Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:42

Keçmiş deputatlara ayrı-seçkilik?


1995-ci il Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunana qədər Milli Məclisin deputatı məfhumu olmayıb

Azərbaycanın ilk deputatlarının təqaüd uğrunda mübarizəsi hələ də müsbət sonluqla nəticələnməyib. Artıq istiqlalçı deputatlardan biri Məryəm Həsənova bu məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon Şöbəsinə qarşı məhkəmə iddiası qaldırıb. (Məryəm Həsənova 1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi əleyhinə, müstəqilliyə səs vermiş azsaylı (cəmi 43 nəfər) istiqlalçı deputatlardan biridir)

Sabiq millət vəkili özünün və daha 49 deputatın deputat təqaüdü ala bilməməsi məsələsinə aydınlıq gətirilməsini istəyir. Məryəm Həsənova deyir ki, Azərbaycanın ilk deputatları kimi onlara da indiki Milli Məclis deputatlarının aldığı əmək haqqının 80 faizi qədər təqaüd verilməlidir.

MİLLİ MƏCLİSİN ÜZVÜ İLƏ DEPUTATI ARASINDA FƏRQ


Amma rəsmi qurumların da məsələyə öz yanaşması var. Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevin Sosial Müdafiə Fonduna göndərdiyi məktubda, Fondun da sabiq millət vəkillərinə verdiyi cavabda bildirilir ki, 1991-1995-ci illərdə parlamentdə təmsil olunanlar deputat yox, Milli Məclisin üzvləri olublar və elə bu fərqə görə də onlara indiki deputatların aldığı təqaüd şamil edilmir.

Məryəm Həsənova bu yanaşmanı ədalətsiz adlandırır:

Hacıbaba Əzimov
«İndi Milli Məclisin üzvü sözü də, millət vəkili sözü də, deputat sözü də eyni zamanda işlənir, bunlar hamısı eyni məfhumdur, bunlar hamısı eyni adamlardır. Bunu götürüblər, nəyə istinad ediblərsə bizi deputat təqaüdündən məhrum ediblər».

Keçmiş millət vəkili, Azərbaycanın müstəqillik aktının müəlliflərindən biri Hacıbaba Əzimov mövcud yanaşmanın başadüşülən olmadığını deyir. Onun sözlərinə görə, nə 2006-cı ildə qəbul edilən Əmək Pensiyası Haqqında Qanunda, nə də digər qanunvericilikdə belə bir fərqi özündə əks etdirən hər hansı müddəa yoxdur

«Əslində əvvəlki Milli Məclislə indikinin statusu eyni olsa da ilk Mİlli Məclisin səlahiyyətləri daha çox idi. Biz o vaxt nazirləri, hakimləri təsdiq edirdik, amma indiki Milli Məclisin belə bir səlahiyyəti yoxdur».

Hacıbaba Əzimov bildirir ki, sovet dövründə ildə bir-iki dəfə toplanan Ali Sovetin deputatları müxtəlif vəzifə və partiya işində çalışırdılar ki, onlar da maaşlarını Ali Sovetdən yox, öz işlədikləri yerdən alırdılar. Həmin dövrdən fərqli olaraq Azərbaycanın ilk Milli Məclisində təmsil olunanlara isə deputat statusunda əməkhaqqı verilib.

«Yəni Milli Məclis deputatların daimi iş yeri olub və onlar da indiki deputatlar kimi maaş alıblar».

Hacıbaba Əzimov deyir ki, o, postsovet ölkələrinin bəziləri ilə bağlı araşdırma aparıb və məlum olub ki, ilk milli parlament üzvlərinə ən yüksək pensiya və imtiyazlar verilir.

1995-Cİ İLƏ QƏDƏR DEPUTAT SÖZÜ OLMAYIB?


Hüquqşünas Fuad Ağayev
Sosial Müdafiə Fondunda isə hesab edirlər ki, 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunana qədər Milli Məclisin deputatı məfhumu olmayıb və bu baxımdan da 1991-95-ci illərdə Milli Məclisə seçilmiş şəxslər Milli Məclisin üzvləri adlandırılıb. Fondda artıq bu məsələnin gündəlikdə olmayan bir məsələ sayırlar və həm də hesab edirlər ki, bununla bağlı əvvəllər bir neçə dəfə qaldırılan iddiaları da Ali Məhkəmə rədd edib.

Milli Məclis aparatında da hesab edirlər ki, sabiq Milli Məclis üzvlərinin narazılığına baxmayaraq aparat rəhbəri Səfa Mirzəyev qanunvericiliyə uyğun addım atıb.

BOLŞEVİZMƏ QULLUQ EDƏNLƏR YÜKSƏK PENSİYA ALIR, AMMA...


Məsələ ilə bağlı araşdırma aparan və həm də keçmiş millət vəkili Məryəm Həsənovanın məhkəmədəki müdafiəçisi hüquqşünas Fuad Ağayev deyir ki, Azərbaycanın müstəqillik aktını imzalayan millət vəkilləri deputat təqaüdündən məhrum edildiyi halda vaxtilə bolşevizmi təmsil edən rayon partiya komitələrinin təlimatçıları, şöbə müdirləri indiki icra hakimiyyətlərinin əməkdaşlarına bərabər tutulur və təqaüdləri də dövlət qulluqçularının təqaüdü kimi hesablanır. Fuad Ağayev vaxtilə xalq hakimləri adlandırılan şəxslərə və prokurorluq əməkdaşlarına da eyni münasibət bəsləndiyini deyir.

«Bizim də yanaşmamız bundan ibarətdir ki, əgər hamının və o cümlədən milli müstəqilliyin, suverenliyin əleyhinə işləyənlərin təqaüdü indiki meyarlarla hesablanırsa, onda hansı məntiqlə Milli Məclisin sabiq üzvlərinə qarşı belə ayrı-seçkiliyə yol verilir? Bu baxımdan da hesab edirik ki bu yanlış yanaşmadır və səbəbləri aradan qaldırılmalıdır».
XS
SM
MD
LG