC-nin rəhbəri Aleksey Miller müşaiyət edəcəklər. /TURAN/
XS
SM
MD
LG