Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:07

Bakıda bir roman bumu yaşanmaqdadır...


Şərif AĞAYAR

İsfahan lotusu. Pamuk

Son zamanlar prozanın bu cür gündəmə gəlməsi, mübahisəli müsabiqələr, müsabiqəli mübahisələr, polemikalar, ədəbi yaxalaşmalar açığı məni bir az şənləndirir də!

Yetən-yetən, türkün məsəl, keçir klaviaturanın arxasına və başlayır nəsə yazmağa.

Olsun! Şəxsən mən bu kəmiyyətin nəhayət, günlərin birində keyfiyyətə keçəcəyinə xeyli ümidliyəm. Amma nə vaxt?!

Öz ədəbiyyatımızı lazımınca bilməyən, dilimizin sintaksisindən yerli-dibli xəbəri olmayan, uğurlu bir hekayə, hətta 3-lük bir inşa yazmağı bacarmayan, bu azmış kimi nəinki Azərbaycanı, o boyda müsəlman Şərqini yerdən yerə vurub zibilə döndərən, dırnağı hələ bərkiməmiş dəliqanlı romançılar doğrudanmı ümidlərimizi doğruldacaqlar?

Vaxtilə Movlanənin Amerikada ən çox oxunan əcnəbi müəllif olduğunu eşidəndə əvvəlcə özüm çaşmışdım.

Sonra bu xəbəri ədəbiyyat çap edən qəzetlərin birində yayıb xalqı agah etdim. Xalqın da gözü kəlləsinə çıxdı. Hətta bəzi hörmətli yazarlar məni dezinformasiya yaymaqda qınadılar.

O vaxt heç kim, eləcə də mən, bilmirdik ki, illər sonra ABŞ-ı dəyirman yoluna döndərən sarışın bir türk xanımı Şəms və Mövlanənin həyatından bəhs edən “Aşk” romanı ilə 2009-un ən çox oxunan yazarı olacaq.

…Bizim çoxlu ilginc xasiyyətlərimiz var, onlardan biri də budu ki, lotumuz hökmən İsfahandan gəlməlidir…

Əslində, Şərqin böyük dühalarına dodaq büzə-büzə üzü Avropaya əsnəyən və gəlişmənin yeganə yolunu öz dəyərlərimizdən imtinada görənlərə ən böyük cavabı Orxan Pamuk verdi.

“Mənim adım qırmızı” əsərinin cövhəri hardan götürülə, şad olarsınız?!

Nizaminin məşhur “Xosrov və Şirin” poemasındakı sadə bir səhnəcikdən: çəmənlikdə gəzən Xosrov qəflətən Şirinin rəsmini görür və ona aşiq olur.

Diqqət edin, özünə (orijinal) yox, rəsminə (təqlid)!

Və bu həmin əsərdi ki, Venedik rəssamlarının təsiri ilə usta osmanlı nəqqaşları ümumi insan rəsmlərindən konkret adamların portretlərinə keçmək istəyirdilər və şəriətə görə böyük günah sayılan bu iş ucundan öz dostları tərəfindən qətlə yetirilirdilər.

Nizami Gəncəvinin 12-ci əsrdə şəriətin qan qoxuyan qəfəsini cırıqlayıb çıxan bu fantastik istedadla atdığı pası 800 il sonra yaradıcılıq müstəvisində Orxan Pamuk qəbul edir, ustadın zərif eyhamla ötürdüyü düşüncə yeniliyini təzədən qiymətləndirməklə tarixin üfunət basmış dərinliklərindən dartıb çıxarır. Pamuk Şərq-Qərb balansını saxlamaq üçün ikinci ötürməni müasiri və ustadı Umberto Ekodan alır…

Aristotelin gülüş sənətindən bəhs edən əlyazmasını oxumasınlar deyə biri-birini qətlə yetirən rahiblər (“Gülün adı”) Pamukun əsərində çevrilib nəqqaş olurlar.

Ancaq bu nəqqaşlar orta əsr monastırından “Mənim adım qırmızı” romanına uçan boşqabda gəlmirlər, əksinə, Şərqin yaralı bağrından fışqırıb çıxırlar.

Nizaminin sadə bir barmaq işarəsi ilə… Necə deyərlər, Pamuk cahil cəmiyyət qarşısında davam gətirmək üçün kürəyini etibarlı dağa söykəyir.

…Bir dəfə əlləri enli və tüklü, kepqasının arxası qərtmək bağlamış qonşumuz qollarını çırmayıb əlindəki balta ilə boylu-buxunlu, yarrı-yaraşıqlı armud ağacının üstünə cumdu. Elə bil qəflətən kimsə tutub saxladı onu, qollarını burub arxaya itələdi.

Kişi ağzı köpüklənə-köpüklənə nəsə deyir, ağacı söyür, hədələyir, baltanı havada yellədə-yellədə qəzəblə dartınırdı.

Uzun itələşmədən sonra qonşumuz onu tutan gözəgörünməzə güc gəldi və boylu-buxunlu, yarrı-yaraşıqlı, yarpaqları kıvıl-kıvıl, tumurcuqları cıvıl-cıvıl armud ağacının gövdəsinə vurdumdoymaz bir zərbə endirdi.

Zərbə ağacı tutmasa da bütün yarpaqlar, tumurcuqlar, kıvıllı-cıvıllı vahiməylə titrəşdi! Bu dəfə gözəgörünməz kimsə kişini danaboyun eləyib ağacdan aralamağı başardı.

Şahidi olduğum bu qəribə hadisənin məalını sonralar nənəm söylədi mənə:

“O, ağacı qorxudurdu ki, bar gətirsin!”

…Düşünməmiz gərək!

Qafqazinfo.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG