Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:52
Ədəbi tənqidçi Əsəd Cahangir bu yazısı ilə gənc yazar Aqşin Yeniseyin "Göləqarğısancan" romanının Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.

Romanın müzakirəsində növbəti yazılar Kənan Hacı Nərmin Kamaldan gələcək.




Əsəd CAHANGİR


SÖZƏQƏLƏMSANCAN

Aqşin Yeniseyin “Ən yeni ədəbiyyat” seriyasından çıxan (Bakı, Qanun, 2009) “Göləqarğısancan” romanıyla bağlı fikirlərə keçməzdən öncə, konuya müxtəsər girişə lüzum görürəm.

Son iyirmi ildə yazarlarımızın nəsr çabalarında uğursuzluq uğuru üstələyir.

Narazılıq doğuran məsələlərdən biri də Aqşinin epiqonçuluğudur - o, ilk cümlədən sonuncuya qədər Həmid Herisçinin “Nekroloq”unu təqlid edir.

“Göləqarğısancan” müəllifinin birmənalı (və yəqin ki, yeganə!) uğuru canlı danışıq dili ifadələrindən ardıcıl və bacarıqla istifadəsindədir. Onun şirəsini minillik xalq dilindən alan satirik təhkiyəsi var.
Məncə, yaşlı yazarlarla bağlı bunun iki nədəni var:

birincisi, bu yazarların bir çoxunun roman yox, memuar yazan vaxtıdır.

Amma son iyirmi ildə ən yaxşı nəsr örnəklərini yazanlar yenə də yaşlı və orta nəslin təmsilçiləridir:

“Kef” (Sabir Əhmədli), “Ağ qoç, qara qoç” (Anar), “Ətirşah Masan” (Əkrəm Əylisli), “Azadlıq” (Afaq Məsud), “Yarımçıq əlyazma” (Kamal Abdulla), “İt qanı” (Kamil Əfsəroğlu), “Keçmiş döyüşçü və oğlan” (Aslan Quliyev) romanları, “Bayraqdar” (Elçin), “Qəmərlidən keçən qatar” (Azər Abdulla), “Rusiyadan gələn qardaş” (Aslan Quliyev) povestləri, “Yanvar hekayələri” (Sabir Əhmədli), “Vahimə”, “Qırmızı limuzin” (Anar), “Sarı gəlin”, “Qarabağ şikəstəsi” (Elçin), “Susuz gölün sonası”, (Məmməd Oruc), “S.V.A.C.O.” (Afaq Məsud), “Gül yağışı” (Azər Abdulla), “Burulğan” (Kamil Əfsəroğlu), “Qarabağ dərdi” (Eyvaz Zeynalov) hekayələri və s.;

ikincisi, antisovet ruhlu bu yazıçıların bir çoxu sovet rejiminin çöküşüylə yaradıcılıq böhranına uğradı.

Zaman ansızın döndü, yeni düşüncə ölçülərinə uyğunlaşmaq isə yaşla bağlı artıq elə də asan deyildi.

Amma bu fikir yuxarıda adı keçənlərin hamısına nəinki aid deyil, son iyirmi il onların bir çoxunun yaradıcılıq həyatına hətta aktivləşmə dönəmi kimi daxil oldu.
Birbaşa konumuz olmadığından bu haqda incəliklərə varmaq istəmirik.

Yaxşı, bəs bu cavanlara nə olub? Onlar imperiya dağıntıları altından baş qaldıran otlara bənzəyir.

Görünür, təkcə günü gündən gözəlləşən Bakının deyil, estetik dünyamızın da təmirə ehtiyacı var, təkcə qədim paytaxtımzın küçələri arasında yox, həm də milli ədəbiyyatımızla ən yeni dünya bədii fikri arasında da körpülər salmaq zərurətiylə üz-üzəyik.

Özgürlük dönəmində, özəlliklə də son on ildə buna qədərincə çabalar göstərilb, müəyyən sonuclara varılıb da, amma genəl durum ən yaxşı halda həvəskarlıqdan o yana keçmir.

Bir çox istisnaları (Yaşar, Fəxri Uğurlu, Balaxan, İlqar Fəhmi, Şərif Ağayar, Elxan Qaraqan) çıxsaq, cavanların böyük qisminin (Rasim Qaraca, Pərviz, Seymur Baycan, Əli Əkbər, Sabutay, Nərmin Kamal, Qan Turalı, Orxan Eyp və s.) sözün ciddi anlamında nəinki spesifik nasir istedadı, hətta nəsr texnolojisinə kustar bələdliyi belə yoxdur.

Və söz Aqşinə gələndə bu da sonuc - “Göləqarğısancan”!

Aqşin yazmağa şair kimi başlayıb, iki şeir kitabı çıxıb və özünü təsdiqləməyə ağıllı-başlı macal tapmamış dəbə uyğun olaraq nəsrə keçir.

Etiraz edənlər ola bilər ki, niyə bəs onun ədəbi yaşıdlarından olan və eyni janrdəyişmə yolu keçən İ.Fəhmi və ya Ş.Ağayara yanaşmamız bir başqadır?

Ona görə ki, hər şeyi nəticə deyir və biz, sadəcə, faktları konstatasiya edirik.

İ.Fəhminin “Aktrisa” və “Akvarium” romanları yetərlidir ki, onun adını həvəskarlar “pleyadası” siyahısına yazmayasan. Ş.Ağayara gəlincə, onun hələ on il öncəki şeirlərində də nasir potensialı görür, şeirlərinə isə nəsrə gedən yol kimi baxırdıq.

Zaman yanılmadığımızı üzə çıxardı.

Onun Milli Kitab Mükafatı yarışmasında onluğa daxil olan “Kərpickəsən kişinin dastanı” povesti öz müəllifinin təkcə minillik bədii düşüncəmizlə (N.Gəncəvi) dialoq çabası yox, həm də romançı gələcəyindən xəbər verir.

Bunun tam əksinə, Aqşin öz “roman”ında da şeir yazmaqda davam edir.

Biz bu qarşılaşdırmalarda nə şeiri nəsrə, nə də nəsri şeirə tərcih eləmir, bunlardan birini digərindən üstün tutmuruq. Çünki üstün tutulası bircə janr var – istedadla yazılan!

Bəs, Aqşin öz romanını hansı “janrda” yazlb?

***

“Göləqarğısancan”ın fabulasında Dağbasan kəndində doğulan Əlinin ömür yolu durur.

O, yeniyetmə yaşında doğma xalasıyla günəbaxanlıqda tutulduğuna görə kənddən qovulur, şəhərə gəlir, avara yazı-pozu adamlarına qoşulur, uğursuz reket jurnalistliyi ilə məşğul olur, sonra kəndə qayıdır, ailə qurur, maddi çətinlik üzündən murdar olmuş heyvan cəmdəklərini restoranlara, kafelərə satmaqla başını girləyir, Leş Əli ayaması qazanır.

Qocalığında gözləri tutulan Əlinin “sənətini” indi oğlu davam etdirir. Süjet bu olaylara söykənir.

Mozaik səciyyəli “Göləqarğısancan”da hansısa konkret mövzu-problematikanın qoyuluşundan danışmaq çətindir.

Bu, elə bir İsveç masasına bənzəyir ki, müəllif milli sorunlar (avamlıq, dini mövhumat və xurafat, elm, səhiyyə, təhsil və maddi həyat durumunun acınacaqlı səviyyəsi, ailə-uşaq sorunları, qadın hüquqsuzluğu, zoofiliya, insest, ədəbi oyunbazlıq, siyasi populizm, mətbuatdakı möhtəkirlik və s.) stolunun bu başından vurub o başından çıxır və hər şeydən bir dişləm alır.

İlf və Petrovun özünü “qrossmeyster” kimi təqdim edən boynuşərfli qəhrəmanı yada düşür.

O, oyun gedən müxtəlif şahmat masalarına yaxınlaşaraq bircə an da düşünmədən öz “dahiyanə” gedişlərini edir və azca keçən kimi şoka düşüb ayağa qalxan rəqiblərin bir-birinin ardınca gah bu, gah digər stoldan heyrət nidaları ucalır: mat! mat! mat! mat!

Heyrətlənməyib də neyləsinlər, zarafat deyil, onlar “qrossmeysteri” mat ediblər, özü də bircə gedişə! Aqşin at gedişləriylə toxunduğu dürlü sorunların bədii çözümünü verə bilmir və sonucda onların qarşısında mat qalır.

Bu sorunları şərq durğunluğu və cəhalətindən – “qamışlıqdan” çıxmaq problemində ortaq məxrəcə gətirmək olar.

“Göləqarğısancan”ın metodunu təyin etmək isə elə də qolay deyil, çünki müəllifin sözügedən konuda təsəvvürü hələ biçimlənməyib, özünün də dediyi kimi, “ağlına və ağzına gələni” yazır.

Realistik səhnələrin bəsdi deyincə bolluğuna rəğmən, Aqşinin nə kəndi, nə də şəhəri tanıdığımız məkanlar deyil.

Nədən ki qara yumor gerçəklik ölçülərini aşır, bəzən hiperbolik, bəzən parabolik hədlərə çatır və “Göləqarğısancan”ı tipik realist düşüncə sınırları dışına çıxarır: “... xalq öz geyimində daha çox qara rəngə üstünlük verdiyindən geyim dükanlarında qaradan başqa rəngə rast gəlmək ağ milçək görmək qədər müşkil iş idi” deyən Aqşin öz “qara kitab”ıyla millətinin yavrusu olduğunu göstərir.

Onun roman-dükanında iynənin ucu boyda belə işıqlı söz yoxdur.

C.Patrikin “Qəribə missis Sevic”ində “psixuşka”dakı personajlardan biri olan Missis Peddinin bütün pyes boyu tutuquşu kimi təkrarladığı sözlər yada düşür: “Hər şeydən zəhləm gedir, duzqabından, metrodan, xardaldan, polisdən, elektrikdən, stəkandan, qağıdalıdan...”.

Vur, Memetim, vur, kolay gəlsin, hər şey və hamı kötüymüş, aşqa-aşqa missis Peddiylə mister Yeniseydən başqa!

Aradabir modernistik priyomlara üz tutulması da (məsələn, təhkiyəçinin Leş Əlinin ölümüylə bağlı qəzet məqaləsini oxuya-oxuya paralel olaraq “Məlikməmmədin nağılı”nı “şərh etdiyi” parça) heç nəyi çözmür.

Bircə qalır - postmodernizm!

Bəli, Aqşin qələmini sözə postmodernistcəsinə sancmaq istəyir.

Bu, hər şeydən öncə, müəllfin öz sevimsiz qəhrəmanı Leş Əlini postmodernist neytralitet mövqeyindən təqdimat çabasında üzə çıxır:

“Leş Əli allahla şeytanın, xeyirlə şərin, hallala haramın əbədi davam edən didişməsindən təngə gəlib, yaxasını sonu görünməyən bu müqəddəs boğuşmalardan qırağa çəkən, iki dalaşan ilahi məxluğu öz öhdələrinə buraxıb, bu müqəddəs qırğına şəriklik etmək istəməyən bezgin müsəlmanlardan biri idi...

Onun üçün artıq həqiqətlə yalanın, oğruyla ev yiyəsinin heç bir fərqi yox idi.

Əbədi olan və olmaq istəyən hər şey onda dilxorluq, qanıqaralıq yaradırdı.” Lakin bu təqdimat nəzəri tezisdən o yana keçmir, eləcə çaba olaraq qalır.

Nədən ki, “postmodernist” qəhrəmanından fərqli, müəllif postmodernist neytralitetdə dura bilmir, ikibaşlı mövqe sərgiləmək istəsə də, bu, onda lazımı səviyyədə alınmır, hətta əksərən qatı tendensiyalılıq nümayişində bulunur.

Müəllif mövqeyi açıq-aşkar görünür demək burda hətta azdır, az qala bütün kitab çılpaq, birbaşa, diktor mətniylə oxunan müəllif mövqeyindən ibarətdir.

Çünki romanda qarşı duran tərəflər, onları hərəkətə gətirən konfliktoloji mexanizm, daxili hərəkətverici qüvvə - generator yoxdur.

Nəticədə müəllif öz roman-maşınını daldan itələməklə hərəkətə gətirmək zorunda qalır, amma ha gücənsə də, ta finalacan mühərrik işə düşmür ki, düşmür.

Çünki romanın strukturoloji nüvəsi ölüdür.

Onu qəhrəmanın adına uyğun leş-roman da adlandırmaq olar. Bu leşi sürümək isə özəlliklə də finala doğru cəhənnəm əzabına çevrilir.

Oxucu intizarda qalmır, nəyinsə çözümünü gözləmir. Və hər şeydən əlini üzən fağır sonucda bircə şeyin intizarını çəkir – görəsən, bu əzabdan yaxam nə vaxt qurtaracaq?!

Daxili dinamikadan məhrumluq bir amili önə çıxarır - dilotu yeyibmiş kimi dil boğaza qoymayan müəllif diktaturası!

Bir qədər aşağıdakı sitatdan da görəcəyiniz kimi, müəllifin diktatorluğa meyli olsun ki, kənddə qoyun-quzu üzərindəki ibtidai diktatura məşqlərində formalaşıb.

O, əlinə iri bir çomaq alır, dopinq atmış adamlara məxsus süni bir aktivliklə olayların da, obrazların da başına ip salıb istədiyi yerə sürüyür, acı bağırsaq kimi uzandıqca uzanan, daxili bağlılığı olmayan hadisələr silsiləsini bir-birinə yamayır, güldən gülə qonan kəpənək kimi hadisədən hadisəyə keçir.

Cüzi istisnaları çıxmaqla olaylar göstərmə yox, nəqletmə yoluyla təsvir olunur.

Və paradoksal sonuc: müəllfin şərq zehniyyətinə bütün patoloji nifrətinə rəğmən şərq əhvalatbazlığı qərb nəsr texnolojisinin, nağılçılıq romançılığın daşını daş üstündə qoymur. “Göləqarğısancan” müasir folklor nümunəsidir.

Və təkcə elə bu amil Aqşinin ilk roman (xüsusən də postmodernistik roman!) çabasını gurultulu uğursuzluğa düçar edir, hətta roman terminini belə istisna edir.

Onu romandan daha çox satirik nağıllar, yaxud felyetonlar toplusu adlandırmaq olar.

Məncə, müəllif “Göləqarğısancan”ı nəsr məşqi kimi sandıqda saxlayıb məşhur romançı olandan sonra üzə çıxarsa, daha ağıllı iş görərdi. Onda buna heç olmasa cavanlığın xoş səhvi kimi baxmaq olardı.

Bir sıra digər amillər də “Göləqarğısancan”ı postmodernist estetika ölçüləri (yaxud ölçüsüzlüyü) ilə yorumlamağa dəstək verir: xaotiklik, fraqmentarlıq, ironiya və dekonstruksiya çabaları (məsələn, Leş Əli şiələrin müqəddəsləşdirdiyi İmam Əlinin, ümumən hər cür qutsallığın dekonstruktiv variantıdır), ana süjetin yardımçı əhvalat-pritçalarla kəsilməsi (“Allah” deyə nərildəyən zoopark şiri haqqında əhvalat), “elmi-fəlsəfi” və publisistik düşüncəylə bədiiliyin simbiozu (ər-arvad, qadın-kişi münasibətləri, “Hamlet” faciəsi, “Məlikməmmədin nağılı”, məcnunluq fəlsəfəsi, dindar və möminin müqayisəsi, aşıq sənəti və muğamata aid fikirlər və s.).

Amma nəzəri hazırlığı olmadığından bunlar müəllfin romançı ustalığı yox, naşılığının göstəricisinə çevrilir.

Aqşin ən ciddi məsələlər barədə bir qayda olaraq bayağı sonuclara varır. Bu nədir?

Postmodern estetika üçün səciyyəvi olan ikili kodlaşdırma, fikri həm elita, həm də kütləyə hesablamaq? Müəllifə qalsa, hə!

Doğrudan da, bu bayağılıq bəzən hədəfə dəyir, gözlənilən ikibaşlı ironiya effekti verir.

Məsələn, “Qoyun otarmaq... kənd uşaqlarında hələ körpəlikdən liderlik bacarığının yaranmasına və inkişafına kömək edir...

Onlar sənətə gəldikdə öz oxucuları və tamaşaçılarını, siyasətə gəldikdə isə bütöv bir xalqı “otarmağı” bacarırlar”.

Amma elə ki söhbət qoyunçuluq dışına çıxır, intellekt tələb edən konular çevrəsinə keçir, Aqşinin piyadalığı dərhal özünü büruzə verir, ikibaşlılığın bircə başı qalır – eləcə dayazlıq! “Göləqarğısancan”ın ən zəif cəhətlərindən biri müəllfin onu bıkdırıcı mülahizələr sandıqçasına çevirməsidir.

Bir misal: “... Hamletə bir neçə dəfə baxmışam və hər dəfə də... hiss etmişəm ki, Hamlet sanki ... başından bir tükün belə əskik olmayacağına Şekspirdən zəmanət alıb. Zəmanət alıb ki, xəyanətkar ana və tamahkar əmi ona çırtma da vura bilməyəcəklər.

Kimi istəyir söysün, döysün, öldürsün. Bu cür zəmanətdən sonra Hamlet olmağın harası “Olüm, ölüm”lükdür?”.

Aqşin qərbə şərqlinin gözüylə baxır, Danimarkanı (yaxud İngiltərəni) İranla dəyişik salır.

Konkret “Hamlet”ə gəlincə, Klavdi öz qardaşını öldürüb hakimiyyətə qanunsuz yiyələnmişdi. Heç kəs üzə vurmasa da, sarayda hamı bunu bilir, amma nəyisə mülahizə edib hələlik susurdu.

Bu tufanqabağı sakitlikdə kral özünü minalanmış sahədə gəzən adam kimi hiss edirdi. Bundan başqa qara camaat xalqın mənafeyini düşünən prinsi çox sevir, ona yeganə ümid yeri kimi baxırdı.

Hamletin açıq-aşkar qətli gizli narazılığın üzə çıxmasına təkan verər, partlayış effekti doğura bilərdi. Kralın övladı yoxuydu və əgər Hamlet özünü “ağıllı” aparsaydı, əmi vəliəhdə “mehriban ata” olmağa hazırıydı.

O, professional qatil deyildi, şeytana uyub qardaşını öldürməsindən dolayı onsuz da vicdan əzabı çəkirdi.

Üstəlik də istəyinə çatan krala sorunu dərinləşdirmək yox, malalamaq lazımıydı.

Amma elə ki, Hamlet “cızığından” çıxdı, intiqam fikrinə düşdü, kralın kursu dəyişib prinsin ətrafında ölüm toru qurmaqdan başqa çarəsi qalmadı.

Qaradşı oğlunu vergi yığmaq adıyla İngiltərəyə ölümə göndərən kral onun sağ-salamat geri döndüyünü görüb ikinci tələyə əl atdı – atası Hamlet tətəfindən səhvən öldürülən, bacısı dəli olub ölən Laerti prinsə qarşı qızışdırdı, ölkənin bu iki ən mahir qılıncoynadanının “yarışını” təşkil etdi, Laertin qılıncına zəhər sürtdü, “yarışdan” qalib çıxacağı təqdirdə prinsə içirmək üçün zəhərli badə hazırladı...

Görəsən, Aqşin bütün bunları bir “çırtma” belə saymır? Əgər elədirsə, onun “Hamlet”i “po-bozbaşski” yorumlamasına bir çırtma!

Bu parçanın üstündə özəl olaraq durmağımızın bir nədəni də var: təkcə Aqşin yox, onun əksər yaşıdlarının məşhur olmaq, şok effekti doğurmaq, “yeni” və “ağıllı” görünmək üçün qutsal anlam və dəyərlərə uğursuz və gülünc hücum çabaları – Herostrat kompleksi! Şekspirə ilişməyindən, antik yunan miflərinə əksərən yersiz müraciətlərindən görünür ki, Aqşin öz herostratizmini “dünya meridianlarına” çıxarmaq istəyir.

Olsun, avtoritetlər qarşısında təzimi rədd edən postmodernist estetika buna qaildir.

Ancaq hansı miqyasda olursa-olsun dekonstruksiya öz müəllifindən bir şeyi tələb edir: qutsallıq haləsini çıxardığın predmeti dərindən bilmək və yalnız bundan sonra onu ələyib ələkdən keçirmək. Aqşinin yırtıq ələyindən yoğunqurşaq Danimarka kralı da keçər!

“Göləqarğısancan”ın postmodernizminə xələl gətirən daha bir fakt daxili və zahiri obrazyaratma məsələsiylə bağlıdır.

Xarakter və portret postmodern yox, daha çox realist nəsrə məxsus, boyat estetik anlayışlardır.

Aqşin Yenisey
Aqşinin məharəti isə ilk öncə məhz bu məsələlərdə üzə çıxır. O cəmi bir neçə ştrixlə obrazın yaddaqalan zahiri və daxili portretini yaradır və “Göləqarğısancan”ı yağlı (bəzən hətta ürək vuracaq qədər yağlı) boyalarla çəkilmiş portretlər qalereyasına çevirir.

Örnəklər: “Bu qara zırtıya ancaq Leş Əli deyəndə adını eşidən qoca köpək kimi bitişik qaşlarının bir ucunu qaldırıb adamın üzünə baxırdı...

Camış gözlərinə oxşayan... bulanıq gözləri hey sulanır, onu əbədi qripə yoluxmuş aciz xəstəyə bənzədirdi.

Alt çənəsinin üç-dörd dişi sarı metaldan düzəldilmişdi və bu metal dişlər də o biri dişlərə qoşulub dibdən çürümüşdü...

Üst damağında diş olmadığından bığı sallanıb ağzına təpilmişdi, elə bil ağzında həmişə bir çəngə qəzil gəzdirirdi”; yaxud, “Keyşəbədənin çox qəribə görkəmi vardı, nazik ayaqları yumru gövdəsinə elə bitişmişdi ki, elə bil iri İran kartofuna yan-yana iki kibrit çöpü sancmışdılar.

Şeir oxuyanda tez-tez əlini atıb saçlarını qabardırdı və bu zaman yad bir şey görüb pipiyini qabardan qoca tutuquşuya bənzəyirdi”.
Əvəzində romanda postmodernist nəsr üçün ən önəmli bir şey – situasiya yoxdur.

Nəticədə “Göləqarğısancan” Əlinin leşindən də olur, Vəlinin aşından da! Buna nə realizm, nə də postmodernizm demək olur.

Əgər arada modernistik priyoma da əl atıldığını göz önünə alsaq, yaradıcılıq metodu sorununu belə yekunlaşdırmaq olar – metodoloji mutasiya, kor atı minib köndələn çapmaq!

Metodoloji hərc-mərclik Aqşinin yaradıcılıq metodu anlayışının hələ biçimlənmədiyini göstərir və romanın uğursuzluğunda bu amilin rolu, məncə, az önəm daşımır.

Narazılıq doğuran məsələlərdən biri də Aqşinin epiqonçuluğudur - o, ilk cümlədən sonuncuya qədər Həmid Herisçinin “Nekroloq”unu təqlid edir.

Təqlidçilik ən genəl düşüncə tərzindən tutmuş dil-üslub özəlliklərinəcən “Göləqarğasancan”ın bütün məğzinə hopub. Bir misala baxaq: “Bakı küləyi mussonlar, brizlər, fon küləkləri kimi, sadəcə, hava axını, təbiət hadisəsi deyil.

O artıq təbiətdən qopraq şəhərləşib, bakılaşıb, küçələri, həyətləri dolaşan kabusa çevrilib, böyük bir şəhəri əbədi vahimədə saxlayan kabusa.

Son yüz ildə bu küləkdən gah soyuqqanlı kommunistlərin çəkdiyi acı “Prima” siqaretinin, gah qəzəbli islamçıların saqqallarına sürtdüyü yağlı gülabın, gah da romantik ruhlu azadlıq aşiqlərinin içdiyi tut arağının qoxusu gəlib.

Üzü üzlər görüb Bakı küləyinin”. Həmidin küləyinin qoxusunu duyursunuzmu?

Etiraz edə bilərsiniz ki, niyə bəs Çak Palanikin təsiriylə yazan Elxan Qaraqana da eyni cür yanaşmırıq?

Niyə birinə adət olan, o birinə bidət sayılır? Niyə Elxan(ım) sındıran qabın səsi çıxmır? Həmidanə çılğınlıqla desək, niyə! Niyə!! Niyə!!!

Çünki Elxanın amerikan yazıçısını təqlidi hardasa başadüşüləndir – o, naməlum yazıçıya təqlidən sözümüzə yenilik gətirir, bizi fərqli düçüncə və üslubla tanış edir.

Bəs, Herisçinin köhnə-küləşindən “second hand” mağazası açmaq nə üçündür?

Həmidin qatı təqlidçilərindən olan Orxan Eyp haqqında vaxtilə dediyim fikri təkrar etmək zorundayam – bir Həmid olan yerdə, ikinciyə, üçüncüyə nə hacət?
Amma əvəllcə küləyi gələn Herisçinin, nəhayət ki, özü də zühur edir. Aqşin Həmidin obrazını da (Keyşəbədə) yaradır və yuxarıdakı sitatdan da gördüyünüz kimi, onu tutuquşuya təşbeh edir.

Dəqiq müşahidədən doğan bənzətmənin zahiri parıltısına söz ola bilməz. Xub! Amma, görəsən, hansı daha pisdir - zahiri, yoxsa daxili bənzərlik, görkəm, yoxsa düşüncə tutuquşuluğu?

Nöqtə-vergülünəcən Həmidin tökdüklərini yığan və ağına-bozuna baxmadan təkrarlayan Aqşin, görəsən, bəs özünü nəyə təşbeh edir?

Həmidə belə yanaşma Aqşinin öz içindəki Herisçi xofundan qurtulmaq, onun etkisindən azad olmaq çabasının ifadəsi də ola bilər və əgər elədirsə, şagirdin öz ustadının üzünə ağ olması anlaşılandır - gec-tez hamı gəlib özünə çıxmalıdır.

Amma bu daxili prosesi açıq-saçıq formada zahirə çıxarmaq, sirri-nihanı aləmə faş eyləmək beləmi vacibdir?

Ümumən, Aqşinin təkcə Keyşəbədə yox, prototiplərini yaxşı tanıdığımız Gursəs (Yafəs Türksəs) və Çörək (Dalğa) kimi şair obrazlarına, eləcə də Cəlilabad şəhidlərinə təhqiramiz yanaşması bir xalq deyimini yada salır - kor atlanar, kəndini çapar!

Onu qəhrəmanın adına uyğun leş-roman da adlandırmaq olar. Bu leşi sürümək isə özəlliklə də finala doğru cəhənnəm əzabına çevrilir.

Oxucu intizarda qalmır, nəyinsə çözümünü gözləmir. Və hər şeydən əlini üzən fağır sonucda bircə şeyin intizarını çəkir – görəsən, bu əzabdan yaxam nə vaxt qurtaracaq?!
Aqşin istər söz kəndini, istərsə də öz kəndini çapır. Bu yanaşmanı romanın başlığına uyğun belə də adlandırmaq olar: sözəqələmsancan!

“Göləqarğısancan”da anlaşılmazlıq doğuran, təcrübəsizlikdən xəbər verən silsilə faktlarla üzləşirik - Aqşin bir qayda olaraq nəyisə unudur, nələrisə qarşıdırır. Məsələn, qəhrəmanın doğulduğu kəndin adı (Dağbasan), əgər yanılmıramsa, müəllfin yadına 56-cı səhifədə düşür və sonra bir də xatırlanmır.

Yaxud, Leş Əlinin ölümüylə bağlı qəzetdə yazı dərc olunur, amma müəlllfin kəraməti üzündən o, “dirilir” və dostlarını kəndə qonaq aparır.

Bu qəbil müəllif amneziyası çoxsaylı suallar doğurur, oxucunu naqolay duruma salır.

Nəhayət, gəlib çatırıq romanın finalına!

Romanın arxetipində Musa əleyhissəlam və Göləqarğısancan uşaq haqqında əfsanə durur. Kitab sözügedən əfsanəylə başlayıb onunla da bitir.

Şər fitridir və buna görə islaholunmazdır, Allah isə neylədiyini bizdən yaxşı bilir. Əfsanənin həqiqəti budur. Aqşin öz qəhrəmanını ilahi hökmlə kor edilən uşağa təşbeh edir.

Və burdan ən genəl qənaət doğur: aşınmış mənəvi-əxlaqi dəyərlərin təcəssümü olan Leş Əlinin islahı mümkünsüzdür. Hətta onun dünya işığına həsrət qalması da sorunu çözmür – ataların yolunu oğullar sürdürür, şər davam edir!

Əfsanənin ilahi-metafizik haləsini çıxarıb onu sosial-milli qata endirmək!

Və prosesin kəsilməzliyini göstərmək.

Yəhudi peyğəmbərinə Azərbaycan yazarının elədiyi “redaktələr” bunlardır. Amma burda qəhrəmanın xarakteri və müəllifin proqram səciyyəli fəlsəfi bəyanatıyla uyuşmayan iki məqam var.

Əvvəla, mağmın, kütbaş Əlini şeytan kimi diribaş göləqarğısancana təşbeh etmək özünü doğrultmur.

İkincisi isə başlanğıcda öz qəhrəmanını nə şər, nə də xeyrə tərəf çıxmayan, neytralitet təmsilçisi kimi təqdim edən müəllifdən fərqli olaraq, romanın finalı tam əks fikri diktə edir – sən demə, Leş Əli əbədi şərin daşıyıcılarından biriymiş!

Bu nədir, əskidən əski əfsanənin biranlamlı təsdiqi, yoxsa postmodern çözümü? Bizcə, heç biri! Bunun bir adı var - sözün baş-ayağını bir yerə yığa bilməmək!

Ən nəhayət, dil-üslub məsələləri haqqında! “Göləqarğısancan”ın sintaksisi bəzən H.Herisçinin “Nekroloq”undan gələn pintiliklə səciyyələnir.

Çoxmərtəbəli cümlənin axırına çıxanacan əvvəlki qatlardakını unudur, yenidən çıxış nöqtəsinə dönməli olursan.

Rus təhsilli şəhər uşağı olan Həmid Azərbaycan dilinin bədii ifadə imkanlarına qədərincə bələd olmaya bilər.

Bəs, görəsən, Aqşin niyə uşaqlıqdan yaddaşına hopan canlı sintaksisi bir kənara qoyub Həmidin ruscayla türkcənin hibridindən ibarət dilinə vurulub?

Amma sintaktik pintilik, məncə, redaktə hesabına aradan qaldırıla bilər (kitabın redaktoru Tahir Kazımlıdır), əsas sorun romanın dilindəki aşırı şairanəlik, ifrat metaforizmdədir.

Bu, indi nəinki nəsr, hətta şeirin özündə də biranlamlı qarşılanmır, bədii makiyaj təsiri bağışlayır. Gözəl qadına makiyaj lazım deyil, çirkini isə o, daha da eybəcərləşdirir.

“Göləqarğısancan” isə özəl gözəlliyi ilə seçilmir. Metaforizmə aşırı meyl Aqşinin şeirlə vidalaşıb qurtarmadığını göstərir.

Onun “ana dili” şeir olaraq qalır, buna görə də daxili dialoqunu, virtual nitqini hələ də şeirlə qurur, bütün daxili enerjisini poetik nitqin realizəsinə verir və... roman unudulur.

Hətta əksər cümlələrini misralara bölməklə romanı silsilə şeirlərə də çevirmək olar.

Aqşinin yasaqlanmış sözlərə, vulqarizmlərə aşırı meyli isə artıq utanc doğurur.

O, sərçəsindən tutmuş qazına, eşşəyindən atına, uşağından böyüyünə qədər hər şeyin və hər kəsin quyruğunun altına baxır, kitabın demək olar ki, hər səhifəsinə ekskrementoloji “naxışlar” vurur, bir sıra personajlar hətta nəcisə batıb ölür.

Və bütün bunlar onun postmodernizmini po...modernizmə, romanını isə unitaziyyat örnəyinə çevrilmək təhlükəsiylə üz-üzə qoyur.

Onun erotik-pornoqrafik təsvirləri də bayağılıq təəssüratı oyadır.

“Kişi təslim olanda əlini, qadın ayağını qaldırır”. Aqşinsayağı “mən və sən” fəlsəfəsinin zirvəsi budur!

Bu, nədir? Mənəvi düşkünlüyün, xəstə düşüncənin ifadəsi, yoxsa oxucu auditoriyası toplamaq vasitəsi? Hər nədirsə, məncə, təfəkkür sahibinə yaraşmayan bir şeydir.

Doğrudanmı, Aqşin elə güman edir ki, oxucular ictimai tualetlərdəki divar yazılarını qoyub, bu qəbil şeyləri oxumaqdan zövq ala bilər? Məncə, yanılır, belə ucuz vasitələrlə gözə kül üfürmək, kimisə şoka salmağın dönəmi keçib.

“Göləqarğısancan” müəllifinin birmənalı (və yəqin ki, yeganə!) uğuru canlı danışıq dili ifadələrindən ardıcıl və bacarıqla istifadəsindədir.

Onun şirəsini minillik xalq dilindən alan satirik təhkiyəsi var. Düzü, Aqşinin canlı dilə bu dərəcədə bələdliyini güman eləməzdim, çünki şeirlərində buna rast gəlməmişdim.

Təəssüf ki, gah ağır sintaksis və aşırı metaforizmlərlə yükləmək, gah da vulqarizmlərlə zibilləməklə, o öz dilini önəmli dərəcədə korlayır.

Sual edə bilərsiniz ki, bunca tənqiddən sonra “Göləqarğısancan”a özəl yazı həsr etmək nə gərək idi? Və bu, tamamilə yerində verilmiş bir sual olar.

İş bu ki, indi dərc olunan kitablar, özəlliklə də yeni nəsil yazarların böyük qisminin nəsr adıyla çıxardıqları bundan yaxşı durumda deyil.

Cüzi istisnaları çıxmaqla, bədii nəsr düşüncəsində hələ ki geriləmə gedir, istər estetik, istərsə də mənəvi yöndən.

“Göləqarğısancan”, ilk öncə, bu faktın təsdiqidir.

Nəsr adıyla dərc olunan bu maklatura örnəklərinin heç olmasa birini ələyib ələkdən keçirmək lazımdır ki, eyforik özünəvurğunluq aşkar olsun, kimsə nəsə bir mətləb hasil eləsin.

Mənə gəlincə, “Göləqarğısancan”dan bir mətləbi qandım. Ən yeni ədəbiyyat Aqşinin karikatur obrazları yox, min illərlə yaşı olan canlı insan və onun təbii ağrıları olan yerdədir.

O yerdə ki, insan qəlbinin sarı siminə toxunan heç nə yoxdur, orda sadəcə yazmaq xatirinə yazmaq və adını “ən yeni ədəbiyyat” qoymaq var.

Aqşinin 258 səhifəlik romanında mənə toxunan bircə cümlə oldu, onun öz atasının məzarı başında durub fikrindən keçirdiyi cümlə: “Ruhun şad olsu, ata!

Artıq qəbirdəsən, vətənin ən təhlükəsiz yerində”.

Bu iki səhifəlik məqalədə isə, olsun ki, Aqşinə toxunan çox şeylər olacaq, amma harasına, bax, bunu bilmirəm...

Həmçinin oxu
Elnarə Tofiqqızı. Ədəbi dalğada «Göləqarğısancan»
Tehran Əlişanoğlu. Gölə qarğı sancan kimdir?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG