Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:52

Ermənistan Azərbaycanın BMT-dəki səylərini pislədi


Qətnamə layihəsinin sentyabrın 9-da Baş Assambleyada müzakirə olunacağı gözlənilir

Qətnamə layihəsinin sentyabrın 9-da Baş Assambleyada müzakirə olunacağı gözlənilir

Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycana xəbərdarlıq edib: nazirlik BMT Baş Assambleyasında Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə ittiham edən yeni bir qətnamə qəbul etdirmək üçün göstərilən səyləri pisləyib.

Ermənistan Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan bununla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əngəl törədir.

Qətnamə layihəsinin sentyabrın 9-da Baş Assambleyada müzakirə olunacağı gözlənilir. Layihədə həm Dağlıq Qarabağdan, həm də onun ətrafındakı işğal olunmuş ərazilərdən çıxarılmış məcburi köçkünlərin həmin ərazilərə qayıtmaq hüququnun olduğu bildirilir.

ATƏT-dən münaqişə tərəflərini beynəlxalq humanitar hüquqa nə dərəcədə riayət etdiyini araşdırmaq üçün münaqişə zonasına məlumat toplama missiyası göndərmək xahiş olunur.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, əgər sənəd qəbul olunsa, bu, Qarabağ münaqişəsinin həlli üçün göstərilən beynəlxalq səylərə ciddi zərbə olacaq.

Aleksandr Arzumanyan
O bildirib ki, erməni diplomatları artıq bu sənədin qarşısını almağa çalışırlar. Yerevan inanır ki, ATƏT-in Minsk qrupundan başqa, heç bir beynəlxalq təşkilat münaqişənin həllinə cəlb olunmamalıdır.

SƏNƏDİN QƏBULUNUN QARŞISINI ALMAQ MÜMKÜN OLMAYACAQ

1990-cı ildə Ermənistanın BMT-dəki nümayəndəliyinin rəhbəri olmuş hazırkı müxalifət lideri Aleksandr Arzumanyan isə bildirir ki, sənədin qəbulunun qarşısını almaq mümkün olmayacaq:

«Baş Assambleyanın nizamnaməsinə əsasən, yalnız 5 ölkə qətnamə layihəsinin lehinə səs versə və BMT üzvləri olan bütün digər ölkələr bitərəf qalsa, qətnamə qəbul olunmuş sayılır. Belə vəziyyətlərdə isə adətən ölkələrin çoxu bitərəf qalır».

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə məsələ ilə bağlı ancaq avqustun 30-da şərh verə biləcəyini bildirdi:

«Məsələnin mahiyyətini bilmirəm, fərziyyələrlə danışmaq isə düzgün olmaz. Mən nazirlik daxilində mövqe öyrənəndən sonra şərh edə bilərəm».

AZƏRBAYCAN DÜZ HƏRƏKƏT EDİR

Politoloq Rasim Musabəyov isə deyir ki, Azərbaycanın bu məsələni yenidən qaldırılması münaqişəyə diqqəti cəlb etmək baxımından vacibdir:

Rasim Musabəyov
«Bu məsələ həllini tapmayıb və həllini tapmadıqca, Azərbaycan tərəfi bu cür və bundan da sərt qətnamələrlə çıxış edəcək. Düşünürəm ki, Azərbaycan düz hərəkət edir. Ermənilər bundan narahat olduqları üçün belə bəyanatlarla çıxış edirlər.

Onların bəyanatlarının əhəmiyyəti yoxdur. Özləri 100 il bundan əvvəl olan və olmayan hadisələr üçün qapı qalmır döyür, onu daim gündəliyə gətirirlər, ancaq Azərbaycanın işğal olunmuş ərazilərlə bağlı qaldırdığı məsələləri sülh danışıqlarına zidd sayılar».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, BMT-də qəbul olunan qətnamələr danışıqlar prosesinin əleyhinə olmasa da, münaqişənin xeyrinə də şərait yaratmır:

BU QƏTNAMƏLƏR İŞLƏMİR


«Əvvəllər də belə qətnamələr olub. Amma bu qətnamələr münaqişənin həllini sürətləndirmir, onlar işləmir. Hətta vasitəçilər - Minsk qrupunun həmsədrləri belə münaqişənin həllində o qətnamələri əsas tutmurlar.

Əgər onları əsas tutmurlarsa, digər qəbul olunan qətnamələrdən danışmağa dəyməz. Görünür, Azərbaycan hakimiyyəti münaqişənin həlli mövzusunu ara-sıra BMT səviyyəsinə çıxartmağa çalışır.

Ancaq BMT-nin özü də bu cür qətnamələri qəbul etməsinə baxmayaraq, hər dəfə münaqişənin həlli ilə ATƏT-in məşğul olduğunu, bu işə də onun məsuliyyət daşıdığını vurğulayır.

Elxan Şahinoğlu
Əslində, bu cür qətnamələrin qəbul olunması hardasa Azərbaycanın imici üçün müsbət şərait yaradır, ancaq münaqişənin həlli prosesini sürətləndirmir».

2008-ci ilin martında BMT-nin Baş Assambleyasında Azərbaycanın hazırladığı oxşar qətnamə layihəsi qəbul olunmuşdu.

Həmin sənəddə Qarabağ Azərbaycanın beynəlxalq tanınmış ərazisi kimi göstərilirdi və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və şərtsiz çıxması tələb olunurdu.

BMT-nin 39 üzvü həmin qətnamənin lehinə səs vermişdi. Onlar əsasən İslam Konfransı Təşkilatının üzvləri idi. 150 ölkə isə bitərəf qalmışdı və ya səs verməmişdi. O cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa.

Həmin qətnamə Azərbaycan prezidenti İlham Əliyevin böyük diplomatik qələbəsi kimi qələmə verilirdi. Ermənistan hökuməti isə qətnaməni rədd edərək Bakını sülh prosesindən yayınmaqda ittiham etmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG