Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:02

«Bizim üstümüzdə Qarabağın böyük adı var»


Mahir Rüstəmli və Aslan Kərimov

Mahir Rüstəmli və Aslan Kərimov

Ağdamın «Qarabağ» futbol klubu Avropa Liqasının pley-off mərhələsində Almaniyanın «Borussiya» klubuna Bakıda da uduzmaqla qruplara qalma imkanını əldən verdi. «Qarabağ» ötən həftə rəqib meydançasında isə 4:0 hesabı ilə məğlub olmuşdu. Ancaq bu ağır məğlubiyyətə baxmayaraq «Qarabağ» klubu bu mövsüm Azərbaycanın futbol tarixində görünməmiş nəticəyə nail oldu. Avroliqanın seçmə mərhələsində «Borussiya» əngəlinə qədər nə az, nə çox düz 3 klubu yarışdan kənarda qoydu.

Kapitan Aslan Kərimov:

«Bizim üstümüzdə Qarabağın böyük adı var. Biz bu adın məsuliyyətini yaxşı dərk edirik. Xüsusilə də yerli futbolçular. Mən inanmıram ki, legionerlər bizim qədər Qarabağın nə demək olduğunu anlaya bilsin. Biz keçən mövsüm də iki rəqibi yarışdan kənarlaşdırmışdıq. Fikrimcə, bu il uğurlarımıza az da olsa əlavələr etdik. Ancaq dünya futbolu səviyyəsində bizim heç bir uğurumuz yoxdur. Sadəcə, Azərbaycanın başqa klubları ilə müqayisədə Avroliqada daha çox mərhələ keçmişik…».

«Futbol+» qəzetinin redaktoru Mahir Rüstəmli:

««Qarabağ» klubunun bu mövsüm Avropa Liqasında iştirakını ümumən uğurlu saymaq olar. Ancaq nəzərə alaq ki, pley-off mərhələsinin ilk oyununda ağır məğlubiyyətə uğrayaraq qruplara qalma şansımızı əldən verdik. Ancaq nəticə ümumən uğurludur. Bu uğur daha çox yerli futbolçulardan və onların bir-birlərini yaxşı tanımasından irəli gəlir. Bir də təbi ki, burada Qurban Qurbanov amili də var».

Qonaqlar «Qarabağ»ın «Borussiya»ya böyük hesabla uduzmasının səbəblərinə də toxunublar.

Aslan Kərimov:

«Qarabağ» - «Borussiya»
«Biz bəzi futbolçuların fərdi səhvləri üzündən məğlub olduq. Əslində, taktika düzgün seçilmişdi. Bir də təcrübə çatmadı. Təsəvvür edin, qapı arxasında rəqibin 35 min çılğın azarkeşi durmadan öz klubunu alqışlayır, bir çox futbolçularımız bu gərginliyə tab gətirmədi».

Mahir Rüstəmli:

«Bəli, təcrübə çatmadı. Bir də ilk oyunda Emin İmaməliyevin start heyətinə buraxılması düzgün deyildi. Onun yerinə Vüqar Nadirovu buraxmaq olardı. Ancaq Qurban Qurbanov deyir ki, Emin məşqlərdə özünü çox yaxşı göstərirdi».

«Panorama»nın qonaqları verilişin sonunda bütünlükdə Azərbaycan futbolunun indiki vəziyyətinə də toxundular.

Aslan Kərimov:

«Artıq bir neçə ildir hər klub özünün uşaq komandalarını yaradıb. Bu, çox gözəldir. Ancaq legionerlərin həddən çoxluğunun Azərbaycan futbolunun inkişafına bir elə xeyri yoxdur. Çünki legionerlər arasında keyfiyyətli futbolçular çox azdır. Əksinə, onlar gənc, mili futbolçuların yetişməsinə mane olurlar».

Mahir Rüstəmli:

«Bizim çempionatın səviyyəsi qalxmalıdır. Əks halda heç bir inkişaf olmayacaq. Xarici ölkələrdə televiziyalar öz çempionatlarının göstərilməsi üçün böyük pullar sərf edirlər. Bizdə isə televiziyalar hansısa oyunun verilməsi üçün klublardan pul istəyirlər. Üstəlik, yalnız bir-iki televiziyada futbolun problemlərinə həsr edilmiş verilişlərə rast gəlmək mümkündür. Bunun əvəzində futbol şərhçiləri oyunların yayımı zamanı futbolu bir kənara atıb, dövlətin tərifinə keçirlər. Bu da təbi ki, azarkeşləri futboldan iyrəndirir».

Şərhləri göstər

XS
SM
MD
LG