Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:57

Müxalifət yenə saniyəölçənlə çıxacaq


ATƏT tövsiyə edir ki, İctimai Televiziyada bütün partiyalara yer verilməli, üstəlik də ödənişsiz təbliğat vaxtı üç saatdan yuxarı olmalıdır

İSA QƏMBƏRLƏ ƏLİ KƏRİMLİ AZTV-DƏ DANIŞIR?!


Seçki kampaniyası başlayıb və AZTV-də müxalifət liderləri İsa Qəmbər, Lalə Şövkət, Əli Kərimli və ya Sərdar Cəlaloğlu seçki kampaniyasından danışırlar. Opponentləri isə hakim partiyanın öndə gedənləridir.

Və ya başqa mənzərə: dövlət televiziyasının «Xəbərlər»ində dövlət başçısının hansısa körpü və ya fabrikin açılışındakı nitqindən az sonra «Bu hakimiyyət getməlidir!» çığıran müxalifətçilərin mitinqi də göstərilir. Real deyil eləmi?

Amma çox da uzaq olmayan keçmişdə AZTV-də müxalifətin siması ara-sıra da olsa görünürdü. Düzdür, mitinqlərlə bağlı xəbərlər təxminən eyni cür qurulurdu: «Dağıdıcı müxalifətin aksiyası baş tutmadı, mitinqə beş-on adam gəlmişdi və sairə».

Seçkidən seçkiyə, beş-on dəqiqəlik də olsa, müxalifət liderləri canlı efirdə hakimiyyəti tənqid edir, seçicilərinə müraciət edirdilər. İndisə müxalifət liderlərinin axırıncı dəfə nə zaman dövlət televiziyasının efirində danışdığını yada
İsa Qəmbər
salmaq çox çətindir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər:

«Dövlət televiziyasında seçki təbliğatının olmaması absurddur!.. Bütün verilişlərdə, hətta futbol reportajlarında da hakimiyyəti təbliğ edən televiziyada seçki təbliğatına yer ayrılmaması absurddur. Bu məsələni həll etmək lazımdır».

Elə buna görə də ATƏT-in Bakı Bürosu hökumətə tövsiyə edir ki, siyasətinə və qanunlara dəyişiklik etsin. Dövlət televiziyasında iqtidarla yanaşı, müxalifətə də yer ayırsın. Müxalifətin də parlament seçkiləri ərəfəsində aparacağı kampaniya bu efirdən işıqlandırılsın. Bir də təkcə seçki təbliğatı dönəmi yox, elə seçkilərdən sonra da siyasi proseslər işıqlandırılsın.

Amma bundan ötrü Seçki Məcəlləsinin 77.1 maddəsinə dəyişiklik edilməlidir.

AZTV-NİN MÜNASİBƏTİ

Seçkiyə üç ay qalmış məcəlləyə dəyişiklik mümkündürmü? Bu haqda az sonra. Bəs AZTV rəhbərliyi bu təklifi necə qəbul edir? Qurumun mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bu yöndəki suallarımızı cavablandırmaq, rəhbərliklə məsləhətləşmək üçün vaxt istədi. Məsləhətləşmədən sonra isə bildirdi ki, biz AZTV olaraq bu məsələlərə münasibət bildirmirik.

NUŞİRƏVAN MƏHƏRRƏMLİ: «GECDİR!»

Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli isə münasibəti belə oldu:

Anar Məmmədli
«Gecdir! Bu məsələ vaxtında gərək qaldırılaydı. Həll olunacaqdısa. Seçkinin başlanmasına az qalır. Seçki Məcəlləsinə dəyişiklik mümkün olan şey deyil. Real təklif deyil. Qanunu dəyişmək elə asan məsələ deyil və onu dəyişmək uzun müddət tələb edir».

