Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:26
Səni sənə buraxmazlar. Bilirəm ilk başda buna inanmazsan amma, həqiqətən bu belədir. Dünyanın harasına getsən səni taparlar.

Öz istədiklərini elətdirərlər. Adamın ağlını alarlar, adamın başına oyun açarlar.

Amma bilirəm gülürsən, get işinə, demokratiyadır, kim mənə nə edə bilər deyirsən. Deyirsən, indi bu da növbəti başına hava gəlmiş müxalifətçilərdəndir. Amma elə deyil.

Həqiqətən ciddi deyirəm, səni buraxmazlar, tapa bilərlər, tuta bilərlər, vura bilərlər, pulla ala bilərlər, qorxuda bilərlər, beynini istədikləri kimi proqramlaşdırarlar, amma buraxmazlar.

Özün ki bilirsən onlar zarafatı sevmirlər, onlar hətta zarafat edəndə də ciddi olurlar. İnanmırsan?

Onda sənə bir sual. De görüm niyə sən hər dəfə nə istəyirsənsə, mütləq istədiyin onların istəyi ilə üst-üstə düşür?

Mən də bilmirəm. Mən adi bir dövlət işçisiyəm. Ən adisindən.

Başını aşağı sallayıb işinə baxan tiplərdənəm. Əvvəllər mən bu dövlət işlərindən heç nə anlamırdım.

Məsəlçün bilmirdim polis nədir, hakim nədir, müstəntiq nədir, idarə rəisi nədir, icra başçısı nədir, nazir nədir. Amma universiteti bitirən kimi məni onların arasına sürgünə göndərdilər, əlimdən tutub otaq-otaq ekskursiyaya apardılar.

Adam yenicə tanış olduğu bir şey haqqında ilk hisslərində olduğu kimi, mənim də hisslərim mənə inanılmaz və bir az da gülməli gəldi. Onlar mənə türk kinolarından ənənəvi, bir gülünc səhnəni xatırlatdı.

Oğlanla qız əl-ələ tutub xeyli üzgün bir halda körpünün üstünə gəlirlər, oğlan deyir bu dünyada bizi qovuşmağa qoymadılar Ayşə, gəl özümüzü dənizə ataq, barı o dünyada qovuşaq.

Qız da canla-başla razı olur.

Oğlanla qız əl-ələ suya atıldıqları anda, qəflətən arxadan, körpünün üstündən tanış bir səs eşidirlər. Çox güman ki bu filimdəki pis obrazlardan biridir.

- Durun, siz öbir dünyada da kovuşamazsınız. Çünki siz kardeşsiniz.

Oğlan başını çevirib deyir,

- Hay ananı Salih abi be, bu ne biçim senaryodur yazmışsınız. Maymunmu oynatıyorsunuz lan siz?

Salih də qımışa-qımışa cavab verir.

- Ne sandın. Seni sana burakmazlar yavrum. Yerin dibine bile girsen bulup çıkartırlar, aklını alırlar, aklını. . . .

Mütləq tabeçilikdir bu dövlət dediyin şey. Yoxmu bunun bir istisnası, bir kənaraçıxması - dedim.

Yox imiş və mən bu yolda nə birinci nə sonuncuyammış.

Mən həbsxana kimi bir yerdə işləyirəm, idarənin qapısından içəri girəndə mənim qollarıma qandal vururlar, düz saat altıya qədər orada qalmalıyam, saat altıda isə qandallarımı açıb növbəti günə qədər məni azad buraxırlar.

Heç kim bilmir o qandalların mənim üçün nə qədər ağrıdıcı olduğunu. Heç o qandalları vuranlar özləri də, əks halda niyə əlindən heç bir pislik görmədikləri birini belə incitsinlər ki?

Dilləməyə qorxuram, bilirəm ki, dillənən kimi deyəcəklər, “Balam, sənin kimi minlərlə adam var burda.

