Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:44
Mirmehdi AĞAOĞLU

Bu torpağa toxum deyil, kazak başı səpilmişdir,
Bizim sakit Donumuzu dul qadınlar bəzəmişdir

(Qədim kazak mahnısından)

Mixail Aleksandroviç Şoloxovun kazak xalqının həyatından bəhs edən “Sakit Don”əsəri artıq 1940-1941-ci illərdən bir sıra Avropa dillərinə çevrilməyə başlamış, 1954-cü ildən isə Şoloxovun adı Nobel nominantları arasında çəkilməyə başlamışdı.

Şoloxova 1965-ci ildə "Rusiya tariхi üçün mühüm dövrdə Don kazakları haqqındakı eposun mükəmməlliyinə və bədii təsir gücünə görə" Nobel mükafatı verildi.

Mükafatı alarkən isə etiket qaydalarına uyaraq kral 6- cı Qustav Adolfun qarşısında təzim etməməyini kazakların heç kəsin qarşısında əyilməməsi ilə, yalnızca xalqın qarşısında əyilə biləcəyi ilə əsaslandırdı.

O, Sovet hökumətinin Nobel mükafatı almasına narazı olmadığı ilk və son Sovet yazıçısı idi.

Şoloxovun ilk iki cildini 23 yaşında yazdığı “Sakit Don” əsəri haqqında Maksim Qorki demişdi ki, əsər müdhiş dərəcədə istedad və professionallıqla yazılmışdır. Əsəri

ŞƏXSƏN STALİN OXUYUB ONUN HAQQINDA MÜSBƏT RƏY BİLDİRMİŞDİ

Mixail Aleksandroviç Şoloxov 1905-cü ildə Rastov vilayətinin Veşenskaya stanitsasının Krajulina kəndində kiçik ticarətçi ailəsində doğulmuşdu.

O cəmi dörd sinif oxuya bilmişdi. Rusiyanın başının üstünü almış Birinci Dünya Müharibəsi, ölkə ərazisində Vətəndaş müharibəsi, xalqın qırmızılar tərəfində olmaq və ya olmamaq kimi tərəddüdləri, Sovetlərə qarşı üsyan, Böyük Don Ordusunun Sovet hökümətinə qarşı müharibəsi kimi siyasi katakalizmlər onun normal təhsil almasına imkan verməmişdi.

Yeniyetmə Şoloxov bütün bu kataklizmlərin şahidi olmuşdu, 14 yaşından isə Qırmızı Ordu sıralarına daxil olmuş, arxa cəbhədə xidmət etmişdi.

1920-ci illərdə Qırmızı Ordu Böyük Don Ordusunun müqavimətini qırıb onu qaçmağa məcbur etdikdə Donda ikinci bir təhlükə yaranmışdı.

Xırda silahlı dəstələr, bandalar Don stanitsalarına, kəndlərinə hücum eləyib kazakları talayırdılar.

Bunlardan biri də bir zaman qırmızıların tərəfində olmuş, Lev Trotski tərəfindən “qanundan kənar” elan edildikdən sonra onlardan ayrılıb özünün bandasını yaratmış məşhur anarxist Nestor Maxno idi.

Konkov xutoru yaxınlığında döyüşdə Mişa girov düşür və onu dindirən Nestor Maxno növbəti dəfə əlinə düşəcəyi təqdirdə güllələcəyi ilə hədələyir.

Mixail Şoloxov
Onda Mişanın 15 yaşı var idi. Bədbəxt Maxno nə biləydi ki, dindirdiyi uşaq 20-ci əsr Rusiyasının ən böyük yazıçılarından biri olacaq Mixail Şoloxovdur.

1922-ci ildə Moskvaya gələn Şoloxov fəhlə fakultəsinə qəbul ola bilmir. Dolanmaq üçün qara işlərdə çalışır.

Təxminən bu dövrdə də yazmağa başlayır. 1924-cü ildə doğma yurda qayıdan Şoloxov bütün ömrünü bir yerdə yaşayacağı və bir an belə ayrı qala bilməyəcəyi

KEÇMİŞ STANİTSA ATAMANININ QIZI MARİYA QROMOSLAVSKAYA İLƏ EVLƏNİR

və “Don hekayələri” adlı kitabı çap olunur.

1928-ci ildə isə 23 yaşı olanda bir çox böyük yazıçıları belə təəccübləndirən, valeh edən, araşdırmaçıları indiyə qədər gerçək müəllifinin kimliyi ətrafında tədqiqatlar aparmağa vadar edən “Sakit Don” əsərinin ilk iki cildini çap etdirir.

Əsər rus ədəbi ictimaiyyətini şok edir. Səbəb bir tərəfdən 23 yaşlı bir gəncin bu qədər geniş həcmli bir əsər yazması, ikinci tərəfdən əsərin mükəmməl olması, yüksək bədii gücə sahib olması idi.

Bir də əsərin qayəsinin sosializm realizminin tələblərinə cavab verməməsi, Qırmızı Ordunun kazak torpaqlarında törətdiyi vəhşiliklərin açıq şəkildə tənqid olunması, əsərin baş qəhrəmanı Qriqori Melexovun Sovetlərə qarşı mübarizəsinin təqdir olunması, yazıçının ona rəğbətlə yanaşması idi.

Sovet tənqidi əvvəlcə əsəri kəskin tənqid etsə də Maksim Qorki kimi yazıçıların əsəri yüksək qiymətləndirməsi onu təhlükədən qurtardı.

70-ci illərdə Rusiyanın A. Soljenitsin kimi dissident yazıçıları Şoloxovu plaqiatlıqda suçlamağa və bu mövzuda ciddi araşdırmalar aparmağa başladılar. Hətta “Sakit Don”un həqiqi müəllifinin kazak yazıçısı Fyodr Kryukov olduğunu iddia edənlər də tapıldı.

1970-ci ildə fin slavyanşünası və riyaziyyatçısı Qyer Xetsunun kompüter araşdırmalarının nəticələri və 1980-cı illərdə əsərin itmiş əlyazmalarının tapılması “Sakit Don”un müəllifinin Mixail Şoloxov olduğunu təsdiqləsə də, ədəbiyyat aləminə səpilmiş şübhə toxumları nəticəsində plaqiatlıq mübahisəsi ürək-könül məsələsi olaraq qalır.

Şəxsən mənim üçün 20-23 yaşlarında bir gəncin dörd sinif oxumasına baxmayaraq uşaq olduğu dövrlərdə baş vermiş tarixi hadisələri bu qədər mükəmməl təsvir etməsi, müharibə səhnələrini, parça-parça olub ətrafa dağılmış cəsədləri soyuqqanlılıq və dəqiqliklə verməsi (Onun başında furajka yox idi, qafa tasının üst hissəsi də qopmuşdu, onu top gülləsinin qəlpəsi qopardıb atmışdı.

İndi haşiyəsindən çəngə-çəngə tük sallanan, içi boş qafa tasına dolmuş yağış suyu çəhrayı rəng almışdı.

Ondan o yanda yıxılmış dolu, qısaboy, sifətsiz kişinin pencəyi yana doğru geniş açılmış, üst köynəyi cırılmışdı; alt çənəsi çılpaq sinəsinə çəpəki dirənmişdi; saçları altında, yanmış, qopmuş dərisi burulmuş alnının ensiz ağ zolağı görünürdü, alnı ilə çənəsinin arası xurd-xaşıl olmuş sümük qırıntıları və qara-qırmızı duru sıyıqla dolmuşdu.

Onun ombasından qopmuş, hələ nazik dərisindən asılı qalmış bir ayağı yanmış şalvarının yanı ilə köndələninə dalınca sürünürdü, ikinci ayağı yox idi.

O, qəflətən səsini kəsdi, böyrü üstə uzandı, üzünü soyuq, nəm, at peyini ilə murdarlanmış və kərpic qırıntıları dolu torpağa sövkədi. Jarkovun yerə tökülmüş bağırsaqları buğlanırdı.

Bu dolaşıq yumağın quma və quş zılına bulaşmış bir ucu tərpənir, getdikcə böyüyürdü), təbiət təsvirlərini gözümüzün qarşısında baş verirmiş kimi mükəmməl təsvir etməsi, misilsiz bədii təsvirləri (Çəpəki yağan yağışı külək çit kimi cırır, parça-parça edirdi.

Kazak
Külək seyrək yağış damlalarını səpələyir, sanki torpağın açılmış qara əlinə sədəqə verirdi.

KEYİMİŞ GÜNƏŞ DUL ARVAD KİMİ QIMIŞIRDI

Görünməz bir quş uçuşu kimi sakit yel əsirdi) və nəticədə ortaya “Sakit Don” kimi bir şahəsər qoyması inandırıcı gəlmir, lakin əksi sübut olunarsa belə bunu yalnız bəşər övladının qüdrəti və dünyanın möcüzələrindən biri kimi qiymətləndirmək olar.

Dörd kitablıq “Sakit Don” tarixi epopeyasının təbiət təsvirləri əgər onları dərzləyib bir yerə yığmaq olsaydı əsərin bir cildinə sığardı. Əsərdə təbiət təsvirləri olduqca təbii, dəqiq verilib.

Yazıçı meşə təsvirlərinin birində hörümçək torunun üzərinə qonmuş şeh damlalarını məharətlə təsvir edib. Göydə parıldayan Ay hər dəfə bir ayrı cür, yüksək bacarıqla təsvir edilib (Ay kəsilmiş çörək qırağı kimi görünürdü. Ay, pilləkəndən çıxan çolaq kimi səssizcə və bir böyrü üstə diklənirdi.

Mavi səmada ay, əyri qoyulmuş qızıl kasanı andırırdı). Yazıçının bənzətmələri rəngarəng və valehedicidir. Ay təsvirlərində bir dəfə belə eyniliyə, təkrara yol verilmir.

Bəzi oxucular bədii əsər, xüsusilə “Sakit Don” kimi iri həcmli əsərləri oxuyarkən çox vaxt təbiət təsvirləri olan hissələri atdırırlar.

Bəlkə yersiz, yeknəsək, bir-birini təkrarlayan təbiət təsvirlərindən bezən oxucunu haradasa anlamaq olar, amma “Sakit Don”da təbiət təsvirləri yüksək ustalıqla qələmə alındığı üçün onların üstündən sakitcə keçmək olmur.

Bu təsvirlər “National Geography”-nin verlişləri qədər maraqlı və gözəldir.

Şərqi slavyanların subetnik qrupları sayılan

KAZAKLAR QƏDİM STARTALILAR KİMİ DÖYÜŞKƏN XALQDIRLAR

Kazak oğlanlarına üç yaşından başlayaraq döyüş sənəti, silahla düzgün rəftar, əlbəyəxa döyüş, at minmək və s. öyrədilir.

Kazak döyüşçüləri rus ordusunda daima yüksək mövqe tutmuşlar, Birinci Dünya müharibəsində kazakların süvari dəstələri həlledici döyüşlərdə rəşadətlə çıxış etmişlər. Döyüşkənlik kazakların canında, qanındadır.

Kazaklar kimi savaşa meyilli xalqlar tək-tükdür. Müharibə nə qədər arzuolunmaz olsa da kazaklar Birinci Dünya Savaşına ürəklə hazırlaşır, müharibəyə yollanırlar.

Lakin rus torpaqları al qana boyandıqca, ölkəni qırmızıların inqilabı bürüdükcə, Vətəndaş müharibəsi tüğyan edikcə, üsyan etmiş kazakların öz hökümətlərini qurmaları ilə müharibənin daha geniş miqyas alması döyüşcanlı kazakları da bezirlər.

Onlar tezcənə bu zillətin bitməsini, doğma torpaqlarına qayıdıb əkinlərini əkmək, ailələri ilə kasıb, lakin xoşbəxt güzəranlarını sürmək istəyirlər. Müharibə bəşərin üzqarasıdır, rəzalətidir.

Ən döyüşkən xalqlar belə nə vaxtsa müharibədən bezirlər.

Sadə əsgərdən diviziya komandiri vəzifəsinə, general rütbəsinə qədər yüksəlmiş Qriqori Melexovun həyatdan istədiyi yalnızca ailəsinin başına keçib əkinini əkmək, torpağını becərməkdir. Lakin taleh onu çox uzaqlara aparır.

Həyat yelkənsiz gəmidir, teleh küləyi insanı arzuladığı bir parça torpağa yox, böyük-böyük cənnət torpaqların sahillərinə də, cəhənnəm kimi od saçan tikanlı torpaqların sahillərinə də aparır.

Həyatdan çox az şey istəyən Qriqoru səkkiz il müddətində ağır döyüşlərdə iştirak etsə də, müharibənin hər üzünü görsə də ölüm ondan kənar qaçır, lakin əvəzində bütün yaxınlarını, doğmalarını alır.

Şoloxovun Moskvadakı heykəli
Əsərin sonunda Qriqorini “həyatda onu torpaqla və bütün bu nəhəng, soyuq günəş altında parıldayan dünya ilə bağlayan yeganə yadigarı” oğlu Mişatka qalır.

“Sakit Don”un qadın obrazları rəngarəng, müxtəlifdirlər. Onlar

ƏRLƏRİNƏ XƏYANƏTDƏ BELƏ SƏMİMİDİRLƏR


Əri müharibəyə yollanmış Darya onu əxlaqsızlıqdan qaçındırmağa çalışan qayınatası Panteley Prokovyeviçə deyir ki, mənə kişi gərəkdir, həmən kişi istər sən ol, istər başqası mənim üçün fərqi yoxdur.

Döyüş meydanında həmyerlilərindən arvadının əxlaqsızlıq etdiyini öyrənən Petro, ərinin həsrəti ilə müharibə zonasına qədər gəlmiş arvadı Daryanı stansiyada qatardan düşərkən gördükdə bir anda hər şeyi unudur və qaçıb arvadına sarılır.

Ərini öldürmüş İvan Alekseyeviçdən Darya qisasını vəhşicəsinə alır. “İvan Alekseyeviç çətinliklə, həm də gec öldü.

Həyat onun sağlam və gümrah bədənini könülsüz tərk etdi”.

Ərinin onu atıb getməsini qəbul edə bilməyən Natalya kərəntini sinəsinə saplayanda onun əti yara-yara bədənə daxil olarkən xırçıldaması qulaqlarda əks-səda verir.

Şoloxov Natalyanın ölüm səhnəsini çox böyük soyuqqanlılıqla təsvir edib.

Ailəsini atıb Qriqoriyə qoşulub qaçmış Aktisinya sonuna qədər öz sevgisinə sadiq qalır.

Qriqori hər dəfə Aksiniyanı özü ilə aparmaq istəyəndə tərəddüt etmədən ona qoşulur qaçır və bu qaçhaqaçların birində də nakam gülləyə tuş gəlir.

“Sakit Don”un qadın qəhrəmanlarının əxlaqi davranıb davranmaları haqqında polemika aparmaq olar. Amma onlar sevgilərində də, xəyanətlərində də səmimidirlər.

Əxlaqsız qadın obrazı yaratmaq, xüsusilə kiçik bir toplumun içində yer alan, hətta real şəxslərin prototipləri belə ola biləcək obrazları yaratmaq, onları bütün çılpaqlığı ilə təsvir etmək cəsarət tələb edir.

Qadının cinsi dözümsüzlüyünü etiraf etmək İlham Mirzəyevin “Etiraf” verlişinə çıxmaq kimi bəsit deyil.

BU ETİRAF YAZIÇIDAN TƏPƏR, DƏYANƏT TƏLƏB EDİR

Bir zamanlar Çingiz Aytmatovda bu dəyanətə, təpərə rast gələndə heyrətlənmişdim.

Müharibə nə qədər ağır olsa da, xalq arxa cəbhədə müharibənin ağrı-acıları ilə yaşasa da, müharibə üçün çalışsa da, əkdiyi torpağın məhsulunu müharibəyə göndərsə də cinsi məsələlərdə o bu qədər dözümlü ola bilmir.

Belinski Qoqola məktubunda Rus xalqının təbiətən dindar olmadığını yazırdı. Sanki bu cümlələr Şoloxovun qəhrəmanları haqqında yazılıb.

Kazaklar həyatın ən çətin anlarında belə tanrıya əylimirlər. “Biz cəbhəçilər allahdan üz döndərdik, onu qocalarla arvadlara saxladıq.” Və ya bir evdə gizlənən Qriqoriyə eşmə çəkmək üçün kağız tapılmadıqda ev yiyəsi “İncildən qopardılmış iki varaq kiflənmiş kağız” göndərir.

Əsərdə eşəmə çəkmək üçün lazım olan kağızla bağlı maraqlı bir səhnə də var. Petroqraddan təbliğat məqsədilə mütəmadi olaraq cəbhəyə kazaklar üçün qəzet göndərən Bunçuka o cəbhəyə qayıtdıqda kazaklardan biri söyləyir ki, çox sağ ol bizim burada kağıza o qədər çox ehtiyacımız var idi ki.

Başqa kazak yoldaşlarını biabırçılıqdan çıxartmaq üçün onun sözünü kəsərək Bunçuka deyir ki, onlar əvvəlcə qəzeti oxuyub sonra eşmə bükürmüşlər.

“Sakit Don”un qəhrəmanlarının dili olduqca poetik və zəngindir. Əksəriyyəti bisavad olan qəhrəmanlar oxucuda sünilik təəssüratı oyandırmır.

Əksinə, hiss olunur ki, bu poetiklik, kalorit Şoloxovdan gəlmir, bu sadə kazak xalqının dilidir, bu onun ruhundan, qanından gəlir.

Şoloxovun qəhrəmanları mütaliəlidirlər. Onlar Puşkini, Turgenevi, Tolstoyu, Bunini oxuyublar, lazım gələndə onların əsərlərinə söykənə bilirlər.

Listinskinin əvvəldən arvadına meyl etdiyini bilən zabit Qorçakov ölüm ayağında arvadını tək qoymamasını, onunla evlənməsini xahiş edərkən Olqa Nikolayevnanı Turgenevin təsvir etdiyi qadınlara bənzədir.

Başqa bir yerdə isə Listinski Buninin beçə balı kimi şirin və təravətli şerindən bəhs edir.

Son dövrlər KİV-lərdə yazıçının ictimai mövqeyi ilə bağlı geniş müzakirələr aparılır. SSRİ Ali Sovetinin deputatı olmuş Şoloxov Sovet hökümətini tənqid edən dissident yazıçılar sıralarında yer almamışdı.

Bu yerdə məhbəsdən yazıçı Anara açıq məktub göndərmiş Eynulla Fətullayevin həmən yazısından sitat gətirmək yerinə düşər: “Mütləq deyil ki, dahi yazıçı dahi vətəndaş olsun və ya əksinə.

Şoloxov, məncə, Soljenitsindən dahi və istedadlı olub, fəqət “Tixiy Don”un müəllifi Rusiya ictimai-siyasi fikrinin formalaşmasında, bəşəri ideallar uğrunda mübarizədə iştirak etməyib.

O, “Şər çarx”ın hərəkətvericilərindən olub.

Halbuki, sovetizmin ədalətsiz, şər və murdar ictimai-siyasi formasiya olmasını Şoloxov dərk etməyə bilməzdi. 20-30-cu illərdə hələ Mayakovski kimi yanılmaq olardı, lakin sovetizmin sonuncu çürümə-deqradasiya mərhələsində, “uca bolşevizm” dəyərlərinin aşılandığı dövrdə “xoşbəxt sosialist cəmiyyəti”nin ifşasını görməmək mümkün deyildi.

ŞOLOXOV RİYAKARMI İDİ?

İnanmıram. Sadəcə, o küləyə qarşı getmək istəmirdi.”

Olsun ki, Şoloxov Sovet sisteminə qarşı çıxmamışdı. Lakin onun 23 yaşında cəsarətlə yazdığı, qırmızıların törətdikləri vəhşilikləri əks etditrən “Sakit Don” Sovet tənqidinin kəskin hücumlarından sıyrıla bilmişdi.

Stalin bu əsəri oxuyub ona yaşıl işıq yandırmasaydı bəlkə Şoloxov çoxdan “xalq düşmənləri”nin sıralarında yer alacaqdı. Şoloxov “küləyə qarşı getməyənlərdən” ola bilər.

Lakin onun “Sakit Don”u heç də sakit, monoton, zəif əsər deyil.

O dərin məzmuna malik, böyük istedad və zəhmətlə qələmə alınmış, dünya ədəbiyyatının şah əsərləri sırasında özünə ləyaqətlə yer alan, mənəvi dünyamızı zənginləşdirdiyi kimi özünün dörd cildi ilə rəflərimizi də bəzəyən böyük, gözəl və bənzərsiz bir əsərdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG