Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:47

391 nəfər zəhərlənib


Hər bir istehlakçı mal alırsa, onun uyğunluq sertifikatını tələb etmək hüququdur

Hər bir istehlakçı mal alırsa, onun uyğunluq sertifikatını tələb etmək hüququdur

Könül İmanova bir neçə dəfə zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. O, əsasən mağazalardan aldığı qida məhsullarından zəhərləndiyini iddia edir:

- Neçə dəfə zəhərlənmə olub xəstəxanaya getmişəm müalicə olunmuşam.

- Bəs, həkimlər nə deyib? Nədən zəhərlənmisiniz?

- Deyiblər ki, qidadan zəhərlənmişəm. Məsələn, həmin gün sosiska, makaron yemişdim.

345 QİDA ZƏHƏRLƏNMƏ HALI QEYDƏ ALINIB


2010-cu ildə ölkədə 345 qida zəhərlənmə halı qeydə alınıb, 391 nəfər zəhərlənib. Respublika Sanitariya və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyir ki, zəhərlənmələr əsasən ev şəraitində hazırlanan məhsullardan olub:

- Zəhərlənmələr əsasən evlərdə hazırlanan kulinariya məmulatlarının termiki qaydalara düzgün riayət olunmaması nəticəsində baş verir. Amma evlərdə işlənən malların çoxu mağazalardan alınır.

430 KİLOQRAMA YAXIN YARARSIZ MƏHSUL AŞKAR OLUNUB


Avqustun 26-da İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet səhifəsində verilən məlumata görə, ümumi çəkisi 430 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, qənnadı, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub.

Bazara İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən bu cür monitorinqlər haqda mütəmadi məlumatlar verilir.

Məhsul bazara çıxarılmazdan əvvəl Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən ona uyğunluq sertifikatı verilir. Sertifikatda məhsulun yararlılıq müddətindən, saxlanma şəraitinə qədər bütün məlumatlar olur.

İqtisadi İnkişaf Nazirliyinin aşkar etdiyi yararsız məhsulların içərisində kolbasa da var
Agentliyin Standartlaşma və keyfiyyət departamentinin baş məsləhətçisi Mənsim Babayev deyir ki, uyğunluq sertifikatını hər bir istehlakçı tələb etməli olduğu halda Azərbaycanda alıcılar heç məhsulun yararlıq müddəti ilə də maraqlanmırlar:

UYĞUNLUQ SERTİFİKATINI TƏLƏB ETMƏK İSTEHLAKÇININ HÜQUQUDUR


- Hər bir istehlakçı mal alırsa, onun uyğunluq sertifikatını tələb etmək hüququdur. Satıcının isə həmin sənədi istehlakçıya təqdim etmək borcudur. Əgər alıcı bu sənədi tələb etmirsə, keyfiyyətinə zəmanət verilən məhsul almaqda maraqlı deyilsə, bu, istehlakçının öz günahıdır.

Bakı küçələrində söhbətləşdiyim sakinlərin əksəriyyəti məhsulun uyğunluq sertifikatının nə olduğundan belə xəbərsiz idilər.

HEÇ BİLMİRƏM BU NƏDİR

- Siz məhsul alarkən onun uyğunluq sertifikatını tələb edirsiniz?

- İndiyə kimi istəməmişəm.

- Açığı heç bilmirəm bu nədir.

- Nə isə heç fikir vermirəm elə məhsulu alıb çıxıram.

- Heç vaxt satıcıdan aldığım məhsulun sertifikatını tələb etməmişəm.

- Mən heç başqa alıcıların da nə isə tələb etdiklərinin şahidi olmamışam.

- İnsanlarla işləmirlər. Məsələn, ilk dəfə sizdən eşitdim ki, hər hansı məhsulun sertifikatı olmalıdır, indi mağazalara girəndə bununla maraqlanaram. Deməli, cəmiyyətdə yaxşı maarifləndirmə işləri aparılmır ki, bizlərin heç bir məlumatımız olmur.

NƏ QƏDƏR İŞ APARSAQ DA, YENƏ İSTEHLAKÇI BİLİKSİZDİR

Eyyub Hüseynov
Azərbaycanda istehlakçıların maarifləndirilməsi, onların hüquqi müdafiəsi istiqamətində çalışan təşkilatlardan bir Azad İstehlakçılar Birliyidir. Birliyin sədri Eyyub Hüseynov Azərbaycanda istehlakçıların aldıqları məhsulun sertifikatı ilə belə maraqlanmamalarından təəccüblənmir.

Deyir ki, istehlakçıların hər addımbaşı haqlarının pozulması ictimai təşkilatların pis və ya yaxşı işləməsindən asılı deyil:

- Lakin nə qədər iş aparsaq da yenə də istehlakçı maarifsizdir, biliksizdir. Baxmayaraq ki, biz «İstehlakçı biliklərinin əsasları» kitabını yazmışıq, dövlət və Təhsil Nazirliyinə müraciət etmişik ki, bu kitab tədrisdə istifadə olunsun, heç bir addım atılmır.

Nə qədər ki, istehlakçının bilikləri məktəbdə tədris olunmayacaq o vaxta qədər də istehlakçı məlumatsız qalacaq. Elə dünyada biznes yaranandan bəri xüsusi strategiya hazırlanır ki, istehlakçı biliksiz qalsın.

Eyyub Hüseynov əmin edir ki, Azərbaycanda istehlakçıların məlumatsızlığı bir çoxlarının mənafeyinə uyğundur. Kimin? Bu suala cavab verməyə isə ekspertlər çətinlik çəkirlər. Amma Könül İmanova bilmir ki, onun zəhərlənməsində günahkar kimdir.

Şərhləri göstər

XS
SM
MD
LG