Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:50

11 milyard dollar “itkin” düşüb?


İqtisadi Tədqiqatlar Mərkəzi iddia edir ki, 2003-2009-cu illərdə xarici ölkələrdən Azərbaycana gətirilən mallardan 11 milyard dollara qədər pul yoxa çıxıb. Mərkəz apardığı maraqlı bir araşdırmadan sonra bu iddiaya düşüb.

Təşkilatdan verilən məlumata görə onlar Azərbaycanın ticarət tərəfdaşı olan 16 ölkənin səfirliyinə müraciət edərək illər üzrə ticarət dövriyyəsinə aid məlumatları verməyi xahiş edib. Sonra da həmin səfirliklərin verdikləri məlumatları Azərbaycanın Dövlət Statistika Komistəsinin rəsmi rəqəmləri ilə müqayisə edib. Məlum olub ki, məsələn, tutaq ki, Türkiyənin rəsmi sənədlərində Azərbaycana bir ton kağız satıldığı yazılır. Amma eyni kağız Azərbaycanın statistikasında 600 kiloqram kimi qeyd edilib.

Mərkəzin İdarə Heyətinin sədri Qubad İbadoğlu AzadlıqRadiosunun “Şəffaflıq” verilişində araşdırmasından belə bir fakt deyir: "Məsələn, Türkiyə məlumat verir ki, 2007-ci ildə Azərbaycana 1 milyard 407 milyon 700 min dollar dəyərində mal göndərib. Amma Azərbaycan tərəfdə həmin il Türkiyədən 624.6 milyon dollar qiymətində mal gəlməsi kimi qeydiyyata salınıb. Bu da o deməkdir ki, təxminən 780 milyon dollar pul qeydiyyata alınmayıb. Deməli, ən azı bu qədər pulun vergisi dövlətdən gizlədilib."

Bu fərqləri üst-üstə toplayan İqtisadi Tədqiqatlar Mərkəzi bildirir ki, 2003-2006-cı illərdə Azərbaycanın 16 ölkə ilə alış-verişində 10 645 900 000 dollar yoxa çıxıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin araşdırmalarından o da məlum olub ki, ən çox kənarlaşmalar Türkiyə və Rusiyadan Azərbaycana gətirilən mallardadır. Elə Azərbaycanın ən böyük ticarət dövriyyəsi də elə bu iki dövlətlədir.

Azərbaycanın Gömrük Komitəsində isə bu qədər pulun “itkin düşməsi” iddiasını rədd edirlər. Komitdən bildiriblər ki, Azərbaycanın stastistika idarəsi ilə xarici ölkələrin verdikləri rəqəmlər arasında bu qədər fərqin olması yalnız hesablama metodlarının müxtəlif olmasına görədir.

Amma Qubad İbadoğlu isə bildirir ki, fərqli hesablama metodlarının olduğunu onlar da bilirlər. Amma iki ticarət tərəfdaşı arasında hesab fərqi metoda görə uzağı 10 faiz olar, ondan yuxarısı mümkün deyil. Onların araşdırmalarında isə rəqəmlər arasında fərq 50 faizdən çoxdur. Bu qədər fərq yalnız hesablama metodlarının müxtəlif olmasından yarana bilməz.

Mövzunu "Şəffaflıq" proqramında daha ətraflı dinləyin:
XS
SM
MD
LG