Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:49
Daşkəsəndə yerləşən hərbi hissədə baş vermiş qanlı olayla bağlı məhkəmə prosesi davam edir.

Bu il yanvarın 28-də əsgərlər Elxan Əzizov və Sadiq Məmmədovun yüksək rütbəli zabitləri və özlərini öldürməsindən sonra MTN və Respublika Hərbi Prokurorluğu hadisə ilə bağlı hərbi hissədə yoxlamalar aparıb, çoxsaylı əsgərlərin incidilməsi faktlarına görə bir neçə zabit həbs olunub.

Avqustun 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Rəşid Hüseynovun sədrliyi ilə davam etdirilən prosesdə müttəhimlər kürsüsündə oturanlar da Daşkəsəndəki hərbi hissənin artilleriya diviziyasının komandir müavini Vələd Qurbanov, divizionun idarəetmə tağımının komandiri baş leytenant Rüstəm Əhmədov, divizionun qərargah rəisi mayor Vazeh Babayev, divizionun 1-ci batareyasının 1-ci atəş tağımının 2-ci top komandiri kiçik çavuş Əli İmanovdur.

İSTİNTAQ SİLLƏLƏRİN SAYINI ŞİŞİRDİB

Keçmiş komandir müavini Vələd Qurbanov ona verilmiş ittihamları qismən qəbul etdiyini dedi. O, 90-cı illərin əvvəlində Türkiyə hərbi ali məktəbində, sonra Hərbi Komandirlər Məktəbində ali hərbi təhsil aldığını bildirdi. Üstəlik, NATO proqramları çərçivəsində Ukraynada hərbi kurslar keçməklə biliklərini artırmasından danışdı. İttihamlara gəlincə, dedi ki, əsgərləri sillələməyini danmır, ancaq istintaq sillələrin sayını şişirdib:

- Mən əsgərləri silləylə vurmağımı danmıram, vurmuşam, demək olmaz vurmamışam, ancaq əsgərə bir sillə vurmuşamsa, istintaq onu şişirdib üç sillə yazıb.

Köməkçi hakim İslam Neymanov:

- Bir tərəfdən Türkiyədə, Bakıda aldığınız ali hərbi təhsildən, NATO proqramları çərçivəsində təcrübənizi artırmağınızdan danışırsız. Digər tərəfdənsə əsgərləri sillələməyinizdən. Bunu necə başa düşək? Siz bilirsiniz ki, Hərbi Nizamnaməyə görə əsgərə əl qaldırmaq olmaz?

Vələd Qurbanov:

- Bilirəm, ancaq əsəbi vaxtlarımda olub.

Sonra Vələd Qurbanova verilmiş ittihamlar üzrə suallar verildi. Epizodlardan birinə görə, Vələd Qurbanov divizionun mətbəxində işləyən aşbaz əsgərləri döyüb. Vələd Qurbanov dedi ki, mətbəxdə natəmizliklə qarşılaşanda, əsgərlər 200 yumurtanı bir dəfəyə qazana töküb bişirəndə, ət oğurluğu edəndə onlara iradını bildirib. Həm də deyib ki:

200 YUMURTANI BİR DƏFƏYƏ QAZANA TÖKƏN ƏSGƏRƏ NEYLƏMƏLİYDİM?


- Möhtərəm hakim, 200 yumurtanı bir dəfəyə qazana tökən əsgərə neyləməliydim? 12 kilo ətin 9 kilosunun sümüyə çıxdığını deyən əsgərlə necə rəftar etməli idim? Mən onları orda yazılan kimi döyməmişəm, ola bilər bir-iki sillə vurmuşam.

Köməkçi hakim İslam Neymanov:

- Əsgər niyə yazmalıdır ki, siz onları döymüsünüz?

- Mənimlə qərəzçilikləri var idi.

- Qurbanov, sizin hərbi hissədəki vəzifəniz nədən ibarət olub? Siz hərbi döyüşə hazırlıq məsələlərinə baxırdınız?

- Bəli.

- Yeməkxanaya nəzarət etmək səlahiyyətiniz var idi?

- Mən rəhbərlik sayılırdım.

- Siz döyüş ərazisinə yaxın bir yerdə yerləşən hərbi hissədə mötəbər bir vəzifəni qoyub yeməkxana işləri ilə məşğul olurdunuz?

Özünü güllələyən əsgərlərdən biri Elxan Əzizov
- ...

BELƏ ÇIXIR Kİ, YOLDAN KEÇƏN BU ƏSGƏRLƏRİ QAPAZLAYIRMIŞ


Sonra Vələd Qurbanov bəzi əsgərlərin ona qarşı qərəzli ifadələr verdiyini dedi. Köməkçi hakim İslam Neymanov bu qərəzçiliyin səbəblərini aydınlaşdırmaq istədi:

- Qurbanov, əsgər komandirinə qarşı niyə qərəzli olmalıdır?

- Bilmirəm.

- Bu qərəzin səbəbi olmalıdır ya yox?

- Mən onlara tez-tez iradlar tuturdum. Pərviz Namazovun ət oğurlaması ilə bağlı Cumayevə də məruzə etmişdim.

- Hansı tədbir görülmüşdü?

- Heç bir tədbir görülməmişdi. Mən rəsmi deməmişdim, qeyri-rəsmi bildirmişdim Cumayevə.

- Qurbanov, əsgərə hərbi xidmətdə döyüşə hazırlıq bilikləri verirlər, təlimlər keçirlər və sair. Mən başa düşə bilmirəm sizin hərbi hissə nə olub elə? 4 nəfərsiniz, hərənizə əsgərləri döyməyinizlə bağlı 35-40 epizod verilib, belə çıxır ki, yoldan keçən bu əsgərləri qapazlayırmış...

MƏN ANCAQ BORC ALMIŞAM, RÜŞVƏT ALMAMIŞAM


Vələd Qurbanova verilən başqa ittihama görə, o, əsgərləri yaxşı yerlərə keçirmək üçün onların qohumlarından rüşvət alıb. Qurbanov bu ittihama belə aydınlıq gətirdi:

- Mən heç kəsdən rüşvət almamışam, borc almışam.

Köməkçi hakim İslam Neymanov:

- Siz əsgər qohumlarından borc alanda bilirdiniz ki, vəzifəli şəxssiniz?

- Bəli.

- Bilirdiniz ki, hərəkətlərinizlə korrupsiya cinayətinə yol verirsiniz?

- Mən ancaq borc almışam, rüşvət almamışam.

Sonra Vələd Qurbanova qanlı olay baş verən günlə bağlı suallar verildi. Qurbanov dedi ki, hadisədən bir az əvvəl Cumayevdən icazə alıb və onun maşını ilə Daşkəsəndə kirayələdiyi evə gedib. Hakimlər onun komandirin xidməti maşını ilə hərbi hissədən çıxmasının və evə getməsinin nə dərəcədə qanuni olmasını soruşdular. Vələd Qurbanov belə cavab verdi:

BUNU ETİK HESAB EDİRSİNİZ?

- Mən özbaşına getməmişəm, mənə Cumayev icazə verib.

Köməkçi hakim İslam Neymanov:

- Siz dediniz ki, Cumayevlə iş münasibətindən başqa həm də şəxsi dostluq münasibətiniz olub...
Qurbanov:

- Bəli, biz həm də ailəvi dost olmuşuq, mən onun uşağının toyunda da olmuşam.

- Siz mətbəxdəki vəziyyəti, hərbi hissəni qanunsuz tərk etməyinizi, bütün pozuntuları aparıb bu gün həyatda olmayan Cumayevə bağlayırsınız. Bilirsiniz ki, o, bu gün həyatda yoxdur və dediklərinizi isbat və ya inkar edə bilməz. Bir tərəfdən də deyirsiniz ki, Cumayevlə 20 ilin dostu olmusunuz. Hətta ailəvi dost. İndi hər şeyi aparıb həyatda olmayan keçmiş dostunuz Cumayevə bağlamaq sizə necə təsir edir? Bunu etik hesab edirsiniz?

- Mən olanı deyirəm.

HEÇ NƏ DEYƏ BİLMƏRƏM

Hakimlər Vələd Qurbanova komandirləri, sonra isə özlərini güllələyən əsgərlərlə bağlı sual verdilər. Qurbanov dedi ki, Elxan Əzizov hərbi hissədə nümunəvi əsgər olub. Əsgər Sadiq Məmmədovu isə tanımayıb.

Özlərini güllələyən əsgərlərin valideynləri Bəyalı Əzizov və Etibar Məmmədov
Hakimlər Vələd Qurbanova bir daha sual verdilər ki, nəyə görə əsgər komandirləri, sonra isə özünü güllələməlidir?

Vələd Qurbanov:

- Mən bunun səbəbini bilmirəm, hadisə baş verəndə də kənarda olmuşam.

Hakim Rəşid Hüseynov:

- Yenə deyirəm, əsgərləri döyməyinizlə bağlı hərənizə 35-40 epizod verilib. Sizsə deyirsiniz ki, hadisənin komandirlərlə əsgərlərin arasındakı münasibətlə əlaqəsi yoxdur. Sizcə əsgərlər komandirləri və özlərini dayandığı yerdə niyə öldürməli idilər?

Vələd Qurbanov:

- Mən heç nə deyə bilmərəm. Mənim hərəkətlərimin hərbi hissədə bu ağır cinayətin törədilməsi ilə əlaqəsi yoxdur, özüm də hadisə yerində olmamışam.

ÖLÜ NECƏ ZƏNG EDƏ BİLƏR?

Sonra komandirləri və özlərini güllələyən əsgərlərin valideynləri zərərçəkmiş kimi dindirildilər. Əsgər Elxan Əzizovun atası Bəyalı Əzizov dedi ki, oğlunun əl izləri silahda olmayıb, üstəlik, hadisə saat 17.00-da baş verib, bundan 15 dəqiqə sonra oğlu yaxın qohumlarından birinə zəng edib:

«Siz deyin, ölü necə zəng edə bilər? Əgər oğlum saat 5-də komandirləri güllələyib sonra da özünü öldürmüşdüsə, evə necə zəng edə bilərdi? O hadisəni mənim oğlum törətməyib, burda üçüncü əl var. Tələb edirəm həqiqət ortaya çıxsın».

Əsgər Sadiq Məmmədovun atası Etibar Məmmədov da dedi ki, oğlunun komandirləri və özünü öldürməsinə inanmır:

«Oğlum bu hərbi hissədən şikayət edirdi. Deyirdi ki, hərbi hissədə nizam-intizam yoxdur, özbaşınalıqdır. İstəyirdi ki, yerini dəyişim. Mənim oğlum hərbi hissəyə gələndən hospitalda olub. O, hələ əlinə silah almamışdı. Necə ürəyə tuşlayıb vura bilərdi?».

Məhkəmə prosesi zərərçəkmişlərin ifadələri ilə davam edir.

Şərhləri göstər

XS
SM
MD
LG