ANAR MƏMMƏDLİ: «AZTV İTV-YƏ BİRLƏŞDİRİLSİN»

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə görə, başlıcası istəyin olmasıdır. Seçki təbliğatına təxminən ay yarım vaxt qalır və bu müddətdən səmərəli istifadə edib qanuna dəyişiklik etmək olar. Bir də ki, ATƏT dəfələrlə bu məsələni qaldırıb, sadəcə, hakimiyyət ona əhəmiyyət verməyib:

«2008-ci ilin oktyabr seçkilərindən sonra da ATƏT-in yekun hesabatında da bu qədər konkret olmasa da, bu səpkidə tövsiyələr irəli sürülmüşdü. Bu yaxınlarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiqabağı vəziyyətə dair hesabatında buna dair təklif vardı. Nəhayət, sonuncu tədbirdə bu tövsiyə verildi».

Anar Məmmədlinin qənaətincə, ATƏT də fərqindədir ki, indiyədək səslənən bu tövsiyələr budəfəki parlament seçkilərində də nəzərə alınmayacaq. Sadəcə, ATƏT öz mandatına uyğun olaraq tövsiyələrini verir.

Tahir Məmmədli
Bir tövsiyəni də Anar Məmmədli verir. ATƏT-in monitorinqinə görə, efirin 94 faizini hakimiyyəti təbliğ edən AZTV ya bağlanmalıdır, ya da ikinci ictimai televiziyaya çevrilməlidir.

İCTİMAİ TV YADDAN ÇIXMASIN

ATƏT isə İctimai Televiziyanı da yaddan çıxarmayıb. Qurum tövsiyə edir ki, İctimai Televiziyada bütün partiyalara yer verilməli, üstəlik də ödənişsiz təbliğat vaxtı üç saatdan yuxarı olmalıdır. Həmin vaxtın üçdə biri debatlara ayrılmalı, yerdə qalanını isə partiyalar istədikləri kimi bölüşdürməlidirlər.

İTV-nin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədli deyir ki, bu haqda onlar təkbaşına qərar verə bilməzlər:

«Hər seçki öncəsi MSK rəhbərliyi ilə media qurumlarının və seçkidə iştirak edənlərin toplantısı keçirilir. Burda bir sıra məsələlərlə yanaşı, İctimai Televiziyada yayım məsələsi də müzakirə edilir. Həm pulsuz və pullu efir vaxtı, onun yayım müddəti və s. orda müəyyənləşdirilir. Bu dəfə də baxılanda masada nə qərar verilsə, biz icraçı kimi yerinə yetirəcəyik».

Anar Məmmədli İTV-dən gələn bu cavabı İTV-nin müstəqil olmaması ilə izah edir:

Nuşirəvan Məhərrəmli
«Yəni əslində hakimiyyət siyasətinə korrektələr etməli, rəqiblərinə dözümlü yanaşmalıdır. Bu baş verməsə, İTV-də dönüş gözləmirəm».

NUŞİRƏVAN MƏHƏRRƏMLİ: «TELEKANALLARIN YARADICILIĞINA QARIŞMIRIQ»

Nuşirəvan Məhərrəmli deyir ki, onun başçılıq etdiyi qurum televiziyaların yaradıcılıq işinə, qiymət məsələsinə və ya kimə nə qədər vaxt ayırmasına qarışmır.

Yeri düşmüşkən, tövsiyələrdən biri də MTRŞ ilə bağlıdır. Bu quruma tövsiyə edilir ki, seçkilərlə bağlı televiziya və radioların monitorinqini aparsın. Cənab Məhərrəmlinin cavabı isə budur ki, Şura başqalarının tövsiyələri ilə işləmir:

«Amma Şura ümumi monitorinq aparır. Seçkiylə bağlı monitorinq aparmır. Amma zərurət olarsa, MSK bizə müraciət edərsə apara bilərik. Biz monitorinq aparmaq üçün köməyimizi əsirgəməyəcəyik…»

MSK NƏ QƏRAR VERƏCƏK

MSK-nın mətbuat katibi Azər Sarıyev deyir ki, bu haqda qərarı qurumun rəhbəri verə bilər, o heç nə deyə bilməz.

Hər halda, görünən budur ki, deyəsən, bu dəfə də müxalifət dövlət televiziyasında gözə dəyməyəcək, ictimai televiziyaya isə saniyəölçənlə çıxacaq…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG