Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:45

«Cəmiyyət aksiyalara laqeyddir»


İndiki iqtidar hakimiyyətinin mənbəyi Azərbaycan xalqı yox, seçki komissiyalarıdır.

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Aydınlar» Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə, Azərbaycanda bəzi sahələrdə hüquqlarla bağlı vəziyyət bərbad olsa da, Azərbaycan hakimiyyəti bu çatışmazlıqları aradan qaldırmaq istəmir.

İQTİDAR SEÇKİ KOMİSSİYALARINDAN ƏL ÇƏKSƏ...

«İnsan hüquqları ilə bağlı olan məsələ çox bərbad vəziyyətdədir, mətbuat azadlığı ilə bağlı olan vəziyyət də bərbad vəziyyətdədir. Mən hesab etmirəm ki, Azərbaycan hökuməti bunları edə bilmir, sadəcə etmək istəmir. Bu öhdəlikləri yerinə yetirmək istəmir Azərbaycan. Seçki komissiyaları Azərbaycandakı indiki iqtidarın hakimiyyətinin mənbəyidir. İndiki iqtidar hakimiyyətinin mənbəyi Azərbaycan xalqı yox, seçki komissiyalarıdır. İqtidar seçki komissiyalarından əl çəksə, deməli hakimiyyətdən əl çəkmiş olur. İnsan hüquqları ilə bağlı daha çox fikir söyləyən mətbuatdır, jurnalistlərdir. Bəzən siyasilərdən daha çox fikir formalaşdırırlar. Ona görə jurnalistlərə qarşı belə amansız mübarizə aparılır».

Qulamhüseyn Əlibəyli partiyasının niyə məhz «Qarabağ» seçki blokuna qoşulmasına da aydınlıq gətirib.

PARLAMENT QARABAĞI MÜZAKİRƏ ETMƏK İSTƏMİR?
"Biz təkcə öz partiyamızın hesabına aksiya keçirmək istəmirik. Azərbaycan cəmiyyəti bu cür aksiyalara laqeyddir"

«Bizim blok üstünlük qazanarsa, daim Qarabağ məsələsini gündəmdə saxlayan bir blok olacaq. Çünki Qarabağ məsələsi Azərbaycan Respublikasının parlamentində sonuncu dəfə 2001-ci ildə olub. Bu cür vacib məsələni Azərbaycan parlamenti müzakirə etmək istəmir».

Partiya sədri deyib ki, seçki ərəfəsində partiyaların birləşməsi onları bir qədər güclü göstərsə də, seçki bitdikdən sonra həmin blokların yenidən parçalanması partiyaları tükədir.

«Ötən seçkilərdə də biz müşahidə etdik ki, seçki ərəfəsində müəyyən bloklaşma əlamətləri görünür, bloklar yaranır. Seçki qurtardı bloklar dağılır. Bu da istər istəməz həmin o blokda birləşmiş təşkilatların zəifləməsinə gətirib çıxarır. Mən bu fikirlə razıyam. Mən bu seçkidən sonra rəsmi şəkildə Qarabağ blokunun dağılmasını və daimi qalacağını deyə bilmərəm. Bunu zaman göstərər».

MÜXALİFƏT HARDA ZƏİFDİR?

Qulamhüseyn Əlibəyli deyib ki, seçkilərdə iştirak partiyalar üçün vacibdir.

«Bütün seçkilərdə iştirak etmək lazımdır. Biz prezident seçkilərində iştirak etdik. Amma bu o demək deyil ki, biz prezident seçkilərində iştirak etdiksə və seçkinin rəsmi nəticəsi bizim xeyrimizə olmadısa, biz hər şeydən küsüb gedək».

Partiya sədri müxalifət barədə deyilən gücsüz epitetinə də münasibət bildirib:

«O mənada zəifik ki, əhalidə, seçicilərdə nə iqtidara münasibətdə xüsusi üstün rəğbət var, nə də müxalifətə. Həm iqtidarın, həm də müxalifətin özünün seçici korpusu var. Amma çox məhdud seçici korpusudur. Azərbaycanda müəyyən sayda seçici yalnız bir partiyaya səs verəcək».

Qulamhüseyn Əlibəyli «müxalifət satılıb və ya bəzi partiyalar mövqeyini dəyişib» fikrinə də münasibət bildirərək deyib ki, bu cəhdlər od olmayan yerdən tüstü çıxarmaq cəhdləridir:

«Azərbaycanda istənilən partiya haqqında həmin fikri söyləmək olar. Sözdür də, deyirik. Sən iqtidara işləyirsən. Amma od olmayan yerdən tüstü çıxarmağa cəhd edirlər. Başqa partiyalar haqqında deyilən sözlər də mənə elə gəlir ki, od olmayan yerdə tüstü çıxarmağa cəhd etməkdir».

CƏMİYYƏT AKSİYALARA LAQEYDDİR

Partiya sədri deyib ki, aksiya keçirmək xatirinə aksiya keçirmək istəmirlər.

«Bu mitinqlər real alınmır. 100, 150, 200, 300 fəal hesabına kütləvi aksiya keçirmək mümkün deyil. Biz təkcə öz partiyamızın hesabına aksiya keçirmək istəmirik. Azərbaycan cəmiyyəti bu cür aksiyalara laqeyddir. Heç kim gəlmir, ancaq partiya fəalları iştirak edirlər».

Qulamhüseyn Əlibəyli sonda mətbuatda korrupsiya faktları ilə bağlı yazılanlara da münasibət bildirib. O deyib ki, bütün bunlar barədə cəmiyyətə aydınlıq gətirilməlidir.

«Bu cür faktlar çoxdur Azərbaycanda. Azərbaycanda dövlət əmlakı müəyyən bir qrupun əlində cəmləşir. Cəmləşib, daha doğrusu. Və bu cəmləşmə heç bir qanuni əsaslarla olmur. İstər iqtisadiyyatda baş verən oliqarxların hakimiyyəti - yəni inhisarçılıq. İstər sərvətlərin hakim ailənin əlində cəmləşməsi. Bunlar hamısı korrupsiya hallarıdır. Və partiya olaraq hesab edirik ki, bu faktlara cəmiyyətdə aydınlıq gətirilməlidir. Heç olmasa həmin şəxslər cəmiyyətə izahat verməlidirlər ki, bu var dövləti haradan əldə ediblər».

Şərhləri göstər

XS
SM
MD
LG