Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:05

Qəbiristanlığın sükutu pozuldu


7-ci mikrorayondakı qəbiristanlıq
7-ci mikrorayondakı qəbiristanlıq
Avqustun 26-da Binəqədi rayon 7-ci mikrorayondakı qəbiristanlığın sükutu pozulub. Neçə gündür söhbəti gedən köçürülmə başlayıb.

Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, metropolitenin depo xətti ərazidən keçəcək, köçürülmə də bununla bağlıdır. İcra hakimiyyətinin nümayəndəsi Mehdi Mehdiyev deyir ki, ancaq layihəyə düşən qəbirlər köçürüləcək:

«Bunun üçün Sulutəpə qəsəbəsində yer ayrılıb. Bərpa xərclərini də dövlət ödəyir».

KÖÇÜRÜLMƏ İLƏ BAĞLI ƏVVƏLDƏN DEMƏYİBLƏR

Yaxınları burda dəfn olunmuş adamlar deyirlər ki, köçürülmə ilə bağlı əvvəlcədən onlara məlumat da verməyiblər. Atasının məzarı başında var-gəl edən Pənah Bağırov deyir ki, köçürülmə xəbəri ona çox pis təsir edib:

«Mən buna çox pis baxıram. Mən eşidib gəlmişəm, elə adamlar var ki, heç xəbərləri də yoxdur».

Dilbər Əliyeva da eşitdiyi xəbərdən sarsıldığını deyir:

KİM İSTƏYƏR ÖLÜSÜ GORBAGOR OLSUN?


Təxminən 240 qəbir köçürüləcək
«Bu çox pis hadisədir. Kim istəyər ki, ölüsü gorbagor olsun».

Qönçə Allahyarovanın isə burada bir neçə yaxını dəfn olunub:

«Atam 40 ildən çoxdur burda dəfn olunub. Anamın, qardaşımın, bibimin, hamısının qəbri burdadır. Təzədən bunu hara aparacağıq, necə olacaq. Gücümüz çatan qədər düzəltmişdik. İndi təzədən sök, dağıt. Eləsi var təzə ölüb, eləsi var, ancaq sümükləri qalıb, necə olacaq, bilmirəm».

Əhaliyə Vətəndaş Xidməti Trestinin böyük mühəndisi Tofiq Əhmədov deyir ki, köçürülmə xərclərini dövlət ödəyəcək, adamlara da artıq məlumat verilir:

240 QƏBİR KÖÇÜRÜLƏCƏK


«Metro deposu layihəyə görə bura düşüb. Təxminən 240 qəbir köçürüləcək. Aralarında xristian da var, müsəlman da. Biz hamısını Sulutəpəyə köçürəcəyik. Hamının da ailəsinə zəng vurub məlumat veririk. Ailə üzvlərinin iştirakı ilə köçürürük».

Köçürülmə vaxtı ölü sahibləri ilə Əhaliyə Vətəndaş Xidməti Trestinin əməkdaşları arasında mübahisə də düşdü:

Köçürülmə xərclərini dövlət ödəyəcək
«Bəs, Binəqədi icra hakimiyyəti söz vermişdi ki, hər şey qaydalara uyğun olacaq. Burda heç nə qaydaya cavab vermir, belə müsəlmançılıq olar?»

KƏFƏNDƏ, YOXSA TABUTDA?

Məlum oldu ki, ölü sahibləri köçürülmənin kəfəndə yox, tabutda aparılmasını tələb edirlər.

Köçürülmədə polis və dezinfeksiya idarəsinin əməkdaşları da iştirak edirdi.

Əhaliyə Vətəndaş Xidməti Trestinin böyük mühəndisi Tofiq Əhmədovun verdiyi məlumata görə, bu qəbirlərin köçürülməsi mürəkkəb proses olduğundan təxminən 2-3 ay çəkəcək. Avqustun 26-da 11 qəbir köçürülüb.

Bundan əvvəl isə yol genişləndirilməsi ilə bağlı Bakıdakı Bibiheybət qəbiristanlığının bir hissəsi və Nərimanov rayonundakı xristian qəbiristanlığı köçürülüb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bu qəbiristanlığın köçürülməsilə bağlı baş nazir Artur Rasi-zadəyə müraciət ünvanlayıb. Millət vəkilinin fikrincə, qəbiristanlığın köçürülməsinə yol vermək olmaz, Bakı Metropoliteni üçün başqa bir ərazidə də depo inşa edilə bilər.
XS
SM
MD
LG