Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:06

Rəsmilərin «Kür»ə iradı nədir?


Oqtay Güləliyev
Oqtay Güləliyev
«Mən və yoldaşlarım indi İlqar müəllimlə bir yerdəyik. Deyir ki, monitorinqin keçirilməsi ilə bağlı Prezident Administrasiyası ictimai-siyasi şöbəsindən rəsmi icazə almaq lazımdır».

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının təmsilçisi Oqtay Güləliyev 2 gün əvvəl Hacıqabul rayon icra başçısının müavininin kabinetindən telefonla AzallıqRadiosuna belə demişdi. Onu və 3 nəfər həmkarını rayonun Meynəman kəndində Kür daşqınlarının nəticələrinin aradan qaldırılması ilə bağlı monitorinq keçirdikləri üçün icra hakimiyyətinə aparmışdılar.

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahı bu hadisədən əvvəl - avqustun 25-də hakimiyyəti monitorinqlərin keçirilməsinə mane olmaqdan əl çəkməyə çağıran bəyanat yaymışdı. Ancaq buna baxmayaraq, ötən həftənin növbəti günləri də bu proses davam etdi. Avqustun 28-də isə qərargahın 5 üzvü saxlanaraq Sabirabadın Qaragüney polis bölməsinə aparıldı. Onlara orada deyildi ki, «Kür» Vətəndaş Cəmiyyəti Qərargahı Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib, ona görə də monitorinq aparmaq olmaz.

«SİZİN QİYMƏTLƏNDİRMƏ APARMANIZ İNSANLARDA FƏRQLİ FİKİRLƏR YARADAR»

Oqtay Güləliyev deyir ki, onlar bu koalisiyanı yaradan QHT-lərin qeydiyyatdan keçdiyini və monitorinqi də «Kür» adından deyil, həmin QHT-lərin sənədini göstərməklə həyata keçirdiklərini izah edəndən sonra məsələ bir az da konkretləşib:

«Əsas onu gətirdilər ki, hər bir işi hökumət komissiyası, Fövqəladə Hallar Nazirliyi yüksək səviyyədə həyata keçirir. Sizin qiymətləndirmə aparmanız insanlarda fərqli fikirlər yaradar. Bir sözlə ehtiyac yoxdur».

Oqtay Güləliyev deyir ki, onlar artıq vəziyyətlə bağlı dövlət qurumlarına, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət ediblər.

Azay Quliyev
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyir ki, məsələdən xəbərdardır. Onun bildiyinə görə, əslində «Kür» Vətəndaş Cəmiyyəti Qərargahı daşqın bölgəsində öz missiyasını 70-80 faiz həyata keçirib və onlara maneçilik törədilməyib. 200-dən çox təsərrüfatla, vətəndaşla söhbətlər aparıb, görüşlər olub, lazımi məlumatlar toplayıb:

«Biz də bu işlə məşğuluq. Aidiyyatı qurumlarla mən də təmasda olmuşam. Hesab edirəm ki, problem həllini tapacaq, orada heç bir çətinlik olmayacaq».

Hələliksə bəzi bölgələrdə monitorinqin aparılması konkret olaraq dayandırılıb.

DEPUTAT TƏŞKİLATIN RESURSUNA İNANMIR

Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü, YAP-dan olan deputat Nazim Məmmədov isə düşünür ki, hüquqi sənədləri qaydasında olan, lazımi icazəni almış hər hansı bir qurum ölkənin istənilən yerində monitorinq apara bilər və ona kimsə mane olmamalıdır.

Ancaq bununla belə, deputat güman etmir ki, sorğuları və hesablamaları düzgün aparmaq üçün həmin monitorinqi həyata keçirən qurumların lazımı imkanları var. 2-3 nəfərin gedib yerlərdə belə bir işi həyata keçirməsi mümkün deyil:

«Statistika Komitəsindən tutmuş İqtisadi İnkişaf Nazirliyinə qədər bütün qurumlar bu işə cəlb olunublar. Həmin qurumlar hesablamalar aparırlar. Bu hesablamanı şübhə altına almaq üçün resursları,
Nazim Məmmədov
imkanı daha böyük olan təşkilat araşdırma aparmış olsaydı, yenə də razılaşmaq olardı».

Nazim Məmmədov güman edir ki, indiki vaxtda alternativ qiymətləndirmə aparan qurumun hesablamaları ilə ictimai rəyə mənfi təsir etmək ehtimalı ola bilər. Bu halda prosesə müdaxilə mümkündür. Amma hər halda hökumət həmişə belə məsələlərin müzakirəsinə açıqdır.

Hələlik bu barədə hökumətdən nəsə öyrənmək mümkün olmayıb. Monitorinqin keçirilməsinə icazə verməyən rayon rəsmilərindən biri – Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Talıbov isə AzadlıqRadiosuna bildirib ki, bu işi görmək üçün Prezident Administrasiyası ictimai-siyasi şöbəsindən rəsmi icazə alınmalıdır.

BÜTÜN HALLARDA ALTERNATİV MONİTORİNQ APARILMALIDIR

İqtisadçı ekspert Vüqar Bayramov isə belə bir icazəyə ehtiyac görmür, əgər hər bir alternativ dəyərləndirmə hökumətin özünün görə bilmədiyi məqamları ortaya çıxarıb bu prosesə kömək etmək imkanına malikdirsə.

Onun fikrincə, bu monitorinqi aparan qurumun imkanının hökumətin imkanından zəif və ya güclü olması da şərt deyil. Bütün hallarda alternativ monitorinq aparılmalıdır. Hətta MDB ölkələrində də belə qiymətləndirmələrdən istifadə olunur:

«Güman olunur ki, bəzi dövlət qurumları obyektiv qiymətləndirmənin aparılmasında maraqlı olmaya bilərlər.

Vüqar Bayramov
O baxımdan istisna edilmir ki, qiymətləndirmə aparmaq istəyən və ya aparan təşkilatlara imkan verilməməsi eyni zamanda məhz bütövlükdə bəzi hökumət qurumlarının alternativ qiymətləndirmə aparılmasında maraqlı olmamaları ilə bağlıdır».

Vüqar Bayramov deyir ki, qeydiyyatdan keçmiş hər hansı bir qurumun, QHT-nin monitorinq aparmaq hüququ var. Digər tərəfdən, alternativ qiymətləndirmənin nəticələrindən hökumətin istifadə etməsi də məcburi deyil.

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahı bu ilin may-iyun aylarında Kür və Araz çaylarında baş verən daşqınlardan sonra təsis edilib. Qərargah daşqından zərər çəkən insanların ehtiyacını öyrənir, hökumət yardımları ilə bağlı məlumatlar toplayır, daşqınların nəticələrinin aradan qaldırılması məqsədi ilə hökumətə kömək üçün təkliflər hazırlayır.
XS
SM
MD
LG