Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:34













“Kazanovasayağı” (şeirlər)


Üfunət İlahəsi


İnsan kimi unudacağam səni,
Vicdanla bir qurudacağam səni!
Sümürüb hər xatirəni tüstüdə,
Külqabıda basdıracağam səni!

Hər şey mənə tamam yad görünəcək,
Sevgim də getdikcə xofa dönəcək.
Və səndən sonra qucduğum hər bədən,
Xəyanət qoxusuna bürünəcək!

Sənin bəxş etdiyin bu ayrılıqda,
Unudacağam mən insanlığı da.
Bircə sən, Üfunət İlahəsi,
Duyulacaqsan mənim varlığımda!


Haradırsa, buralar deyil


Rüşvətin namusa ləkə sayıldığı yer
- haradırsa, buralar deyil.
Qeyrətin ailədən kənara çıxdığı yer
- haradırsa, buralar deyil!

Göyə qaldıranlarının
qədrin qanmayanların
qarnıac vətəndaşın çiyinlərindən
başıaşağı yıxıldığı yer
- haradırsa, buralar deyil!

Nəcabətin nəsildə yox,
Yeddi arxa dönəndə yox,
məhz bir insanda,
görkəmdə-vücudda yox,
ruhda tapıldığı yer
- haradırsa, buralar deyil.

Məhəbbətin yataqlara deyil də,
Otaqlara deyil də,
Fəraqlara deyil də,
bir qucağın
ən sıcaq ocağına saldığı yer
- haradırsa, buralar deyil.

Ləyaqətin bakirəlikdə deyil,
davranışdavə baxışda,
yerişdə yox, görüşdə,
yəni, dünyagörüşündə tapıldığı yer
- haradırsa, buralar deyil.

Cəsarətin savaşmaqda,
Ayrılıb vidalaşmaqda
Qəlbidaş olub da,
sinələrə daş asmaqda deyildə,
Barışmaqda, danışmaqda,
Məhəbbətin, ədalətin qələbəsi naminə,
Bir az mehribanlaşmaqda duyulduğu yer
- haradırsa, buralar deyil!


Kazanovasayağı

Darıxma!
Sağlıq olsun,
yaxınlarda sevindirəcəm səni.
Az əvvəl,
sırtıqlığa salıb da qopardığım
telefon nömrənə zəng edəcəyəm.
Qoy, hələ bir az keçsin,
indi gəzdiyim marağın itirsin...

...Bəlkə, bəxtin gətirsə,
başqa qız nömrələrinin içindən,
ilk sənin nömrəni görüb yığacam.
Həvəslə və çoxdankı tanış kimi,
şit zarafatlarla “hücum” edəcəm.
Sən utanacaqsan...
Amma, xoşlanacaqsan mənim arsızlığımdan.
Əminəm, adım kimi!
Bütün utancaqlığını aradan götürəcəm..
Və növbəti gün görüşə çağırıb,
alovlu etiraflarla əridəcəyəm səni!

Eh! Darıxma, qızcığaz!
Sən nə bilirsən hələ,
sevgi nədir!?
Öyrədəcəm sənə əsl sevgini,
xoş duyğuyla sevindirəcəm səni!
Amma, fərqlənməz sənin bu sevincin
- evdəki sıxıntıdan çayxanaya üz tutan kişilərin
işsizlik fikrini,
borcların möhlətini
bir anlıq unutduran
nərdtaxta uğurundan!

Mən sənə öz bildiyim,
Hiss etdiyim hər şeyi öyrədəcəm.
Elə, ona görə də,
gözləmədiyin bir dəm,
qəfildən tərk edəcəm!


Adi adam

Sən mənimçün...
Sən mənimçün bir insan
- adi adamlar içində sezdiyim,
Sevdiyim,
Qeyri-adi bildiyim bir qadındın.
“Seçdiyim” demirəm ki,
Tanrı seçmişdi səni,
Mənə, mənim yerimə...
Hər şey necə də ani
Və qeyri-adi oldu.
İlk görüşümüz də,
Son görüşümüz də...
Əllərindən tutan vaxt,
Vücudumun əsməsi də
Qeyri-adi hal idi.
Əllərindən qopan vaxt,
sıcağına öyrəşmiş ovuclarım
gözdağıma döndülər
- Artıq, onlara baxmağa
qorxurdum ilk zamanlar!
Adi insanlar kimi,
ola bilmirdim daha.
Amma, adiləşirdi
mənim üçün əzab da!
Elə, həyat özü də
marağın itirirdi.
Hər şey tanış gəlirdi...
Və hər şey də ümidsiz!
Tanıya bilmədiyim
bir sən var idin, demə!
Səni də kəşf elədim
- Bir gün adi adam tək,
Rastıma çıxan zaman!
Sanki, ölüb getmişdi,
ümidlərimlə birgə,
sənin əsrarın o an!


“Dövlət sirrini yazma!”

(Bir telefon zəngindən sonra)

Bu sirrli həyatda,
Bu sirrli dünyada,
Sirrlərlə dolu bir baş daşıyıram.
Bəzən, elə gəlir,
mənə yaşamaqçun lazım deyil baş,
mən başı daşımaq üçün yaşayıram.
Elə, ona görə,
yəqin, qorxuram...
Başımda olanı qorumaq üçün,
ağzımdan ikiəlli, bərk tuturam.
Axı, hifz etməliyəm mən bu başı,
başağrıdan deyil,
başkəsənlərdən!...

…Və bir də, düşünürəm,
hərdən-birdən:
“Başımda sirrdən çox,
zibil var, deyəsən!
Amma, heç fərqi yox,
dözməliyəm mən!
Üfunətinə də, ağrısına da...
Baş yerdən yığmışam bu zibilləri,
nə olsun, həsrətəm qayğısına da...

...Zibil aşıb-daşan başım, çox yaşa!
Sən nəsib olmazsan hər vətəndaşa!


Gərək…

(melanxolik gecələrin birində)


Gərək, vicdansız olaydım,
gərək, əxlaqsız olaydım!
Tanrı səltənətində,
şeytana qul bağlanıb,
Yaradansız qalaydım.
Yalan həyat sürəydim ki, beləcə,
qəlbimi oyalamazdı yalanlar.
Gedənlər də dərd olmazdı içimdə
bir dəyər daşımadıqca qalanlar...

Yəqin, uzaq olardı işgəncə də,
Məsumların göz yaşlarıyla yuyardım kirimi.
Qəlbimdən qan axıtmazdı kimsə də,
üst-başımda olmazdı toz, ləkə də,
boyadıqca harama əllərimi...

..Və gündə olmasa da,
Heç olmasa,
həftə sonlarında,
Çiyinlərimdəki mələklərin də
başlarını deşərdi,
soyunulmağa macal vermədiyim dikdabanlar!
Mən necə insan olardım görəsən,
məni lənətlədikcə aldananlar!?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG