Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:42

İranda milli fəallar ayaqlarından asılır, bədənlərinə elektrik verilir


Ayət Mehrəlibəyli
«112 gündür qardaşımı tutublar, sonra xanımını tutdular apardılar, 3 yaşında uşaqları atasız-anasız qaldı, sonra da baldızını tutdular. Qardaşıma içəridə işgəncələr verirlər. Təzəlikcə dostlarının bir neçəsini türməyə salıblar, onlar da deyirlər ki, işgəncələrə məruz qalıblar, vəziyyətləri çox ağırdır. Deyirlər bədənlərinə elektrik verirlər, ayaqlarından asırlar, dar qutulara salırlar, ac-susuz saxlayırlar…».

KİŞİLƏRƏ FİZİKİ, QADINLARA MƏNƏVİ İŞGƏNCƏLƏR


Təbrizdə yaşayan Ruhullah Mehrəlibəyli deyir ki, milli fəal olan qardaşı 35 yaşlı Ayət Mehrəlibəyli, qardaşının həyat yoldaşı Zəhra Fərəczadə və qardaşının baldızı Kubra Fərəczadə neçə aydır ki, həbsdədir.

R.Mehrəlibəyli deyir ki, tutulanlara qarşı rəsmi ittiham irəli sürülməsə də, istintaq aparanlar qeyri-rəsmi bildirirlər ki, onlar dövlətə qarşı çıxmaqda təqsirləndirilirlər.

Onun sözlərinə görə, qardaşı Ayət Mehrəlibəyli fiziki, qadın qohumları isə psixoloji və mənəvi işgəncələr altındadır.

R.Mehrəlibəylinin sözlərinə görə, bu, qohumlarının ilk həbsi deyil:

Yunis Süleymani
«Əvvəllər tutulanda ittihamları türkçülük məsələsi üzərində olmuşdu, indi də elə onun üstündə durmaq istəyirlər».

Ruhullah Mehrəlibəyli qardaşına və digər qadın qohumlarına qarşı işgəncələrə son qoyulmasını istəyir.

«QARDAŞIM YARIMCAN BİR ŞEYDİR»

Ərdəbildə yaşayan 28 yaşlı milli fəal Yunis Süleymani də bir neçə aydır ki, həbsdədir.

Qardaşı Yusif Süleymani deyir ki, Yunisin konkret nədə ittiham olunması barədə ailəyə heç nə deyilmir. Ümumi bildirilir ki, Yunis Süleymani dövlətə qarşı çıxıb.

Yusif Süleymani də qardaşının bədəninə elektrik verilməsi kimi işgəncələrə məruz qaldığını deyir: «Qardaşımın vəziyyəti çox pisdir. Getdik, gördük, yarımcan bir şeydir».

Yaşar Həkkəkpur
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur da deyir ki, ETTELAT əməkdaşları həbsdə olan milli fəallardan işgəncələr altında dövlətə qarşı çıxmaqları ilə bağlı etirafedici ifadələr alır:

«Etirafedici ifadələr almaq üçün onların bədəninə elektrik vermək, beyin qarışdıran iynələr vurmaq həm insanlığa, həm də islam qanunlarına ziddir.

Ancaq İranın ETTELAT əməkdaşları nə insanlığa, nə də islam qanunlarına məhəl qoymurlar, niyyətlərinə çatmaq üçün heç nədən çəkinmədən fəallara işgəncələr verirlər».

Yaşar Həkkəkpur deyir ki, bu ilin may ayından indiyə qədər 16 milli fəal həbs olunub.

İstintaq orqanları tutulanlara konkret rəsmi ittihamlar verilib-verilməməsini bildirməsə də, onların ailələrinə qeyri-rəsmi deyilib ki, milli fəallar dövlətə qarşı çıxmaqda təqsirləndirilirlər.

Şərhləri göstər

XS
SM
MD
LG