Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:09

Araz Gündüz "Postmodern nağıl"
















Nənəmin nisgili


(Ana sarıdan nənəm O Taydan Bu Taya gəlin köçmüşdü.)

Oturub-durub Tanrının
qarasınca deyinən,
O taydan bu taya
gəlin köçdüyü günə
minbir qarğış eləyən,
O tayın iki addımlıq
əlçatmazlığında qalmış
dörd qardaşı üçün,
burnunun ucu göynəyən,
Qardaş iyini alsın deyə
O taydan əsən küləyi iyləyən,
Bir xanim-xatın nənəm vardı:
Ər evindən gor evinə
Qardaş çiynində getmək istəyi
gözündə qaldı…

2009


Postmodern nağıl

Ay Yurdumun “saqqallı uşaqları”,
yığışın, toplaşın başıma,
Sizə “Cırtdanın nağılını”
yenidən danışım.
Cırtdanın dediyi oydu ki,
Divin yekəliyinə baxmayın,
Divin görkəmindən qorxmayın,
“Gözüaçıq” olun, “gözüaçıq”!

İndi ki, sizi qapan itlərin qorxusundan,
Divin yanına gəlib çıxmısınız,
bilin ki, gözünüzü yummasanız
Div sizləri yeyə bilməz.
Nə boyda heyvərə Div olsa belə,
soyadı ya “Yox”-ov, ya da “Hə”-yev olsa belə,
Yer üzündə “gözüaçıq” adamları yeyə biləcək
Div yoxdur, yoxdur, yenə də yoxdur…

2010


Keçən günə gün çatmaz

Ötən çağı
nisgillə anmağın
iki niyəsi var məncə:
Biri: orda nələrinsə
biryolluq, əlçatmaz qalmağıdır;
O biri: burda tapılanların
orda itirilənlərdən
yaxşı olmadığıdır…

2009


Tanrıdan sorğu

"Ay Ata, ay Ata, nə olar
məni də özünlə şəhərə apar"--
deyib, yalvar-yapışla
yan alardıq Atamıza
biz səkkiz qardaşlar.
Bu qədər uşağı birdən
şəhərə aparmaq olmazdı,
Biz çoxuyduq,
Atamınsa pulu-parası azdı;
Uzaq başı birimizə:
ya yaxşı dərs oxuyanımıza,
ya da sözə baxanımıza,
şəhərə getmək
sırası yetərdi.

Şəhər görümlü-baxımlı idi:
Qarışqa tək qaynaşan
çoxlu adamları ilə,
Bizim kəndin evlərinə
oxşamayan,
hündür damları ilə,
noğulu, halvası ilə,
dişimizi göynədən
dondurması ilə,
buzlu-qazlı suları ilə,
Evimizdə bişməyən,
qonşudan "düşməyən"
pitisi, cız-bızı, şişliyi ilə;
Qır basılmış
yollar, səkilər,
bizim kəndimizdə
nə gəzirdi,
Şəhərin heç nəyi
bizim kəndimizə
bənzəmirdi...

Şəhərdən qayıdardıq
"bilikli", "ağıllı",
Şəhərə getməyə
yolları bağlı,
üç bacımıza
danışardıq bir uzun
Şəhər nağılı...
Ay keçdi, il ötdü
yetdik ərsəyə:
bir-birinin yüyrüyünü
yelləyə-yelləyə,
bir-birinin köhnəsini
geyə-geyə,
məmə yeyəndən,
pəpə deyənəcən,
böyüdük yavaş-yavaş--
səkkiz qardaş,
üç bacı...

İndi yolumuz açıq
Dünyanın hər yerinə:
böyüklü, balacalı,
istənilən şəhərinə;
Qoca Anam demişkən:
“Çıxıb Ata Ocağından,
Düşüb çörək sorağına,
Urumdan-Şama kimi
Dağılmışıq dörd yana.”

İndi, gəlib çatdığımda
Yarı yaşıma,
Atamı bizdən ayırıb,
Öz yanına aparan:
"Qəm eləməyin,
Bu dünyadan köçən
Ataların yerində Mən qalıram"
deyən, Ulu Tanrıdan
soruşmaq istəyirəm:
Niyə belə azalıb,
Onun yanına salıb
Bu Yurda gətirdiyi
barmaqla sananan
Yaxşıları, Doğruları?

Yaxşılığın dərsini
Yaxşı oxuyanlar,
Doğru sözə
qulaq asanlar,
nədən az dəyir gözə?
Doğru qəhətliyi,
Yaxşı qıtlığıdı,
Yoxsa Tanrının da,
Mənim yoxsul
Atam kimi,
Əli aşağıdı?!..

28 dekabr 2009-cu il. (Ad günüm)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG