Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:12

Hərbi hissəyə hücum etmiş islamçılar həbs edilib


Milli Təhlükəsizlik Nazirliyi «Sumqayıt camaatı» qrupunun tərkibinə daxil olan «Sahil camaatı» silahlı qrupunun beş üzvünü saxlayıb. Bunlar Vüqar Rəhimov, Əsgər Məmmədov, Yavər Məmmədov, Zamin Piriyev, Fuad Drusnardır.

Bu barədə «Turan»a Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. Onlar qanunsuz silahlı birləşmə yaratmaqda, qəsdən xüsusi amansızlıqla qətl törətməkdə, qanunsuz silah saxlamaqda, döyüş silahı və partlayıcı maddələr oğurlamaqda ittiham olunurlar.

Axtarış zamanı adı çəkilən şəxslərdən snayper tüfəngi, əl qumbaraları və digər silahlar götürülüb. Həbsin nə vaxt və harada həyata keçirildiyi barədə məlumat verilmir.

MTN və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, iş üzrə istintaqı MTN həyata keçirir. Məlumata görə, qrup üzvlərindən biri - Ramin Məmmədov 19 iyul 2009-cu ildə Azərbaycan-İran sərhədini qanunsuz keçmək istəyərkən həlak olub (onun əlində qumbara partlayıb).

Bütün yuxarıda adı çəkilən şəxslər 2010-cu ilin iyununda həbs edilmiş Elşən Druskar, Tural Həsənov və Elnur Həziyevlə birlikdə 2008-ci ilin dekabrında Tərtərdə hərbi hissəyə basqın ediblər.

Basqının məqsədi silah ələ keçirmək olub. Onların bəziləri hərbi forma geyərək, hərbi hissə ərazisinə daxil olublar, burada səsboğucusu olan silahdan atəş açaraq, bir əsgəri qətlə yetirib, digərini yaralayıblar. Onlar anbardan «SVD» markalı snayper tüfəngi, həmin silaha aid içərisində 30 ədəd patron olan üç ədəd sandıqça, 2 ədəd «AKMS» markalı avtomat silahı və onlara aid içərisində 60 ədəd patron olan 2 ədəd sandıqça götürüblər.
XS
SM
MD
LG