Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:30

«8-ci kilometr bazarı»nın sirrləri


Səyyaf Musayev
Səyyaf Musayev
Gədəbəydən Bakıya 20 kisə kartof gətirən Səyyaf Musayevin işi lap əngələ çevrilib. Üz tutduğu «8-ci kilometr bazarı»nın rəhbərliyi ona kartofu satmaq üçün yer vermək istəməyib, üstəlik, 5 kisə kartofu (350 kq) da bazarın girəcəyində səhlənkarlıq üzündən yoxa çıxıb:

MƏQSƏDLƏRİ ODUR Kİ, ONLARA RÜŞVƏT VERƏM

- 24-cü bölmənin polis işçiləri, sahə müvəkkili mənə dedi ki, burda dayanmaq üçün 100 manat ver. Mənim 20 kisəmi aldılar, sonra əmr etdilər 5-6 nəfər gəldi malı hissə-hissə yığdılar. «Uçastkovı»nın səhlənkarlığından 5 kisəm itdi. Axşam tərəfi bazarın direktor müavininin yanına gəldim ki, yer göstərin satmağa. Səhər məcburi qaydada dedi ki, malını çıxart, rədd elə, harada satırsan sat. Bazar möhtəkirləri ilə bazar işçiləri əlaqəyə girərək kolxozçuları incidirlər ki, tövbələtmə olsunlar, bir də gəlməsinlər. İki sutkadır burda mənə yer vermirlər. Məqsədləri odur ki, onlara rüşvət verəm, yer alam.

Səyyaf Musayev sonuncu dəfə bazara iki il əvvəl mal gətirib, hər dəfə də bu hadisələrin təkrarlandığını deyir:

- Müdiri tapa bilmirəm, 2 gündür onun qəbuluna girib sözümü deyə bilmirəm.

Sahibkarın şikayətini dinlədiyimiz vaxt özünü təqdim etməyən bir neçə bazar işçisi müsahibəyə mane olmağa çalışsa da, ətrafdakı satıcıların dəstəyini görüb geri çəkildilər. Bir qədər sonra Səyyaf Musayevin iki gündür yolunu gözlədiyi bazar direktoru Eyyub Novruzov özü də peyda oldu və gədəbəylinin kartof mübahisəsi 10 dəqiqə ərzində öz həllini tapdı:

BAZARDA KİMDƏN ŞİKAYƏTİN VARSA MƏNLİKDİR...

Eyyub Novruzov
- Burada nə varsa mənlikdir, götürün bunları tez olun. Bir köpəkoğlu burda sənə bir söz deyə bilməz, bu «oxran», bu da mənim işçim, özüm də burdayam, oldu qardaş? Məndən şikayətin yoxdur ki? Bazarda kimdən şikayətin varsa mənlikdir...

«Maral Veqa» adlı bazarın direktoru kimi özünü təqdim edən Eyyub Novruzov daha sonra AzadlıqRadiosuna müsahibəsində bildirdi ki, Gədəbəydən gələn sahibkarın bazardakı yer və rüşvətlə bağlı şikayətinin əsası yoxdur:

- Bazarın müdiri kimi axşam müraciət etdi ki, çöldə, yolda 14 «meşok» kartofum var. Uşağım da xəstəxanadadır, xəstədir. Xahiş edirəm kömək elə bu gecə kartofu bir yerə qoyum, səhər sataram. Mən də müəssisənin anbarına yığdırdım, ağzını bağlatdırdım, açarını da verdim ki, səhər götürüb, satarsan. İndi səhər nə problem olubsa bilmirəm, gözünüzün qabağında öpüşüb-görüşdük, kartofunu da yığdım yanına ki, satsın. Problem də olmayacaq...

E. Novruzov bazarda satış yeri üçün tələb olunan ödənişin məbləğinə gəlincə, onun bir o qədər də yüksək olmadığını dedi və əlavə etməyi də unutmadı ki, bazara gələn heç kimdən artıq pul alınmır:

BİZ UŞAĞI XƏSTƏ OLANLARIN QULLUĞUNDA XÜSUSİLƏ DURURUQ

- Kəndçi malını gətirəndə, satır, yerpulu qanuni nədirsə - 20-30 qəpik o qədər verir.

- Bir kisə üçün yerpulu nə qədərdir?

- Maşının yer haqqı 15-20 manatdır, maşına baxır. «Meşok»lar isə heç neçə - 20-30 qəpikdir. Heç kimin problemi yoxdur. Özü də biz uşağı xəstə olanların qulluğunda xüsusilə dururuq.

- Bəs bazarda qiymət necə tənzimlənir?

- Onu mal gətirən malın keyfiyyətinə uyğun qiyməti müəyyən edir. Bizim heç bir aidiyyatımız yoxdur.

Ancaq bazarda söhbətləşdiyimiz satıcıların bir çoxu yer pulunun bazar direktorunun dediyi məbləğdən fərqləndiyini bildirdilər. Üstəlik, başqa məqamlar da üzə çıxdı:

- Yerə görə 10 manat da veririk, 15 manat da, baxır yerə. Gündə 15 kisə də vursam 20 manat verirəm, 50 kisə də.

İMKAN VERMİRLƏR

- Bazara bir maşın salmaq 50 manatdır.

- Maşının vergisi az olsa, departament olmasa satdığımız məhsulun qiyməti də ucuz olar, amma imkan vermirlər. «Qazel»lə malı gətirəndə 40 manat yükədir - Nəqliyyat Nazirliyi, 45 manat da fərqlənmə nişanı - departamentə. Bazara girəndə isə 32 manat veririk.

- Departament yolda tutur, həmin pulu ödəyirsən, məcbursan həmin pulu sonra malın üstünə qoyasan. Heç birindən də qaçmaq olmur...

Əgər satıcılar nəqliyyat departamenti və kənar təsirlərdən narazılıq edirlərsə, alıcılar da öz növbəsində satılan malların qiymətindən gileyləndilər:

BAHA OLUR ALA BİLMİRƏM


Bazar görürsüz də əladır, əla!
- Bazar görürsüz də əladır, əla! Bəzi meyvələr ucuzdur, gərək düzünü deyəsən. Vay pomidorun halına. Ucuz olur alıram, baha olur ala bilmirəm.

- Əkinçilər əkin əkmir, o biri rayonları da su aparıb, ona görə satılan məhsul bahadır.

- Ucuzu da var, bahası da. Kartofun əvvəl 3 kilosunu 1 manata alırdıq, indi 1 kilonu 60 qəpiyə alırıq.

- Qiymətlər normaldır, hamı çörək pulunu qazanmaq üçün çıxıb. Belə də pis deyil.

Paytaxt bazarlarında regionlarla müqayisədə bahalıqdır. Bunun səbəblərindən biri də fermerlərin bazara birbaşa çıxışının olmamasıdır.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, bir çox hallarda fermerlər gətirdikləri məhsulu ucuz qiymətə bazarda işləyən alverçilərə satmalı olurlar. Digər tərəfdən saxlanma kameraları da yoxdur ki, fermer məhsulunu orada saxlaya bilsin.

İqtisadçı bildirir ki, regionlarda istehsal olunan məhsulun xərc strukturunun 30 faizi fermerin fəaliyyətinə aidiyyatı olmayan dövlət qurumlarının əməkdaşlarına ödənilən vəsaitlərdir:

BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ QİYMƏTİ KİFAYƏT QƏDƏR YÜKSƏKDİR


- Məhsulu Bakıya gətirmə xərci yalnız nəqliyyat xərci deyil, qeyri-rəsmi ödənişlərdir. Bu da məhsulun bazara çatmamış qiymətinin artmasına səbəb olur. Bu da onunla nəticələnir ki, Bakıda kənd təsərrüfatı məhsullarının qiyməti kifayət qədər yüksəkdir.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti qonşu ölkələrlə müqayisə olunmaz dərəcədə yüksəkdir. Məsələn, bu mövsüm Bakda giləmeyvələrin qiyməti Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə 3 dəfə baha idi.

Vüqar Bayramov bildirir ki, qiymətlərin yüksək olmasının əsas iki səbəbi var - bir tərəfdən fermerlərin bazara birbaşa çıxışı yoxdur, digər tərəfdən inhisarçılıq...

REPORTAJ EFİRƏ GEDƏNDƏN SONRA…

Reportaj efirə gedəndən sonra Səyyaf Musayevin kartofu yararsız vəziyyətə salınıb
Bu reportaj efirə gedəndən sonra redaksiya ilə əlaqə saxlayan gədəbəyli sahibkar Səyyaf Musayev döyüldüyünü, daha sonra bazardan qovulduğunu, malının isə iri maşınların təkərləri altına atılaraq yararsız vəziyyətə salındığını dedi.

O, baş verənlərlə bağlı prezidentə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa şikayət edəcəyini bildirdi.

«Maral Veqa» adlı bazarın direktoru kimi özünü təqdim edən Eyyub Novruzov isə məlumatı təkzib etdi.

Hadisələrin inkişafını izləyirik.

MÖVZUNU BURADA ŞƏRH ETMƏK OLAR
XS
SM
MD
LG