Gör heç onların qıqı çıxırmı? Burda nə var ki, dövlət səni belə işlə təmin edib, sən də belə naşükürlük edirsən. ”

Hər dəfə də mənə bayırdakı işsizlər ordusunu göstərib deyirlər, bayırda sənin yerində olmaq istəyən nə qədər adam var, qoyarıq səni qapının önünə.

Acından ölərsən, dilənərsən, bərduş olarsan, şair olarsan.

Bayırda soyuq var, aclıq var, kasıblıq var, xəstəliklər var, ölüm var lakin, mənə nə?

Mən azadlığımı hər şeydən daha çox sevirəm. Azad adamam da, olmaz?

Universiteti bitirib təyinat almazdan bir neçə ay əvvəli xatırlayıram.

Mən diplom işimin müdafiəsi üçün kürsüyə çıxıb danışıram. Əvvəlcədən eşitmişəm ki, nazirlikdən adamlar gəlib, işə götürmək üçün savadlı tələbələri seçəcəklər. Alovlu çıxış etmək gərəkdiyini anlayıram.

Hamı bilirdi ki belə boş nitqlər söyləmək mənim üçün hər zaman asan olub. Budur mən kürsüdəyəm. Əlimi sinəmə qoyub, atəşli danışıram.

- “Bildiyiniz kimi, üzərində araşdırma apardığımız mövzudan, “Zırt” adlı alimin “Pırt” adlı kitabında geniş bəhs olunmuş, habelə bu mövzuda Azərbaycan alimləri də hərtərəfli araşdırmalar aparmışlar. ”

Nitqim qurtaran kimi, hər tərəfədən mənə sağollar yağdırırlar, təriflər deyirlər. Mən qalib kimi kürsüdən aşağı enirəm.

Bir neçə ay sonra məni işə dəvət edirlər. Heç təəcüblənmədim, açığı mənim üçün gözlənilməz olmadı, çünki məni seçəcəklərindən əmin idim. Hamıdan çox nənəm sevinir, arabir eşidirəm, öz-özünə danışır :

Qadasın alım balamın, alimdi balam, alim. Oxudu qurtardı, qurtaran kimi də hökümət işinə girdi, gör hələ nə böyük adam olacaq.

Eşitmişəm babam da sağda-solda ağsaqqalları başına yığıb danışır ki, bizim gədəni hökümət özü bəyənib. Deyib o oğlan bizə lazımdır. İndi o boyda nazirliyin işini aparacaq ey.

Mən də özümlə fəxr edirdim, təbii ki məni gözləyənlərdən xəbərsizdim onda. Sevinirdim və “xariqələr yaratmaq” haqqında xəyallar qururdum.
Sən demə heç nə mən gözlədiyim kimi deyilmiş.

Mən sadəcə özüm-özümü aldatmışam vəssalam. Sən demə, dövlət idarəsi insana ruhu olmayan, bir varlıq kimi baxırmış.

Oralarda həyat dayanıbmış, insanlar nəfəs almırmış. Sən demə dövlət idarəsində bir iş, insanı azadlıqdan, həyatdan, arzulardan soyudan bir cəza imiş.

Mənim üçün ən böyük cəza işə girdiyim gün tətbiq edildi, məni böyük bir boş otağa qapadılar.

Bir stolla bir stul verdilər və özümə də tapşırdılar ki, həyati bir məsələn olmasa bu otaqdan bayıra çıxa bilməzsən. Əvvəl bunu əyləncəli bir zarafat kimi qəbul etdim.

Gülməli gəldi. Amma sonra bunun ölüm kimi ciddi bir həqiqət olduğunu gördüm. Az keçmədi ki, mənim boş otağıma təzə işçilər gətirdilər, daha doğrusu məhbuslar.

Ən gülməlisi o idi ki, onlar çoxu bura düşmək üçün ağır miqdarda pul verib gəlirdilər.

Kimlərə verdiklərini mən də bilmirdim, özləri də deməzdilər, axı heç mən də soruşmazdım.

Mənim işim nə idi? İnanın mən həmişə bunu öyrənməyə çalışmışam.

