Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:32

30 avqust - müstəqilliyə gedən yolun ilk mərhələsi


Sabir Rustamxanlı
Sabir Rustamxanlı
1991-ci il avqustun 30-da Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Həmin sənəddə Azərbaycanın dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı.

Bəyannamənin qəbul olunmasında rolu olan millət vəkili Sabir Rüstəmxanlı deyir ki, sənədin qəbul olunmasına həmin dövrdə SSRİ-də baş verən hadisələr təkan verdi:

- Ondan təxminən 10 gün öncə QKÇP SSRİ-də hakimiyyətə yiyələndi. Qorbaçov istirahətdə olan vaxt hakimiyyət dəyişikliyi baş verdi. O zaman başda Ayaz Mütəllibov olmaqla Azərbaycan çevriliş eləmiş bu qrupu dəstəklədi. Azərbaycanın demokratik qüvvələri buna qarşı öz münasibətini bildirdi. Bildirdik ki, bu dövlət çevrilişidir və dəstəklənə bilməz. Çünki Konstitusiya pozulmuşdu.

Sabir Rüstəmxanlı bundan sonra Xalq Cəbhəsinin Nərimanovun heykəli yaxınlığında yerləşən o vaxtkı binasının qarşısında mitinqlərin başlanmasını, avqustun 21-də hakimiyyətin Xalq Cəbhəsinin binasına hücum etdiyini xatırladır:

«ÖLÜMLƏRİNƏ VURUN» TAPŞIRIĞI VERİLMİŞDİ


23 avqust 1991-ci ildə AXC qərargahında milis tərəfindən yaralanan Elçibəy həkimi Mirsabit Yusifli ilə birlikdə, 29 avqust 1991
- Rəhmətlik Elçibəylə mənim üçün «ölümlərinə vurun» tapşırığı verilmişdi. Çox ağır yaralandıq. İkimiz də xəstəxanaya getdik. Başımıza tikiş qoydular. Ağır hadisə idi. 50-dən çox gənci polisə gətirdilər. Millət vəkili toxunulmazlığım ola-ola zorakılığa məruz qalmışdım. Gənclər polisdən buraxılmayana, sabaha qədər orada qaldıq. Gənclərin hamısını həbsdən buraxdırandan sonra mən də oradan çıxdım. Bir gün sonra – avqustun 23-də biz fövqəladə vəziyyət və komendant saatı olmasına baxmayaraq, Xalq Cəbhəsinin binasından şəhər boyu yürüş edərək Azadlıq meydanına gəldik. 1 il 8 aydan sonra yenidən Azadlıq meydanına girdik.

Sabir Rüstəmxanlı deyir ki, bundan sonra xalq hərəkatı yeni vüsət alır, Qorbaçov təzədən hakimiyyətə gələndən sonra Moskvanın Azərbaycana təzyiqləri güclənir. Hakimiyyət isə xalq hərəkatının qarşısında duruş gətirə bilmir:

HAKİMİYYƏTİN BAŞQA ÇARƏSİ QALMIRDI

- Belə bir vəziyyətdə Ayaz Mütəllibovun rəhbərlik etdiyi hakimiyyətin Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannaməni qəbul etməkdən başqa çarəsi qalmırdı. Bu bəyannamə oktyabrın 18-də qəbul edilmiş Dövlət müstəqilliyi aktına bir növ hazırlıq, müstəqilliyə gedən yolun ilk mərhələsi idi. Avqustun 30-da bu bəyannamə qəbul olundu.

Mixail Qorbaçov Krımdan qayıdır, 22 avqust 1991
Avqustun 31-də isə bir neçə müxalifət deputatı SSRİ Ali Sovetinin dəvəti ilə Moskvaya gedir. Sabir Rüstəmxanlı:

ARTIQ BİZƏ BƏLLİ İDİ Kİ, SSRİ DEYİLƏN BİR ŞEY YOXDUR

- Sentyabrın 1-də SSRİ Ali Sovetinin sessiyası oldu. O sessiyada bəyan olundu ki, bir çox respublikalar dövlət müstəqilliyi haqqında bəyannamələr qəbul ediblər, respublikalar öz prezidentlərini seçiblər. Artıq Qorbaçovun prezident kimi qalmağının bir mənası qalmamışdı. Çünki Rusiyanın, hər respublikanın öz prezidenti vardı. Beləliklə, həmin sessiya əslində SSRİ-nin ali qanunvericilik orqanının işinə xitam verdi. Ondan sonra sentyabrın 1-dəki sessiya SSRİ-nin dağılmasının rəsmi təsdiqi idi. Bundan sonra qayıtdıq və artıq bizə bəlli idi ki, SSRİ deyilən bir şey yoxdur, daha sonra təxminən 2 aya yaxın ikinci sənədin – Dövlət müstəqilliyi haqqında Aktın qəbul olunması haqqında mübarizə aparmalı olduq.

1991-ci il oktyabrın 18-də isə Azərbaycanın Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edir.
XS
SM
MD
LG