Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:06

Rusiya Azərbaycanın könlünü alır?


Prezident İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevlə

Prezident İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedevlə

Rusiya prezidentinin saytında Dmitri Medvedevin sentyabrın 2-3-də Azərbaycana gəlməsi xəbəri yer alsa da, səfər proqramı haqqında məlumat verilmir.

RƏSMİ MƏLUMAT

Bu səfər çərçivəsində iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafına təkan verəcək mühüm sənədlərin imzalanması gözlənilir.

Bu fikirləri keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin səsləndirib.

Onun sözlərinə görə, bu sənədlərə sərhədlərin delimitasiyası üzrə saziş, Samur çayı üzərindən avtomobil körpüsünün bərpası və onun su ehtiyatlarından istifadə, eləcə də diplomatik nümayəndəliklərin əmlak məsələlərinin nizamlanması üzrə saziş aiddir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, səfərin əsas mövzusu dövlət sərhədi barədə müqavilənin və bu sənədlə bir paketdə olan Samur çayının su resurslarının rasional istifadəsi barədə sazişin imzalanması olacaq. Səfər zamanı iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunacaq.
Politoloq Vəfa Quluzadə


Sergey Lavrov bununla bağlı deyib ki, «ümumdünya böhranına görə iki ölkə arasında azalmış ticarət dövriyyəsi yenidən artmağa başlayıb. Sənaye, nəqliyyat və bank sahələrində uğurla həyata keçirilən yaxşı sərmayə layihələri var. Prezidentlər bu sahələrdəki işlərin vəziyyətini prinsipial nəzərdən keçirəcəklər və lazım olduğu təqdirdə onlara siyasi dəstək verəcəklər».

AZƏRBAYCANIN KÖNLÜNÜ ALMAQ?

Ekspertlər bu səfərin Azərbaycan üçün elə də əhəmiyyətli olmayacağı fikrindədirlər.

Məsələn, politoloq Vəfa Quluzadəyə görə, Medvedevin bu səfərinin Azərbaycana heç bir faydası olmayacaq:

«Medvedevin Azərbaycan səfərinin bircə məqsədi var. Azərbaycanı müstəqil dövlət olmağa qoymamaq, Azərbaycanı geri çəkmək, Rusiyanın tərkibinə Ermənistanı qatdığı kimi qatmaq, Azərbaycanın Qərblə, Türkiyə, NATO ilə münasibətlərini əngəlləmək, əsas məqsəd budur. Ancaq bunun ətrafında hörümçək toru kimi xeyli sözlər, ibarələr, bəlkə də nə bilim müqavilələr olacaq ki, hansının ki, heç bir mənası olmayacaq».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, Rusiyanın Ermənistanla imzaladığı hərbi sazişdən sonra Medvedev bu səfəri ilə Azərbaycanın könlünü almağa çalışacaq:

Elxan Şahinoğlu
«Çox böyük ehtimalla Rusiya prezidenti Azərbaycanın könlünü almağa çalışacaq. Rusiyanın Ermənistanla imzaladığı hərbi sazişin Azərbaycanın əleyhinə olmaması ilə bağlı bəyanatla çıxış edəcək. Təəssüf ki, Azərbaycanın bəzi rəsmiləri də Rusiya ilə Ermənistan arasında hərbi saziş imzalanandan sonra Rusiya prezidentinin Azərbaycana səfərini gözləməyi lazım bildilər. Guya Medvedev Azərbaycana səfər etməklə və Bakıda hər hansı açıqlama verməklə Ermənistanla imzalanmış sazişdən imtina edəcəkmiş. Bu, mümkün olan iş deyil. Ona görə mən bu səfərdən ciddi nəticə gözləmirəm».

Politoloq Rasim Musabəyov isə deyir ki, Azərbaycanın Rusiya ilə münasibətləri təkcə Qarabağ münaqişəsi ilə ölçülməməlidir:

«Azərbaycan-Rusiya münasibətləri təkcə Rusiya ilə Ermənistan arasında imzalanmış hansısa müqavilədən asılı deyil. Biz həmsərhəd dövlətik. Bizim Xəzərdə müştərək həll olunmamış məsələlərimiz, sərhədimiz var, iqtisadi-mədəni, insani əlaqələrimiz var. Bunlar hamısı həm çox sıx münasibət saxlamağa, həm də intensiv dialoq aparmağa sövq edir. Ona görə də mən bu səfəri Qarabağ məsələsində Rusiyanın hansı münasibət tutmasına bağlamazdım. Halbuki bu olduqca vacibdir».

ATƏŞKƏS NİYƏ POZULUB?


Avqustun 31-də Ermənistan Silahlı Qüvvələri Çaylı kəndində cəbhə xəttini keçərək Azərbaycan postuna hücum edib. Hər iki tərəf itki verib. Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatında deyilir ki, qarşı tərəfdən üç nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Azərbaycan tərəfdən iki əsgər həlak olub.

Politoloq Vəfa Quluzadə hesab edir ki, bu hadisənin Medvedevin Azərbaycana səfər ilə bağlı birbaşa əlaqəsi var:
Rasim Musabəyov


«Bu provokasiyaların hamısını Moskvanın güc strukturları təşkil edilər. Çünki Ermənistan ordusunu yaradan, idarə edən, təlimləndirən və əmrlərini verən onlardır. Görünür, Medvedev gəlməmişdən əvvəl bizi qorxutmaq istəyirlər. Yəni biz hər şeyə qadirik, işğalı davam etdirərik, bizə eyhamlar vururlar».

Hərbi ekspert Cəsur Sümərinli isə deyir ki, bu hadisənin Medvedevin səfəri ilə bağlılığı ola da bilər, olmaya da bilər:

«Nəzərə alsaq ki, məhz iyun ayında Sankt-Peterburqda Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən dərhal sonra cəbhə xəttində atəşkəs rejimi pozulmuşdu. Bu həm Rusiyanın vasitəçilik məsələsi ilə bağlı ola bilər, həm də olmaya bilər. Ancaq ümumilikdə aşkar görünür ki, cəbhə xəttində vəziyyət getdikcə daha çox pozulur. Bu ona istiqamətlənə bilər ki, yaxın perspektivdə kiçikmiqyaslı hərbi əməliyyatlar bərpa olunsun».

Rusiya prezidenti Dmitri Medvedev Azərbaycanda bundan əvvəl iki dəfə - 2008 və 2009-cu illərdə olub.

Şərhləri göstər

XS
SM
MD
LG