Axı mən niyə dörd il oxudum, imtahanlara girdim, kurs işləri yazdım?

Niyə? Mən dövlətin nəyinə lazım idim, onlar məndən nə kimi istifadə etmək istəyirdilər? Axı kainatda mövcud olan hər şey nəyəsə gərəkdiyinə görə mövcuddur.

Mən də nəyəsə gərəkməliydim, lakin bunu heç vaxt öyrənə bilmədim.

Bildiyim o idi ki, hər kəs işləməliydi və onlara verilən kartlarla hər ayın axırı bankomat adlanan cihaz vasitəsilə pul çıxarmalıydılar.

Yox, heç kimdən soruşmamışdımmı? Soruşmuşdum. Mənə qarışıq cavablar verilmişdi.

- Oğlum sən filan-filan sənədləri tərtib edib, filan-filan yazıları yazıb, filan qaydaları yerinə yetirməlisən.

- Axı mən heç bir sənəd tərtib etməmişəm. Burda sənəd tərtib edən kimisə də görməmişəm. Bura sadəcə yatmaq və cürbəcür yollarla vaxt keçirmək yeridir. Nə isə iş görülsəydi mən də xəbərdar olardım.

Günlərin bir günü. Mən darıxanda otaqdan çıxıb o biri otaqlara səyahət etməyi qərara aldım.

Görəsən orada da insanlar vardımı? - deyə. Var idi özü də məndən daha yaşlıları da, daha ağıllıları da, daha gözəlləri də var idi. Və onlar hamısı mənim kimi əzab çəkirdilər, qıvrılırdılar.

Əslində avaralığa öyrənmiş bir adam üçün, başını girələmək üçün bir iş yeri əla bir fürsətdir. Onlar deyərlər ki, puldur də, qarnını ağrıdır?

Get otur beş, altı saat, ayın axırı da pulunu al cibinə qoy xərclə da.

Axı avara adamlar boş oturmağa öyrəşiblər, mən və mənim kimi hər zaman nə isə şüurlu bir işlə məşğul olan adamlar üçün isə belə bekarçılıq əsl cəhənnəmdir.

Hər otaqda bir neçə adam başını stolun üstünə qoyub gah yatır, gah tum çırtlayır, gah qeybət edir, amma vaxt keçmir ki, keçmir.

Bəziləri bilgisayardakı mənasız oyunları oynamaqdan ağlını itirib, oyun manyakına çevrilib, ən yüksək xalı toplamaq üçün var gücü ilə çalışır.

Həyat gedir, mən yaşlanıram, asta-asta ölümə doğru gedirəm, son dərəcə asta.

Doğrusu belə yavaş ölməyi heç istəməzdim. Elə bilirsən “yüz il tənhalıq” deyilən şeyi təcrübədən keçirirsən.

Həyat birdən-birə tutqunlaşır, hər şey darıxdırıcı olmağa başlayır, hər şey tənbəlliklə axıb gedir. Zaman sanki qulağının dibində durub, ən qalın və qulaq deşən cırıltılarla kamança çalır.

Qolumdakı saatın əqrəbləri dilini çıxarıb can verir. Mən onları həyata qaytarmalıyam ki işləsinlər, irəliləsinlər axşam saat altını gətirsinlər.

Bir dəfə idarənin ən yaşlı işçisi olan Arifdən soruşdum :

- Arif dayı, sən neçə ildir burda işləyirsən?

- 25 ildir.

- Arif dayı sən bir arif adama bənzəyirsən, allahın adını verirəm, de görüm, burda insanlar niyə heç bir işlə məşğul olmur, niyə belə dəhşətli bekarçılıq var bu dövlət idarələrində, insanları hansı günahlarına görə belə cəzalandırıblar, bütün dünyadamı belədirmi?

Arif belə sualları çox eşitmiş və hər yeni gələnə izah etmiş bir tərzlə cavab verdi.

- Burda neçə işçi var?

- Təqribən 220

- Amma sənə deyim ki, buranın bütün işini 20 nəfər balaca qız uşağı görə bilər. Deməli yerdə qalan 200 nəfər boş oturmalıdır. Və yaxud burda neçə nəfər çoxlu pul qazanır.

- Bilmirəm hər halda 15-20 nəfər.

- Ay sağ ol, kim bütün işləri öz əlinə alıbsa, idarə də onlarındır. Sənə sadəcə gedib-gəlmək qalır. Bu Budur yəni.

- Bu? Yəni bu nə deməkdir?

- Bu o deməkdir ki, biz dövlət tərəfindən də, allah tərəfindən də, insanlıq tərəfindən də unudulmuşlarıq. Sadəcə bizim varlığımız haqqında heç kim bilmək istəmir. Onların daha mühüm işləri var.

Bu cavabdan sonra nə isə demək yersiz idi. Mən susdum, gözləməyə davam etdim.

Hamı kimi gözləməyə öyrəşdim. Qar yağdı, yağış yağdı, külək əsdi, yaz gəldi, yay gəldi, payız gəldi, sonra yenə, yenə, yenə.

Mənim həyatım pəncərə önlərində keçdi. Məndən heç nə olmadı, heç nə.

Görünür məndən heç “xariqələr yaradan” birisi çıxmayacaqdı. Mən də Arif kimi, bu bataqlıqda puç olub gedəcəkdim.

Halbuki, boş keçən bu vaxtlar ərzində mən minlərlə faydalı işlər görərdim, bəlkə şair olardım ya rəssam ya filosof. İmkan versəydilər hər şey olardım.

Onları ki mənim nə olmağım maraqlandırmırdı, məni də onlar.

Son zamanlar mən işdə aradan çıxmaq üçün yollar tapırdım.

Ya yalandan xəstə olurdum, ya hansısa yaxınımı “öldürürdüm” , ya ən ağlagəlməz işlərim çıxırdı. Amma onlar da yerlərində yatmırdılar, mənim kimilər olduqca çox idi və bizlərə qarşı sərt bürokratik tədbirlər görürdülər.

Məsəlçün adi bir icazə almaq üçün əvvəlcə bir icazə ərizəsi yazmalıydın, sonra idarənin dörd müxtəlif yüksək vəzifəlisinə imzalatmalıydın, yəni sənin həyatını dörd şərəfsiz idarə edirdilər. Onlar istəsəydilər gedə bilərdin, istəməsəydilər yox.

Eyni maaşı alan, eyni dəhlizdə gəzən, eyni ayaqyolundan istifadə edən lakin fərqli vəzifə sahiblərinin həyat tərzləri tamam fərqli idi. İdarənin direktoru və başqa vəzifəliləri özləri-özlərinin ağası idi.

İstənilən vaxt çıxıb gedə bilər, istənilən vaxt gələr, üstəlik təklikdə bütün idarə işçilərinin maaşı qədər pul qazana bilərdilər.

Bir dəfə direktor müavini köhnə maşınını satıb təzəsini alıb və bir qrup kasıb işçini başına yığaraq bu hərəkətini onlara izah etməyə çalışır ki, yanlış anlaşılma olmasın.

- Vallah özünüz bilirsiniz mənim üçün maşının fərqi yoxdur köhnə cipim də yaxşıydı, əsas odur ayağımı yerdən üzsün. Amma, o köhnə cipə minəndə el içinə çıxa bilmirdim. Dost –düşmən görürdü, biyabır edirdilər ki, o nə maşındır sürürsən.

Daha utandığımdan qohum-qardaş içinə heç kimin üzünə baxa bilmirdim. Xəcalət çəkirdim ey.

Direktorun müavini çıxıb gedəndən sonra Arif özünü saxlaya bilməyib danışmağa başlayır.

- Adamın qırmızılığına bax ey, biz avtobuslarda basabaslarda, az qala onun-bunun qucağında gedib gəlirik, bu isə utanmadan danışır, yox köhnə cipim belə getdi, yox təzə maşınım belə gəldi.

Bura Azərbaycan idi. Sadəcə bu həqiqəti bilmək bizə bəs edirdi. Hər zaman ən dolaşıq vəziyyəti belə təkcə bu həqiqətin köməyilə anlaya bilirdik.

Zorla bir yerə toplanmış adamlar idik biz, zorla yaşamağa məcbur edilmişdik. Bizə əsgər kimi yanaşırdılar.

Yəni bir adımız, şəxsiyyətimiz, keçmişimiz yox idi. İçimizdən biri ölsəydi deyərdilər ki 10 N öldü dərhal 11 N – ni onun yerinə daxil edin. Və biz beləcə yaşayıb gedirdik.

Bir dəfə mən maraq üçün içində işlədiyim göydələn binanın başına çıxmağı düşündüm. Burdan şəhər ovcunun içində kimi görünrdü, həm də məni telefonuma zəng edib axtarsaydılar tezcə yerimə qayıda bilərdim.

Hündür yerlərdən baxanda insanlar qarışqa kimi görünür, sən xəyalən də olsa onları əzə bilərsən. Üstəlik sənə heç bir güc tətbiq etmək lazım deyil. Sadəcə onlardan çox-çox yuxarıda olmağın yetər.

Mən göydələnin başına çıxanda burda bizim 55 yaşlı köhnə işçimiz Arifi gördüm.

- Siz burda neynirsiniz?

- Stress atıram. Rahatlayıram, siqaret çəkirəm. Dünyaya söyürəm.

- Söymək? Nəyə görə söymək?

- Bu üsulu mən kəşf etmişəm. Əgər kimsə ya da nəsə səni qəzəbləndiribsə, hündür bir göydələnin başına çıx, bütün dünyaya tüpür.

Günahkar bütün dünyadır, çünki səni qoymazlar, qoymazlar ayrı-ayrı adamlara söyüb rahatlayasan, əvəz çıxasan.

Mən susub, binanın başından aşağı baxırdım. Birdən müdir müavinin binadan çıxıb getdiyini gördüm.

Dərhal Arifə tərəf çevrilib dedim : bax müdir müavini yeni maşınına minib gedir, hələ saat üçdür və o evə gedir, bəlkə də şəhərə harasa gəzməyə gedir.

Kim bilir? Bizsə saat altını gözləməli olacağıq. Arif gəlib düz yanımda oturdu, əlini ağzına tutub qəzəbli səslə müdir müaviniə tərəf qışqırdı :

- Tfuu allah bəlanızı versin. Ölkəni soydunuz, soğana çevirdiniz pezəvəngin evlatları. Burnunuzdan gəlsin, burnunuzdan.

Müavin başını qaldırıb binanın başına baxdı, düz vaxtı gözü burnundan o tərəfi seçməyən adam binanın başını necə görəcəkdi ki?

O yanındakı sürücüsünə əli ilə bizi göstərib nə isə soruşdu, sürücüsü isə əlini yelləyib binanın başında heç nə olmadığına onu əmin etdi.

Lakin müavin bir az qorxmuş tərzdə binanın başından gözünü çəkmədən maşınına mindi.

Bizim səsimizi ilk dəfə idi ki, eşidirdilər. Bu məni xeyli həyacanlandırmışdı, mən axır ki içimdə boğulmuş səsi bayıra çıxarmaq üçün bir fürsət tapmışdım.

Arifə qoşulub göydələndən bütün dünyaya tüpürdüm və qışqırmağa başladım.

- Pezəvəngin evladı, məmləkəti soydun. Utan, utan.

Arif əlini çiynimə vurub, dedi, afərin, öyrən. Bax burda işlədikcə belə stress atmaq sənə çox kömək olacaq. Əvvəl söy, sonra tüpür. Çünki bütün günah dünyadadır.

Mən onun bu fikrini dəyişdirmək istəmirdim amma ürəyimdə bilirdim ki, cəmiyyət pisdirsə təqsir insandadır, həyat pisdirsə təqsir insandadır, dünyanın heç bir günahı yox idi.

adyazar.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG